Modern.az

Ukrayna Kurskda ələ keçirdiyi ərazini saxlaya biləcəkmi?..

Ukrayna Kurskda ələ keçirdiyi ərazini saxlaya biləcəkmi?..

16 Avqust 2024, 16:08

Ukrayna 10 gündür Rusyanın Kurks vilayətində əməliyyat keçirir.


Modern.az "Reuters"ə istinadən bildirir ki, Kiyev qoşunları daha çox ərazi tutduqca həmin bölgələrə nəzarəti saxlamaq çətinləşir.

 

Kiyev rəsmiləri deyirlər ki, Ukrayna öz ərazisini Rusiyanın zərbələrindən qorumaq üçün ələ keçirdiyi Rusiya ərazilərindən “bufer zona” kimi istifadə edəcək. Ukrayna artıq Kursk şəhərinin ələ keçirilən hissəsində hərbi komendantlıq yaradıb. Sabiq müdafiə naziri Andriy Zaqorodnyuk bildirib ki, Ukraynanın əsas məqsədi Donbas bölgəsindən rus qüvvələrini yayındırmaqdır.

 

Polşalı hərbi analitik Konrad Muzykanın sözlərinə görə, Kursk əməliyyatı İkinci Dünya Müharibəsindən bəri Rusiyaya edilən ən böyük hücumdur. Hücum Rusiya Prezidenti Vladimir Putinin nüfuzuna ciddi zərbə vurur, Ukrayna isə əlini gücləndirir.

 

Ekspertlər Ukraynanın ələ keçirdiyi əraziləri saxlamaq üçün çətinliklə üzləşəcəyini proqnozlaşdırır. 

 

Kiyevdən olan hərbi analitik Sergey Zqurets Ukraynanın Rılsk, Korenevoye və Sudja şəhərləri ilə sərhəd arasındakı əraziyə nəzarəti saxlamağa çalışacağını və Rusiya ərazisinin təxminən 20 km enində zolağına nəzarət edəcəyini proqnozlaşdırır. Onun sözlərinə görə, ərazi uzun mənzilli artilleriya sistemləri və hava hücumundan müdafiə sistemlərindən istifadə etməklə müdafiə oluna bilər.


"Yolların az olduğunu və çoxlu çayların olduğunu nəzərə alsaq, bu xətti müdafiə etmək çətin deyil", - ekspert bildirib. O, ərazinin təhlükəsizliyinin Ukraynanın Sumı bölgəsindən asanlıqla təmin edilə biləcəyini düşünür.

 

Muzyka isə Ukraynanın daha ehtiyatlı davranmalı olduğunu bildirib. O deyir ki, Ukrayna daha böyük ərazilər tutmağa cəhd etsə, çox ağır itkilərə məruz qala bilər. Ekspert Kursk əməliyyatını "qısa müddətdə öz bəhrəsini verən qumar oyunu" adlandırıb. “Lakin tezliklə elə bir vaxt gələ bilər ki, Kursk bölgəsindəki xərclər faydalardan daha çox olacaq”, - ekspert qeyd edib.

 

Xatırladaq ki, Kursk əməliyyatı avqustun 6-da başlayıb. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Aleksandr Sırskinin verdiyi məlumata görə, hazırda Ukrayna hərbçiləri Kursk vilayətinin təxminən 1000 kvadrat kilometr ərazisinə nəzarət edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu