ABŞ Dövlət Departamenti “Amerikanın Səsi” radiosunun erməni xidmətinin ATƏT-in Minsk qrupunun sonrakı taleyi və ABŞ-nin bu formata münasibəti ilə bağlı sorğusuna cavab verib.
Modern.az-ın məlumatına görə, rəsmi Vaşinqton bildirib ki, ABŞ Azərbaycan və Ermənistanla istənilən formatda işləməyə hazırdır.
“ABŞ hökuməti Azərbaycanla Ermənistanın dayanıqlı və əlverişli sülhün əldə olunması istiqamətindəki səylərini dəstəkləyir. Biz hər iki tərəflə onların razılığa gələ və irəliləyişə nail ola biləcəyi istənilən formatda işləməyə hazırıq”, - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, Azərbaycan Ermənistanı ATƏT-in Minsk Qrupunun buraxılması üçün birgə təşəbbüslə çıxış etməyə çağırıb. İrəvan bildirib ki, ATƏT-in Minsk qrupunun məsələsinə sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər.
Minsk Qrupunun tarixi 1992-ci il martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilmiş görüşündən başlayır. Həmin görüşdə Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib.
1994-cü il dekabrın 5–6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilib. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilib. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995–1996-cı illər ərzində İsveç və Rusiya başçılıq edib. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.
Minsk Qrupu yaradıldan sonra münaqişənin həllinə nail ola bilməyib, bir neçə təklif irəli sürülsə də, proses nəticəsiz qalıb. İkinci Qarabağ müharibəsindən sonra isə Qrupun fəaliyyəti tamamilə dayandırılıb.