Ümid Partiyasının sədri İqbal Ağazadə Mərkəzi Seçki Komissiyasının (MSK) saytında elan olunan namizədlər siyahısında VI çağırış Milli Məclisin deputatlarının "iş yeri" bölməsində hələ də "Milli Məclisin deputatı" qeyd olunmasına etiraz edib. O, bunun qanunsuz olduğunu iddia edib.
"87-ci maddənin 1 bəndində qeyd olunan "Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətləri Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclas günü bitir" norması seçkilər vaxtında keçiriləndə, parlament buraxılmayanda qüvvədə olur.... Parlament buraxılıbsa, onun üzvləri səlahiyyətlərini itiriblər və onlar heç bir yerdə deputat kimi yazıla bilməzlər", - partiya sədri sosial media hesabında yazıb.
Bu məsələ necə tənzimlənir? Həqiqətən də, namizədliklərini irəli sürən VI çağırış Milli Məclisin deputatlarının özlərini deputat kimi təqdim etməsi düzgün deyil?
Məsələ ilə bağlı "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a danışıb.
O, deputatların səlahiyyətlərinin saxlanılmasını Konstitusiya Məhkəməsinin qərarı ilə əsaslandırıb.
"27 iyun 2024-cü ildə Konstitusiya Məhkəməsinin plenumu keçirilib. Plenumu Prezidentin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” parlamentin 2024-cü il 21 iyun tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 981 - ci maddəsinin 1-ci hissəsinə uyğunluğunun yoxlanılmasını xahiş edib. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli 1174-VIQR nömrəli Qərarı və bu Qərar əsasında Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 981 - ci maddəsinə uyğun hesab edilməli olduğu ilə bağlı qərar verib".
Ə.Nuriyev Milli Məclisin yeni çağırışı fəaliyyətə başlayanadək VI çağırış Milli Məclisin üzvlərinin deputat səlahiyyətlərinin qaldığını vurğulayıb:
"Qərarda deyilir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 111-112-ci maddələrində 95-ci maddənin 1-ci hissəsinin 16-17-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərin, habelə beynəlxalq təşkilatlarda təmsilçilik funksiyalarının həyata keçirilməsi üçün VI çağırış Milli Məclisinin səlayhiyyətlərinin saxlanılması zəruridir. Yəni başqa sözlə desək, Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarla Milli Məclisin bu istiqamətdə səlahiyyətlərinin saxlanılması, Milli Məclisin deputalarının da səlahiyyəltərinin saxlanılmasını zəruri edir. Milli Məclisin üzvlərinin VII çağırış parlament seçkilərində namizədliklərini irəli sürərkən özlərini VI çağırış Milli Məclisin deputatı kimi təqdim etməsi Konstitusiya Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarına və Seçki Məcəlləsinə uyğundur".