“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdiyi monitorinqin nəticələrinə əsasən, adlı siyahı üzrə 2013-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 77 nəfər təşkil edib. Bu barədə Modern.az-a məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 91 nəfər yaralanıb və ya xəsarət alıb.
C.Sümərinlinin sözlərinə görə, müvafiq dövrdə dünyalarını dəyişənlərin 10-u döyüş (10 nəfər erməni gülləsi), 67-si isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).
9 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), 14 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 3 nəfər naməlum səbəbdən, 2 nəfər ehtiyatsızlıqdan, 2 nəfər mülki şəxs tərəfindən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 12 nəfər xəstəlikdən dünyasını dəyişib.
16 nəfər intihar edib. Dünyasını dəyişənlərin 59-u Müdafiə Nazirliyinin, 5-i Dövlət Sərhəd Xidmətinin, 9-u Daxili Qoşunların, 1-i XDMI-nin, 1-i Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, 2-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (91 nəfər) C.Sümərinli bildirib ki, onların 17-si qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 7-i intihara cəhddən, 4-ü mülki şəxslərlə davadan, 9-u erməni gülləsindən, 2 nəfər mina partlayışından, 1-i naməlum səbəbdən, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 47-si isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar.
64 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 6 nəfər Dövlət Sərhəd Xidmətinin, 20 nəfər Daxili Qoşunların, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.
Modern.az