Noyabrın 29-da Daxili İşlər Nazirliyində «Şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin vəziyyəti"nə və «Daxili işlər orqanlarında xidmətə namizədlərin seçilməsi, yerləşdirilməsi, gənc əməkdaşların irəli çəkilməsi və peşə hazırlığının təşkili"nə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.
DİN mətbuat xidmətindən Modern.az-a bildirilib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Kollegiya iclasını açaraq gündəlikdəki məsələlər barədə məlumat verib, insan hüquq və azadlıqlarının qorunmasının, vətəndaşların müraciətlərinə baxılmasının və qəbulunun xidməti fəaliyyətin qiymətləndirilməsində başlıca meyarlardan biri olduğunu bildirib.
DİN Katibliyinin rəisi, polis general-mayoru Nüsrət Şirinov çıxış edərək deyib ki, 2012-ci ildə daxil olmuş şikayətlərin sayı əvvəlki illə müqayisədə 2,5 dəfə, o cümlədən polis əməkdaşları barədə olanlar 26%, habelə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına edilən analoji şikayətlər 19%, İnsan Hüquqları üzrə Müvəkkilə ünvanlanmış müraciətlər 2 dəfə azalıb.
İşin təkmilləşdirilməsi sahəsində görülmüş tədbirlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə təhqiqat qurumları üzrə şikayətlərin sayında 2 dəfəyə yaxın azalma qeydə alınıb. Son iki il yarım ərzində daxili işlər orqanlarına 880 minə yaxın müraciət daxil olub ki, onların da 69,5%-ni ərizələr, 30,3%-ni şikayətlər təşkil edib.
İnsan hüquqlarının qorunmasında mühüm vasitələrdən olan vətəndaşların qəbulu işi də diqqət mərkəzində saxlanılıb. Son 2 il 9 ayda təkcə daxili işlər naziri tərəfindən Nazirlikdə və respublikanın bütün rayonları əhatə olunmaqla 820 vətəndaş qəbul edilib. Bütövlükdə qeyd olunan müddətdə daxili işlər orqanları üzrə 121.765, o cümlədən Nazirliyin Aparatında 10.304, ərazi polis orqanlarında 111.461 vətəndaş qəbul edilib.
Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev deyib ki, 2011-ci ildən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanlarının, DİN-in Müsabiqə Komissiyasının müsahibələrinin nəticələri üzrə 213 ali hüquq və pedaqoji təhsilli şəxs, həmçinin, 75 vətəndaş mütəxəssis qismində tam aşkarlıq və şəffaflıq şəraitində xidmətə qəbul olunaraq orta rəis heyəti vəzifələrinə təyin edilib. Sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət edən 16 əməkdaş test imtahanları verməklə, 66 əməkdaş mütəxəssis kimi orta rəis heyəti vəzifələrinə irəli çəkilib. DİN-in Polis Akademiyasının məzunları, eləcə də sonuncu kurslarda təhsil alan sıravi və kiçik rəis heyətindən olan əməkdaşların sırasından 487 nəfər orta rəis heyəti vəzifələrinə təyin edilib.
2011-2013-cü illərdə DİN-in Polis Akademiyasına 3472 namizəddən qabiliyyət imtahanlarını müvəffəqiyyətlə vermiş və Nazirliyin Seçim Komissiyasının müsbət rəyini almış 1544 (44,5%) orta məktəb məzunu qəbul imtahanlarında iştirak etmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilmişdir. Test imtahanlarında daha yüksək bal toplamış 385 gənc Polis Akademiyasına qəbul olub.
Görülən bu və digər tədbirlər nəticəsində şəxsi heyətin sıralarında gənc kadrların xüsusi cəkisi artaraq 58%, o cümlədən zabitlər içində 35,4%, sıravi və kicik rəis heyəti üzrə 68% təşkil edib. Sıravi və kiçik rəis heyəti sıralarında ali təhsillilər 18,4%, orta və böyük rəis heyəti üzrə 92% təşkil edib. Son 3 ildə 1907 əməkdaş xarici dövlətlərdə və beynəlxalq təşkilatların respublikada keçirdikləri təlimlərdə iştirak edib.
İclasa yekun vuran daxili işlər naziri Ramil Usubov müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu bildirərək qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.
O, xüsusilə vurğulamışdır ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinə nəzarəti həyata keçirən komissiyaların fəaliyyəti canlandırılmalı, görülən işlər mütəmadi öyrənilməli, mərkəzi icra hakimiyyəti orqanlarından daxil olan, habelə təkrar müraciətlərin səbəbləri diqqətlə araşdırılmalı, əməliyyat müşavirələrində müzakirə edilməklə prinsipial qiymət verilməlidir.
Modern.az