Avqust ayının 13-də 113 saylı Qax-Şəki seçki dairəsindən VII çağırış Milli Məclisin deputatlığına namizəd Əli Məsimli seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində Qax rayonunun Qum, Çinarlı və Süskənd kəndlərində yaşayan seçicilərlə görüş keçirib. Görüşdən əvvəl Qum kəndində yerləşən şəhidlər xiyabanı ziyarət edilib.
Modern.az xəbər verir ki, Əli Məsimlinin hər bir görüşündə olduğu kimi, bu görüşlərdə də əvvəlcə Dövlət Himni səsləndirildi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Əli Məsimli Milli Məclisdəki fəaliyyəti ilə bağlı hesabat xarakterli məlumat verdi və seçiciləri yeni platformasının əsas məqamları ilə tanış etdi. Qeyd etdi ki, Azərbaycan ikinci Qarbağ müharibəsindən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir dövlət kimi çıxıb və regionda keyfiyyətcə tamamilə yeni situasiya yaradıb. O, mövcud geosiyasi reallıqların ortaya qoyduğu mürəkkəb çağırışlara cavab verə bilmək üçün hərbi sahə ilə yanaşı, iqtisadiyyatda, elmdə, təhsildə və digər sahələrdə də rəqabətqabiliyyətli olmağın zəruriliyini qeyd etdi.
Ölkəmizdə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılması hərbi qüdrətimizin daha da artmasının və əhalinin güzəranının yaxşılaşdırılmasının sürətləndirilməsinin başlıca şərtlərindən biri olduğunu vurğuladı. Qeyd etdi ki, bütün bunlara nail olmaq müasir gərgin və ziddiyyətli geosiyasi proseslərdən uduşlu və daha da güclənmiş bir dövlət kimi çıxmağımıza imkan verəcəkdir. Əli Məsimli bildirdi ki, bunun magistral yolu islahatlardan keçir, ona görə də bu seçkilərdə fəal olmağa və islahatlara səs verməyə çağırdı
Görüşlərin gedişində Əli Məsimli seçicilərin sual və təkliflərinə münasibət bildirib.