Ukranyadakı etirazlar Azərbaycanda anti-Avrasiya İttifaqı məsələsində president olmalıdır
Dövlət nə qədər güclü olsa da, böyük və ən güclülərin siyasəti, maraqları qarşısında bəzən aciz duruma da düşür. O zaman toplumun dəstəyi elə möhtəşəm bir dalğaya çevrilir ki, təslimçi, milli mənafeyə zidd sazişlər hazırlayan geopolitik qüvvələr hökmlü tona təkrar cürət etmir...Azərbaycanla Ukranyanın strateji seçim məsələsində imtahan verdiyi vaxtlardır. Vilnüs sammiti hər iki ölkə üçün hansı səmtə getmək tərəddüdünü aradan qaldırmadı. Kiyevdəki aksiyalar prezident Viktor Yanukoviçə qarşı keçirilsə də, əslində bu xalq etirazlarının alt qatlarında dövlət başçısının xeyrinə olan məqamlar var. Bu ondan ibarətdir ki, Rusiyanın təzyiqləri qarşısında qalan Yanukoviçi Kiyevdəki mitinqlərin ardıcıllığı və miqyası xilas edə bilər. Toplumun narazılığı faktı Ukranya prezidentini üzünü Şərqdən Qərbə çevirib Avrointeqrasiya qərarında cəsarətləndirə bilər.
Ukranya ilə müqayisədə Azərbaycanın vəziyyəti çox da oxşar deyil. Çünki, Avropa İttifaqı və Avrasiya İttifaqı məsələləri ilə bağlı polemikalarda heç bir tərəfə konkret razılıq jesti etməyib. Vilnüs sammitində Azərbaycanın imzaladığı saziş hələlik vizanın sadələşdirilməsi ilə bağlıdır. Odur ki, dövlət başçısı bu tədbirə ölkənin gərgin siyasi mühiti içərisindən keçib getmədi. Azərbaycanda xarici siyasətlə bağlı məsələləri özündə ehtiva edən mitinqlər seriyası hələlik yoxdur. Lakin Rusiya Azərbaycanı sıxır- bu, faktdır. Onun Avroatlantik məkana inteqrasiya prosesini axsatmağa çalışır, imperiya məzmunlu Avrasiya İttifaqı, Gömrük İttifaqı kimi qurumlara çəkib aparmaqda israrını yerə qoymur. Bizimsə Ukrayna cəmiyyəti kimi cəmiyyətimiz, deyəsən yoxdur. Belə bir durumda dövlət daxildə təklənmiş bir vəziyyətdədir. Siyasi qüvvəllər palan içi töküb, seçkinin haqq-hesabını aparır. Xarici siyasətdə ortaya çıxan mürəkkəb stiuasiyada öz missiyasını təklif etmir.
Ukranyada ayaq üstə qalan, gecələri meydanlardakı çadırlarda yatan toplumun fədakarlığı kimi bir fədakarlıq, əslində Azərbaycanda seçkidən əvvəl, Putinin gah Milyarderlər İttifaqı, gah Milli Şura layihələri ilə ölkəmizdə qarmaqarışıqlıq yaratmaq məqsədləri ortaya çıxandan start götürməli idi. İndi müxalifət rəhbərlərinin “əgər prezident Vilnüsə getməsəydi, biz Bakıda avrointeqrasiya mitinqləri başladacaqdıq” demələri saxta görünür. Məgər seçkidən öncə Gömrük İttifaqına təhriklər Avropa İttifaqından sapındırmaq deyildimi? Bəs o zaman siyasi qüvvələr, cəmiyyət niyə tam açıq məzmunda olan bu niyyətlərə qarşı çıxıb, anti-Rusiya mitiqləri ilə dövlətin gücünə güc qatmaq istəmədi?! Əksinə bilə-bilə ki, Milyarderlər İttifaqı ilə Rüstəm İbrahimbəyov zəncirinə bağlı narazı qüvvələrin təmərküzləşdiyi Milli Şura da Rusiyanın kurasiyasına daxil edilir və Azərbaycan üçün güclü bir təzyiq həlqəsi yaradılır, buna heç bir təpki göstərilmədi. Nəinki göstərilmədi, hətta Milli Şuranın əsasnaməsindəki Avroatlantik məkana inteqrasiya, Qafqazdan rus qoşunlarının çıxarılması bəndlərinə etiraz edən İbrahimbəyovla birlikdə hakimiyyət mübarizəsi aparıldı. Müxalifət, bir qrup ziyalı Rüstəm İbrahimbəyovun toruna düşüb Rusiyanın siyasətinə dəstəyə beləcə hazırlanırkən, Azərbaycan dövləti öz bəyanatları ilə manevr edərək, Şimaldan gələn təzyiqləri xəfiflətməyə çalışırdı. Hakimiyyət-müxalifət-xalq birliyi seçkidən qabaq, yaxud, dərhal sonra ortaya qoyulsaydı, bəlkə də Moskvada soydaşlarımız təhlükə ilə üz-üzə qalmayacaqdı. Rusiya Orxan Zeynalov müəmması və miqrantlara qarşı deportasiya siyasəti ilə gözümüzü daha geniş açdı. Amma iş ondadır ki, Azərbaycanda həmin vaxt keçirilən mitinqlərin mövzusu, nə Rusiyadakı soydaşlarımızın siyasət ucbatından çəkdikləri zillət, nə də aktuallığını itirməyən Gömrük İttifaqı təhriklərinə qarşı etiraz oldu. Rusiya milli maraqlarımız üçün qorxunc küləklərini əsdirməkdə davam edir, cəmiyyətimizsə yenə də yatır, müxalifətimiz uçub dağılmış Milli Şuranın qalıqları altında siyasi gələcək axtarır. Hansı ki, 1998-ci ildə Azərbaycanın başı üzərini qara buludlar alanda ölkəni xalqla siyasi qüvvələrin ecaskar vəhdəti qurtarmışdı. O hansı məsələ idi - xatırlatmaq yerinə düşər.
Amerikanın prezidenti Bill Klinton Azərbaycan rəhbərliyinə məxfi məktub göndərmişdi və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı dövləti qərar verməyə tələsdirirdi. Söhbət Azərbaycanın kapitulyasiya sazişini imzalamasına təhrik edilməsindən gedirdi. O zaman prezident Heydər Əliyev nə etdi? Köməkçici Eldar Namazovu yanına çağırıb belə bir xəyanətə imza atmayacağını dedi və cəmiyyəti ayağa qaldırmağın vacibliyini söylədi. Namazov aldığı tapşırığı yerinə yetirdi. Parlamentdə üç deputatla təmsil olunan, hakimiyyətə loyal müxalifət AMİP-in lideri Etibar Məmmədovla təmasa keçərək, vəziyyəti izah etdi və məktubun bir “kopiya”sını ona verdi (bunu Eldar Namazovun vəzifəsindən getdikdən sonra mətbuat üçün olmayan söhbətlərində eşitmişdim -müəl.). Beləliklə, “Motodrom”da, başda Əbülfəz Elçibəy olmaqla, İsa Qəmbər, Etibar Məmmədov, Lalə Şövkət Hacıyeva, ümumiyyətlə, bütün siyasi partiyalar səfərbər olub, 100 minlik bir aksiya keçirdilər. Dünyanın kütləvi informasiya vasitələrinin diqqətini cəlb edən həmin xalq etirazları Amerikanı kapitulyasiya təhrikindən geri oturtdu.
İndi hansısa siyasi qüvvəyə məktub göndərib vəziyyəti izahlamağa ehtiyac yoxdur. Çünku ortada nə məktub var, nə də sirr. Rusiya istədiyini açıq bildirir. Hakimiyyət gizli məsələlərin üzərindən hamının görməsi üçün pərdəni qaldırır. Pərdənin arxasında, gah Qarabağ kartı ilə, gah miqrantlarla Azərbaycanı küncə sıxışdırmağa çalışan Rusiya və milli maraqları qoruyub saxlamağa çalışan fikirli Azərbaycan dayanıb. Azərbaycan bu təhlükəni yalnız toplumun fədakarlığı ilə adlaya bilər. Heydər Əliyev cəmiyyətin geniş dəstəyi sayəsində geosiyasi qüvvələrin milli mənafelərə zidd, təslimçi sazişlərini beynəlxalq masalar üzərində imzasız buraxdığı kimi...