Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi: “Bu məsələ ciddi şəkildə araşdırılacaq”
Litvada Azərbaycanın məşhur şərab brendərindən olan “AĞDAM” brendi altında qeyri-qanuni olaraq şərab istehsal olunur. Modern.az saytı sosial şəbəkələrdə paylaşılan bir fotonun təsadüfən şahidi olub. Belə ki, iqtisadçı ekspert Qubad İbadoğlu Vilnüsdə çəkdridyi fotoları paylaşarkən mağazada satılan “AĞDAM” çaxırının şəkillərini də təqdim edib. Yaraşıqlı dizaynı ilə seçilən bu çaxır Azərbaycan manatı ilə 2 manat 20 qəpiyə satılır.
Azərbaycanın milli şərab brendindən əcnəbi ölkədə istifadəsinin mümkünlüyü ilə bağlı Modern.az saytı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə sorğu ilə müraciət edib.
Komitədən bildiriblər ki, “AĞDAM” şərab brendinin xarici ölkədə istifadəsi kobud qanun pozuntusudur.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Modern.az- a açıqlamasında vəziyyətə aydınlıq gətirib. F.Talıbılı bildirib ki, Azərbaycan Respublikasının “Əmtəə nişanları və coğrafi göstəriciləri” qanununa və dünyada qəbul olunmuş konvensiyaların tələblərinə görə, ölkə sərhədləri daxilində olan yer adları yalnız o ölkə daxilində qeydiyyata alına bilər. Bunun əksi isə Ümumdünya Əqli Mülkkiyyət Təşkilatında qəbul olunmuş “Sənaye mülkiyyətinin mühafizəsi üzrə payız konvensiyası”nın 10-cu maddəsinə görə yalan göstərici hesab olunur.
“Azərbaycan 1993-cü ildən bu təşkilatın üzvüdür. Ümumdünya Ticarət Təşkilatının üzvü olmasaq da, onun qəbul etdiyi sazişlərin qorunmasında maraqlıyıq. Təşkilatın qəbul etdiyi ”Trips” sazişinə əsasən, yalançı göstəricilərlə məhsul istehsal etmək olmaz. Bu saziş də həmin məsələni qadağan edir”.
F.Talıblının sözlərinə görə, Litvada ”AĞDAM” brendi ilə istehsal olunan şərabla bağlı məsələ Komitə tərəfindən araşdırılacaq. ”Bu sübuta yetirilərsə, tərəfimizdən lazımi qurumlara şikayət olunacaq. Ölkə daxilində isə “Ağdam”ın əmtəə nişanı kimi qorunmasına ehtiyac yoxdur. Çünki bu, bilinən yerli coğrafi addır”-deyə F.Talıblı qeyd edib.
Komitə rəsmisi bildirib ki, yerli şərab məhsulları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən əmtəə nişanı şəklində patentləşib. Bunlara misal kimi “Göygöl”, ”Şiraz”, ”Yalllı”, ”Mədrəsə”, ”Ağsüfrə”, ”İvanovka”, ”Çinar”, ”Atəşgah”, ”Basarkeçər”, ”Şah”, ”Nazlı”, ”Şirvani”, ”Bahar”ı göstərmək olar.
“Biz qürurla deyə bilərik ki, bu məhsullar təkcə adı ilə deyil, həm də keyfiyyətinə görə istehlakçıları cəlb edir. Adı çəkilən içkilərə təkcə Azərbaycanda deyil, həmçinin xarici ölkə bazarlarında da tələbat var. Tələbat ildən-ilə artır. Bu isə ölkədə sahibkarlıq subyektlərilə bağlı aparılan islahatların məntiqi nəticəsidir”.
F.Talıblı Litvada “AĞDAM” brendi ilə şərab istehsalının arxasında ermənilərin durduğunu da istisna etməyib. “Çox vaxt xarici ölkələrdə bizim yerli məhsulların adı ilə satılan məhsulların arxasından erməni barmağı çıxır” - deyə o, vurğulayıb.
Modern.az saytı məsələni diqqətdə saxlayacaq.
Gülşən Raufqızı