“Rüstəm İbrahimbəyovun istefa verməsi onun şəxsi işidir. Məncə, bu, normal qərardır. Doğrudan da, Milli Şuranın fəaliyyətində iştirak edə bilmirdi. Yəqin ki, bununla bağlı Milli Şurada münasibət bildiriləcək”. Bunu Modern.az-a Milli Şuranın üzvü Ənnağı Hacıbəyli deyib. Onun sözlərinə görə, Milli Şurada sədrlik məsələsi əsas mövzudur: “Bir tərəfdən, birinci dərəcəli mövzu Milli Şura təşkilatlanması və gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsidir. Digər tərəfdən, hesab etmirəm ki, Milli Şurada sədrlik məsələsi ikinci dərəcəli məsələdir. Çünki təşkilata kimin rəhbərlik etməsi, onun nə dərəcədə ictimai-siyasi qüvvələri birləşdirə bilməsi, nə dərəcədə nüfuzlu şəxs olması mühüm məsələdir”.
Ə. Hacıbəyli Milli Şuradan istefaların olacağını istisna etmir: “Hər bir siyasi təşkilatda qopmalar, yeni üzvlərin qəbul ola bilər. Bu da normal siyasi prosesdir. Amma konkret partiyaların və şəxsiyyətlərin Milli Şuradan ayrılacağı barədə məlumatsızam”.
İlkin PİRƏLİ