Bir neçə gün əvvəl Gəncədə yas mərasimində, eyni zamanda Göygöldə bir neçə restoranda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Ümumilikdə 150-yə yaxın insan zəhərlənib. Onlara müxtəlif xəstəxanalarda yardım göstərilib və hamısı evə buraxılıb. Ancaq hələlik zəhərlənmənin mənbəyi məlum deyil.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, laborator analizlər davam edir. "Analizlərin cavabı məlum olanda zəhərlənmənin səbəbi, mənbəyi barədə məlumat açıqlanacaq",- məlumatda deyilir.
Baş Prokurorluğun mətbuat xidmətindən isə bildirilib ki, hadisə ilə bağlı hələlik cinayət işi açılmayıb.
"Hazırda baş verən hadisələrlə bağlı araşdırma aparılır. Yeni məlumat yoxdur", - açıqlamada deyilir.
Gəncədə kütləvi zəhərlənmənin olduğu yas mərasimin sahibi Mahir Cəfərov bildirib ki, hadisə qardaşının yas mərasimində baş verib: “Dəfndən sonra ehsan verilib. Süfrədə bozartma, çörək, yuxa, pomidor, xiyar, göyərti, halva və digər qidalar qoyulmuşdu”. O, məhsulların bazar və mağazalardan alındığını deyib. Göygöldə isə zəhərlənmə müxtəlif restoranlarda baş verib.