Modern.az

Komanda tarixində ilk: "Zirə" növbəti mərhələni də keçə bilər

Komanda tarixində ilk: "Zirə" növbəti mərhələni də keçə bilər

İdman

19 Avqust 2024, 17:40

Bir neçə gün əvvəl UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Zirə” və Xorvatiyanın “Osiyek” komandaları üz-üzə gəlib. Qarşılaşmanın əsas və əlavə vaxtı "2:2" hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb. Burada daha dəqiq oynayan təmsilçimiz adını tarixində ilk dəfə "play-off" mərhələsinə yazdırıb - 2:1.

 

Bundan sonrakı oyunda "Zirə" FK-dan gözləntilər nələrdir? Komandanın uğur qazanma şansı nə qədərdir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan millisinin veteran futbolçusu, “Səbail” komandasının baş məşqçisi Şahin Diniyev bildirib ki, "Zirə" artıq sıradan komanda deyil:

 

"Əlbəttə, "Zirə" xarakter göstərərək çətin “Osiyek” səddini keçib. Komanda artıq işlək vəziyyətdədir. Komandanın yaxşı oyunu var, futbolçular nə edəcəklərini bilirlər. Bir neçə il ərzində Rəşad Sadıqlı yaxşı bir komanda düzəldib. Artıq "Zirə" nəticəyə oyanayan komandadır. Oyunçuların girib-çıxması oyunun tərzini dəyişmir. Artıq "Zirə" sıradan bir komanda deyil. Konfrans liqasında "Zirə" yaxşı heyət və oyuna malikdir".

Ş.Diniyev növbəti oyunlar barədə də danışıb:

 

"İnşallah, artıq "Zirə"nin növbəti oyununun "Omoniya" ilə olsa da, pessimist baxmıram. "Zirə" bu il iri addımlarla irəli gedir. Düşünürəm ki, yaxşı oyun olacaq. Ümidsiz, çarəsiz "Zirə" görməyəcəyik. Rəqibin Avropa Liqasında böyük təcrübəsinin olmasına baxmayaraq, "Zirə" də sıradan komanda deyil. "Zirə" bu mərhələni də keçə bilər. Konfrans Liqasının qrupuna düşmək də çox uzaqda deyil. "Zirə" buna layiqdir.

 

İdman jurnalisti, şərhçi Tural Məmmədli "Zirə" komandasından bu uğuru gözlədiyini söyləyib:

 

"Play-off"da iki komandayla təmsil olunmağımız çox əla xəbərdir. "Qarabağ"ın uğurlarına nə qədər öyrəşsək də, ən azından builki çıxışlarına görə digər klublarımızdan "Zirə" ilə "Sabah"ı da xüsusilə qeyd etmək olar. Amma "Zirə" komandasından bu uğuru gözləyirdik. Komanda, həqiqətən də, çox dəyişib. Bu mənada mən düşünürəm ki, "Zirə" komandasının rəhbərliyinin Rəşad Sadıqova güvənib, səbr etməsini xüsusi qeyd etmək lazımdır. Artıq bunun bəhrəsini görürlər. Xorvatiyanın təmsilçisinə qarşı belə oynamaq, əzmkar mübarizə aparmaq və yekunda mərhələni keçmək, əlbəttə, asan məsələ deyil. Ona görə də "Zirə"ni səmimi qəlbdən təbrik edirəm. Çox əla nəticədir".

T.Məmmədli "Qarabağ"la yanaşı "Zirə"nin də Azərbaycanı təmsil edəcəyinə ümid etdiyini deyib:

 

"Play-off"da isə, əlbəttə ki, "Zirə"nin daha soyuqbaşla mərhələyə yanaşıb, lazım olan tapşırığı yerinə yetirməsi  mümkündür. Dualarımız "Zirə"ylədir. Artıq"Qarabağ"ın qruplarda mübarizə aparmağına öyrəşmişik. Ümid edirik ki, bu mövsümdə əsas mərhələdə Azərbaycanı iki komanda təmsil edəcək".

 

İdman şərhçisi İqbal Aslanov "Zirə"nin "play-off"da da uğurlu olacağına inanır: "Zirə" hər birimizi yaxşı mənada sevindirdi. Çox əzmkar, xarakterli komanda kimi formalaşıb. "Play-off"da da uğurlu olacaqlarına inanıram".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu