Modern.az

Benzinin bahalaşacağına rəsmi işarə

Benzinin bahalaşacağına rəsmi işarə

30 Noyabr 2013, 22:03

Ramiz Həsənov: "Avro-3" standartına keçid qiymətlərə təsirini göstərə bilər"

Samir Əliyev: «Benzinin qiymətinin qalxamasını "Avro-3"ə keçidlə əlaqələndirmək düzgün deyil və bu artımın iqtisadi əsası yoxdur»

Gələn il yanvarın 1-dən “Avro-3"ə keçidlə əlaqədar Azərbaycanda yanacağın qalxma ehtimalı var. Bu barədə jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov məlumat verib.

“Biz ”Avro-3"ə yanvarın 1-dən keçməyi planlaşdırırıq. Təbii ki, bu standarta keçidlə əlaqədar müvafiq qurumlar hazırlıqlarını başa çatdırıblar. Bizdə “Avro-4", ”Avro-5" standartları da hazırdır, sadəcə bunların həyata keçirilməsi üçün vaxt lazımdır", - deyə Ramiz Həsənov bildirib.

Komitə sədri yanacağın qiymətinin qalxmasına da münasibət bildirib: “”Avro-3" standartına keçid qiymətlərə cüzi təsirini göstərə bilər. Ancaq ekologiya və sağlamlıq hər şeydən vacibdir. Bu gün Bakının özündə böyük tıxaclar var. Bu, ondan irəli gəlir ki, maşınların sayı xeyli çoxalıb. Ona görə, bu standarta keçid bizə vacibdir".

Ekspertlər isə, bildirir ki, Azərbaycanda “Avro-2" standartının tətbiq edildiyi deyilsə də, hazırda Azərbaycan benzini ”Avro-2" standartlarına cavab vermir. “Avro-3" standartına gəlincə, ekspertlər hesab edir ki, bu standartı tətbiq etmək ən yaxşı halda 2017-ci ildən sonra mümkündür. Çünki ”Avro-3"ə keçid üçün yeni texnoloji avadanlıqlar tətbiq olunmalı, yeni zavod tikilməlidir. Ekspertlər bildirir ki, Azərbaycanda yeni neft emalı zavodunun tikintisi üçün 15 milyardlıq layihə hazırlanıb və bu layihənin həyata keçirilməsi yaxın illərdə tamamlana bilməz. Ona görə də “Avro-3"ə keçidi elan etmək qeyri-ciddi görünür və benzinin qiymətinin qalxmasını bununla əlaqələndirmək düzgün deyil.

Bəs, benzinin qiymətinin qalxması ümumi qiymətlərə necə təsir edəcək?

İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, benzinin qiymətinin qalxmasının “Avro-3"ə keçidlə əlaqələndirilməsi başadüşülən deyil və qiymət artımı bütün sahələrdə qiymətlərin qalxmasına gətirib çıxaracaq: ”Benzinin qiymətinin qalxması nəqliyyat xərclərinin artmasına gətirib çıxarır. Nəticədə sahibkar da məhsulun üzərinə nəqliyyat xərclərini əlavə edir və sonda ziyan istehlakçıya dəyir. Bu baxımdan benzinin qiymətinin artımı baş verərsə, ümumilikdə qiymətlərə böyük təsiri olacaq. Onsuz da benzinin qiyməti qalxmasa belə, ölkədə qiyəmt artımı gözlənilir.

Ancaq “Avro-3"ə keçidlə bağlı benzinin qiymətinin qalxması mənim üçün aydın deyil. Çünki benzinin qiymətini Tarif Şurası tənzimləyir və Standartlaşdırma Komitəsi rəhbərinin belə bir açıqlaması düzgün yanaşma deyil. Belə çıxır ki, ”Avro-4"ə, “Avro-5"ə keçid növbəti qiymət artımına gətirməlidir. Əgər biz neft ölkəsiyiksə, neftqayırma zavodlarımız modernləşirsə, yeni texnologiyalar tətbiq edilirsə, bu, maya dəyərinin azalmasına gətirib çıxarır. Yəni yeni texnologiya qiymət artımını şərtləndirməli deyil və bu artımın heç bir iqtisadi əsası yoxdur”.  (azadliq.info)

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU