“Danışıqlar o qədər konspirativ və məxfi şəraitdə aparılır ki, onun bütün detalları üzə çıxmır. Ancaq belə görünür ki, Qərb Azərbaycanı özünün çətirinin altından buraxmaq fikrində deyil”. Bunu Modern.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O, Vilnüs sammitinin yekun bəyanatına münasibət bildirərkən qeyd edib ki, Azərbaycan gələcəkdə Avropa bazarlarında təkcə nefti ilə deyil, mavi qaz ehtiyatı ilə də hökmranlığı ələ ala bilmək imkanları rəsmi Bakını üzünü Qərbə tərəf çevirir. “Yəqin ki, Azərbaycan öz problemlərini anlada bilib ki, yekun bəyannamə imzalanıb. Azərbaycan hələlik Rusiyanı ürkütməmək üçün birdən-birə assosiativ üzvlüyə razı ola bilməzdi. Hələ Rusiya ilə də müəyyən məsələləri yerbəyer etmək lazımdır. Ondan sonra Azərbaycan yəqin ki, Qərblə assosiativ üzvlük məsələsini daha azad, sərbəst şəraitdə çözə bilər”.
Siyasi ekspert hesab edir ki, ortalıqda qeyri-müəyyənliklər də çoxdur. Onun sözlərinə görə, böyük diplomatik oyunlar getdiyindən dəqiq proqnozlar da vermək olmur. “Tərəflərdən hər biri özünün geostrateji maraqlarını reallaşdırmaq üçün daha əlverişli meydan axtarır. Bu nöqteyi-nəzərdən Azərbaycan Qərblə dərin münasibətlərə getməyəcək”, – deyə Q. Hüseynli söyləyib. Politoloqun fikrincə, Azərbaycanla assosiativ üzvlük məsələsi hələ ki, həll edilməyəcək. Qərblə Azərbaycan arasında enerji məsələləri prioritet təşkil etsə də, Rusiya ilə müəyyən danışıqlar da aparılacaq. “Rusiya Azərbaycanın ərazi bütövlüyünə dəstək vermədiyi üçün rəsmi Bakı üçün kommersiya və Qərbin dəstəyi daha əhəmiyyətli olacaq”.
Q. Hüseynli vurğulayıb ki, tərəflər arasında mövqe oyunları və döyüşləri gedir. “Zənnimcə, Qərb Rusiyanı tamamilə küncə sıxışdıra biləcək. Amma indiki şəraitdə Rusiya güclü görünür. Çünki ABŞ bu proseslərdə o qədər də fəal iştirak etmir”.
Qeyd edək ki, bu gün Şərq Tərəfdaşlığı III Sammitinin bəyannaməsi qəbul olunub. Birgə bəyannamədə bildirilir ki, əsas diqqət müvafiq ölkələrlə assosiasiya sazişinin həyata keçirilməsinə yönəldiləcək. Bundan başqa enerji təhlükəsizliyi qarşılıqlı olaraq gücləndirilməsi və qarşılıqlı enerji əlaqələri yenidən təşkil olunması, Şərq Tərəfdaşları ölkələrinin tədricən Avropa İttifaqının enerji bazarına inteqrasiyasının perspektivləri vurğulanır.
Aqşin Kərimov