Modern.az

Ziyad Səmədzadənin seçicilərlə üçüncü görüşü - FOTOLAR

Ziyad Səmədzadənin seçicilərlə üçüncü görüşü - FOTOLAR

Aktual

16 Avqust 2024, 22:47

Bu gün-16 avqust 2024-cü il tarixində Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində (Asəf Zeynallı adına Musiqi Məktəbində) tanınmış ictimai-siyasi xadim, akademik, 23 saylı Nəsimi – Səbail Seçki Dairəsindən deputatlığa namizəd Ziyad Səmədzadənin seçicilərlə növbəti-üçüncü izdihamlı və səmimi ortamda görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə 150-yə yaxın seçici, o cümlədən tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri, iş adamları iştirak ediblər.

 

Görüş Şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

 

Sonra Dövlət himni səsləndirilib.

 

Daha sonra görüş çıxışlarla davam edib.

 

Çıxış edən natiqlər tanınmış ictimai-siyasi xadim Ziyad Səmədzadənin Azərbaycan dövləti və dövlətçiliyinə, Azərbaycan iqtisad elminə, Azərbaycan ziyalılığına, Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən bəhs ediblər.

 

Qeyd ediblər ki, məhz bu səbəblərdən Ziyad Səmədzadənin yenidən parlamentdə təmsil olunması lazımdır və vacibdir.

 

Qorxmaz İMANOV: “Böyük, ağsaqqal olan yerdə bərəkət, nizam-intizam, qayda-qanunu var”

 

Tanınmış ziyalı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Qorxmaz İmanov bildirib ki, ölkə parlamentində Ziyad Səmədzadə kimi ağsaqallara ehtiyac var.

 

“Atalar məsəlində də deyildiyi kimi, böyük, ağsaqqal olan yerdə bərəkət, nizam-intizam, qayda-qanun var. Ona görə parlamentdə Ziyad müəllim kimi, həm tanınmış ictimai-siyasi xadimlərə, həm tanınmış elm adamlarına, həm də ağsaqallara ehtiyac var. İnanıram ki, burada əyləşənlərin hər birini indidən doğru-düzgün seçimini edib, bu seçim də məhz Ziyad müəllimdir. İnşallah, sentyabrın 1-də də onun qələbəsini qeyd edəcəyik”-deyə, Q. İmanov sözlərinə əlavə edib.

 

Eyyub HÜSEYNOV: “İstəyirəm ki, özünüz haqqında roman yazasınız…”

 

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bildirib ki, Ziyad Səmədzadə universal, hərtərəfli, unikal bir şəxsiyyətdir:

 

“O, təkcə tanınmış elm xadimi, tanınmış iqtisadçı, tanınmış ictimai-siyasi xadim deyil, o, həm də mədəniyyət, əbəbiyyat, musiqi, incəsənət bilicisidir. O, mədəniyyəti də çox gözəl və dərindən bilir, o, incəsənəti də çox gözəl və dərindən bilir, o, ədəbiyyatı çox gözəl və dərindən bilir. Hərtərəfli biliyə, dünyagörüşünə malik tarixi şəxsiyyətdir. O, gözəl yol yoldaşıdır. Onunla yol yoldaşı olmuşuq və hələ də o anları unuda bilmirəm. Onun çox gözəl, səmimi yol yoldaşlığı var”-deyən E. Hüseynov eyni zamanda təklif edib ki, Ziyad Səmədzadə özü haqqında bədii əsər yazsın.

 

“Mən çox istərdim ki, Ziyad müəllim özü barədə gözəl bir roman yazsın. Çünki onun şəxsi-insani keyfiyyətləri, biliyi, savadı, dünyagörüşü, duyumu o qədər yüksəkdir ki, məhz belə romana ehtiyac var. Ziyad müəllim, mən çox istəyirəm ki, özünüz haqqında belə bir roman yazasanız”-deyə, o, sonra qeyd edib.

 

E. Hüseynov çıxışında həmçinin, uzun illərdir alıcıların-istehlakçıların hüquqlarını qoruduğunu deyib və əlavə edib ki, bu məsələdə onlara ən böyük dəstəkçilərdən biri də Ziyad Səmədzadə olub:

 

“Bildiyiniz kimi, bu cür məsələlər qanunvericiliklə tənzimlənməlidir, qanunvericilik bazası olmalıdır. Bu yöndə qanunvericiliyin yaradılmasında, təkmilləşdirilməsində də Azərbaycan parlamentinin üzvü kimi Ziyad müəllimin rolu, xidmətləri əvəzsizdir”.

 

Səfər QƏHRƏMANOV: “O, çox kövrək insandır, istəyir ki, hər kəsə əl tutsun”

 

Səbail rayonunun ağsaqqalarından olan söz adamı Səfər Qəhrəmanov da çıxışında Ziyad Səmədzadənin şəxsi-insani keyfiyyətlərindən, onun təmənnasız xeyirxah əməllərindən danışıb.

 

“Mən özüm dəfələrlə bunun canlı şahidi olmuşam. Kim ona müraciət edibsə, hamısına kömək etməyə çalışıb. O, çox kövrək, çox həssas insandır. İstəyir ki, hər kəsə kömək etsin, hər kəsə əl tutsun. Ziyad müəllim belə genişürəkli, xeyirxah əməl sahibi insandır”-deyə, S. Qəhrəmanov fikirlərini tamamlayıb.

 

O, çıxışını şeirlə bitirib və görüş iştirakçıları tərəfindən alqışlanıb.

 

İqtisad elmləri doktoru Nizami Qafarov öz növbəsində bildirib ki, Ziyad Səmədzadə haqqında saatlarla, günlərlə danışılsa, yenə bəs etməz.

 

“Çünki Ziyad müəllim elə bir insandır, elə bir şəxsiyyətdir ki, onda hər şey cəmləşib. Həm alim, həm elm xadimi, həm ictimai-siyası xadim, həm də ziyalıdır. Onun ömrü, həyatı, yaradıcılığı, fəaliyyəti bütövlükdə Azərbaycana həsr olunub”-deyə, N. Qafarov söyləyib.

 

İş adamı Vüqar Vəliyev çıxışı zamanı Azərbaycan iqtisadiyyatının, sahibkarlığın inkişadında Ziyad Səmədzadənin xidmətlərinə diqqət çəkib:

 

“Azərbaycan iqtisadiyyatının tərəqqisi üçün ilk növbədə qeyri-neft sektorunun inkişafı, ölkədə investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi lazımdır. Bu istiqamətdə də son 25-30 ildə çox mühüm addımlar atılıb. Azərbaycana 270 milyard həcmində investisiya qoyulub. Bu məsələlərin həllində önəmli amillərdən biri isə məhz iqtisadi qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsidir. Ziyad müəllim də bir elm adamı, bir parlament üzvü kimi bu məsələlərdə müstəsna xidmətlərə malikdir”.

 

Ziyad SƏMƏDZADƏ: “Dünyanın heç bir yerində rast gələ bilməzsiniz ki, orada parlamentin üzvü qeyri-peşəkar, savadsız olsun…”

 

Sonda söz Ziyad Səmədzadəyə verilib.

 

Öncə görüş iştirakçılarına öz minnətdarlığını ifadə edib.

 

Bir daha qeyd edib ki, taleyindən çox razıdır, çünki həyatı bütövlükdə Azərbaycan dövləti və dövlətçiliyinə, Azərbaycan elminə və Azərbaycan xalqına həsr olunub:

 

“Taleyimdən həm də ona görə çox razıyam ki, gözəl övladlarım var. Oğlum Elşad Səmədzadə iqtisadçı-alimdir. Qızım Aygün Səmədzadə haqqında da geniş danışmağa ehtiyac yoxdur. Hamınız onu yaxşı tanıyırsınız. Gözəl bəstəkar, incəsənət xadimdir. Digər qızım Aytən Səmədzadə də iqtisadçı-alimdir. Övladlarımın hər biri öz sahəsində Azərbaycan dövlətinə töhfə verməyə çalışır. Bir ata, bir valideyn kimi onlardan çox razıyam”.

 

Z. Səmədzadə eyni zamanda bildirib ki, Azərbaycan parlamentində elm adamlarına, peşəkarlara ehtiyac var:

 

“Parlament elə bir orqandır ki, orada təmsil olunan şəxs Azərbaycanı dünyada tanıda bilməlidir. Bu baxımdan da, parlamentdə peşəkarlara, savadlı, bilikli insanlara ehtiyac var. Dünyanın heç bir yerində də rast gələ bilməzsiniz ki, orada parlamentin üzvü qeyri-peşəkar, savadsız olsun. Bu, mümkün olan məsələ deyil. Odur ki, parlamentimizdə peşəkarlara ehtiyac var və mən özümü də o sırada görürəm…

 

…Bilirəm, problemlər də var. İşləməyənlər, işsizlər, bəzi məmurlar tərəfindən insanların incidilməsi halları var. Bu istiqamətdə də dövlət rəhbərliyi səviyyəsində addımlar atılır, ölçülər götürülür. Mən də çalışacağm ki, biliyimlə, savadımla, təcrübəmlə bu kimi halların aradan qaldırılmasına öz töhfələrimi verim. Hər zaman sizlərin yanında olacağam. Hər zaman Şəhid ailələrinin, Qazilərimizin, müharibə iştirakçılarının yanında olacağam. Hər birinizin müraciətini dinləyəcəyəm, araşdıracağam və həlli mümkümdürsə, onun reallaşdırılmasına çalışacağam…”.

 

Görüşün sonunda Ziyad Səmədzadə seçicilərlə, görüş iştirakçıları ilə səmimi şəkildə söhbətləşib və xatirə fotoları çəkdirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI