Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 125 namizəd irəli sürülüb. Lakin hakim partiyanın öz təşəbbüsü ilə namizəd olan nümayəndələri də var.
Belə ki, 5 seçki dairəsində YAP tərəfindən irəli sürülən namizədlərin rəqibləri arasında öz təşəbbüsü ilə namizəd olan YAP-çıları da görmək olar.
Öz partiyadaşı ilə rəqib olanlar sırasında Yeni Azərbaycan Partiyasın tərəfindən 2 saylı Şərur-Kəngərli seçki dairəsindən irəli sürülmüş VI çağırış Milli Məclisin deputatı Siyavuş Novruzov və YAP-ın 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Ceyhun Məmmədovun adını qeyd edə bilərik. Onların eyni partiyadan olan rəqibləri müvafiq olaraq Vüqar Nəcəfov və Araz Şahverdiyevdir.
Onlardan başqa, 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairəsindən YAP Ülviyyə Həmzəyevanın namizədliyini irəli sürüb, eyni partiyanın üzvü Səfər Əlirzayev isə öz təşəbbüsü ilə namizəd olub.
Oxşar mənzərəni 33 saylı Xətai birinci seçki dairəsində də görmək mümkündür. Hakim partiyanın bu dairədə namizədi Yengibar Əliyevdir. YAP-ın digər üzvü Gülnar Xəlilova isə öz təşəbbüsü ilə namizəd olub.
82 saylı İmişli-Saatlı seçki dairəsindən hakim partiyanın namizədi Səyyad Salahlının rəqibləri arasında onun partiyadaşı Yasəmən Qəyyumova da var.
Məsələ ilə bağlı Ceyhun Məmmədov Modern.az-a bildirib ki, partiyanın qərarını kimliyindən asılı olmayaraq bütün üzvlər nəzərə almalıdır:
“Hamı nəzərə almalıdır ki, partiyalar öz namizədlərini özləri irəli sürürlər. Yeni Azərbayca Partiyası mənim namizədliyimi irəli sürüb. Partiyanın kimliyindən asılı olmayaraq, hər bir üzv Yeni Azərbaycan Partiyasının hansı dairədən namizəd irəli sürməsini diqqətə almalıdır. Partiyanın özünün tövsiyəsində, yanaşmasında bu kimi məsələlər xüsusi qeyd olunub. Bu, partiyanın özünün ümumi yanaşmasıdır. Bəzi insanlar buna baxmayaraq, öz namizədliklərini irəli sürürlər. Əslində isə yanaşma belədir ki, bütün üzvlər partiyanın namizədini dəstəkləməlidir. Burada məqsədin nə olduğunu həmin şəxslər özləri bilərlər. Hər halda Azərbaycan demokratik ölkə olduğuna görə hər kəsin öz namizədliyini irəli sürmək hüququ var. Yaxşı olardı ki, özləri bu kimi məsələlərə aydınlıq gətirsinlər".
C.Məmmədov hakim partiyanın məsələ ilə bağlı tədbir görüb-görməyəcəyindən də danışıb:
"Bu barədə təlimatlar aydındır. İndi bununla bağlı partiyadaxili hansısa qərarlar verilərsə, ictimaiyyətə geniş informasiya veriləcək".
VI çağırış Milli Məclisin deputatı Siyavuş Novruzov isə vurğulayıb ki, partiya üzvlərinin öz təşəbbüslərilə namizədliklərini irəli sürməsində heç bir problem yoxdur:
“Cəmi 11 nəfər namizədliklərini irəli sürüb və sənədləri qəbul olunub. İmza vərəqələrini də hər biri təqdim edib. İndi təbliğat-təşviqat kampaniyası aparılır. Başqa bir şey görmürəm. Bəli, Yeni Azərbaycan Partiyasının namizədliyimi irəli sürməsinə baxmayaraq, partiyamızın başqa bir üzvü öz təşəbbüsü ilə həmin dairədən seçkilərə qatılır. Müstəqil siyasətdə Azərbaycan konstitusiyası, Seçki Məcəlləsi imkan verir ki, hər bir şəxs namizədliyini irəli sürsün”.