Tənha, viranə qalmış, kol-kosun, ot-ələfin basdığı bir qəbiristan... Bir də bu qəbiristandakı məzarların sükutu..Və bu sükutun dayanmadan, aravermədən söylədiyi bir monoloq...
Bu məzarlıq insan ayağının çıxardığı addım səslərinə çox möhtacdır. Viranəlik bağrını dəlmiş və kimsəsiz məzarların məskəni olan bu qəbristanlıq insan addımlarının ritmi ilə bir gün danışsa hiss edirəm ki, ona çox şeylər deyəcək, çox sirlərin üstünü açacaq. Lakin artıq uzun illərdi ki, bu məzarlıq öz sükutunun yazdığı, söylədiyi monoloqa yalnız özü qulaq asır...
-“ Ay ana, deyək ki, inşallah bir gün torpaqlarımızı geri qaytarmışıq. Öz doğma yurduna gedib birinci nə edərsən?
-İnşallah torpaqlarımız alınsın, birinci anamın məzarına gedib o qəbri duz kimi yalayacam...”
(Aztv-də bir verilişdən fraqment)
Mən uşaq ikən o proqrama baxmışdım və yadımda qalıb ki, ananın adı Gültəkin idi. Yəqin ki, Gültəkin ananın aparıcıya dediyi qəribə cavaba görə adı yadımda qalıb. İndi xəyalən də olsa o qadının üz cizgilərini yada salıram və indi fərqinə varıram ki, o qadın “Bayatı-Şiraz”a nə qədər də oxşayırmış. Bəli, səhv eşitmədiz “Bayatı-Şiraz”a , muğama. Qarabağın mərd , saf, yaralı və anasının qəbrini duz kimi yalamağı arzulayan qadını özgə nəyə oxşaya bilər ki? Əlbəttə ki, elə “Bayatı-Şirazın” özünə. O, öz siması, dərdi ,əzabı , ağrısı, saflığı ilə və ən əsası o qəribə arzusu ilə bərabər əsl “Bayatı-Şiraz” yaratmışdı. Qarabağdan xeyli uzaqda, kiçicik bir daxmada elə Qarabağın özünü bu qadından keçirdərək yaratdığı bir muğam, bir səs , bir yanğı və bir söylənti. Amma bu yanğı da yalnız və yalnız özünün tək monoloqunu deyəcək...
Eynən məzarlıqdakı sükutun söylədiyi monoloq kimi... Və o da yalnız və yalnız özünü eşidəcək.
Gültəkin ananın yanğısının monoloqu onun uşaqlığından, gəncliyindən, ilk sevgisindən, hər gün əlində səhəng su arxasıyca getdiyi bulaqdan , orada rastlaşdığı tale sirdaşından, o bulağın daşından, o dağların təmizlik girdabı olan sovuğundan –şaxtasından danışırdı və danışa-danışa da özünün ulu “ Bayatı-Şirazını” yaradırdı. Ən böyük xanəndə , ən böyük tarzən belə Gültəkin arvadın içindəki o səsi onun özü qədər yanğılı oxuya bilməzdi. Çünki o, bütün ömrünü vermişdi bu səsə və bütün ömür yolunun yekununda tapmışdı bu səsi. Çünki o, bütün ağrısını, acısını vermişdi bu səsə. Bu ağrı-acı da yaratmışdı onu.
Və nəhayət indi anlayıram ki, o səs əslində Gültəkin ananın özü idi. Arvad o səsdən başqa heç kim idi və bir gün yox olardısa o, mütləq həmin səsdə yaşayacadı. Və yəqin ki, yenə də öz monoloqunu orada söyləyəcəkdi. Yalnız və yalnız monoloqunu ... Və yalnız özü eşidəcəkdi həmin monoloqu.
Məzar daşları o torpaqlarda qoyduğumuz yeganə nişanələrdir. Həmin torpaqların yeganə sakinləri də o məzarlıqda uyuyanlardı. Arı pətəklərindən bal necə süzülürdüsə o yerlərin gözəl, saf təbiətindən də “Bayatı-Şiraz “ o cürə süzülürdü. Amma indi orada sükutun və dəşhətli bir nisgilin yaratdığı “Bayatı-Şiraz” var. Gültəkin ananın yanğısının yaratdığı “Bayatı-Şiraz”dı elə bil. Elə bil yox, məhz özüdür ki var, məzarlıq sükutu və Gültəkin ana yanğısı hər ikisi bir-birindən çox uzaqlarda olmasına baxmayaraq eyni bir musiqini yaradıblar. Lakin hər ikisi öz musiqisində öz monoloqunu söyləyir.Və özlərindən başqa da bu monoloqları eşidən yoxdu.
Bu gün məcburi köçkünlər çox problemlərdən danışır və onların həll edilməsini gözləyirlər. Lakin hamıdan gizlətdikləri və sirr kimi saxladıqları, daxili dünyalarında yaşayan bir göynərti və o göynərtinin bəstəcisi olduğu bi yanğılı səs var, muğam var. Hər bir köçkün o səsi öz içində yaradır və onu kiminləsə paylaşmağa qorxur. Bilir ki, yəqin o səsə qulaq asan olmayacaq və özü –özünü öz yaratdığı bir səs içindəgizləməyə çalışır. Daxili dünyasında da bir məzarlıq yaradır.(Yenə məzarlıq!) Və bu məzarlıq da artıq viranədi, kol-kos , ot-ələfin basdığı bir xarabalıqdır. İndi yəqin bildik ki, Gültəkin ananın yaratdığı musiqi ilə o məzarlıqdakı sükutun musiqisi niyə eyni imiş....
Bu gün hamı artıq öz dərd-sərində gizlənib, ondan o yana çıxa bilmir. Hamı gündəlik məişət problemlərindən danışır, bir köçkün qazdan, biri işıqdan, digəri ayrı sosial məsələdən danışır. Amma hamını birləşdirən ümumi bir yanğı var. Və bu yanğının yaratdığı sükut var.. Və bu sükutun söylədiyi , yalnız özünün eşitdiyi monoloq var...
Yəqin ki, bu belə davam edəcək.Çünki o torpaqlarda olan həqiqi məzarlıqlar hələ də insan addımlarının səsinə möhtacdır və hələ də özü söylədiyi monoloqa elə özü qulaq asır....