Modern.az

“TikTok"da gənclərə dövlət dili və atributları ilə bağlı təbliğatların aparılması təqdirəlayiqdir”

“TikTok"da gənclərə dövlət dili və atributları ilə bağlı təbliğatların aparılması təqdirəlayiqdir”

Aktual

20 Avqust 2024, 14:01

Qısa videolar yaratmaq və izləmək üçün aparıcı platforma olan TikTok ötən həftə 1 Avqust Azərbaycan Əlifbası və Dili Gününə həsr olunmuş, ana dili və ədəbiyyatın gözəlliyini vurğulamaq üçün nəzərdə tutulmuş “Ədəbi qonaq otağı” layihəsini həyata keçirib. Layihə çərçivəsində tanınmış şəxslərlə canlı yayım vasitəsi ilə ədəbi qiraətlər təşkil edilib, bəzi məşhurlar isə bu layihəyə videoçarxlarla qoşulub. 

 

Modern.az xəbər verir ki, tanınmış müğənni Elnarə Xəlilova, sevilən gənc ifaçı, MadTeen və Rəssam (MadTeen x Rəssam) duet ortağından Rəssam – Elvin Həsənov da iştirakçılardan arasında olub. Onlar böyük həvəslə layihəyə qatılaraq, TikTok-un bu addımını yüksək qiymətləndiriblər.

 

Onlara bir neçə sual ünvanlanıb.

 

Müsahibəni təqdim edirik:

 

-Sizcə, Azərbaycan Əlifbası və Dili Gününü qeyd etmək vacibdirmi?

 

Elnarə Xəlilova: "Fikrimcə, Azərbaycan Əlifbası və Dili Gününü qeyd etmək ən az Azərbaycanın digər dövlət atributları qədər vacibdir".

Elvin Həsənov: "Bəli, bir əsr ərzində 3 dəfə əlifba dəyişmiş, repressiyaya məruz qalmış xalq kimi, maddi və mənəvi dəyərlərimizi qoruyub yeni nəslə ötürmək çox önəmlidir".

 

-TikTok kimi populyar rəqəmsal platformalar Azərbaycan mədəniyyəti və dilini dəstəkləmək üçün "Ədəbiyyat guşəsi" kimi layihələr yaratmaqla bu sahədə nə dərəcədə rol oynaya bilər? Sizcə, bu cür kampaniyalar, ümumiyyətlə, edilməlidirmi? Nə üçün?

Elnarə Xəlilova: TikTok kimi məşhur platformada məhz gənclərə dövlət dili və atributları, ədəbiyyatı və incəsənəti, mədəniyyəti ilə bağlı təbliğatların aparılması hədsiz əvəzsizdir və bunu yüksək qiymətləndirirəm.

Elvin Həsənov: Belə əlamətdar günlərlə bağlı təşkil edilən “Ədəbiyyat guşələri” ilə həm öz xalqımıza, həm də bizim dili anlaya bilən digər türkdilli xalqlara dilimizin incəliyini və zənginliyini aşılamış oluruq.


-Niyə Azərbaycan poeziyası haqqında layihədə iştirak etməyə qərar verdiniz?


Elnarə Xəlilova: Çünki bir azərbaycanlı kimi, Azərbaycanın adı ilə bağlı istənilən layihədə iştirak etmək mənim üçün hər zaman prioritet olub. Hər zaman belə layihələrdə iştirak etmişəm. Bu gün də varam!

Elvin Həsənov: Bir Azərbaycandilli ifaçı olaraq, Azərbaycan dilinin və ədəbi dəyərlərinin təbliğatında yer almaq mənim üçün çox qürurvericidir.

-Bu layihənin ölkədə insanlara hansı təsirinin olmasını istərdiniz? Bu layihə vasitəsi ilə onlar milli poeziya haqqında daha çox məlumat əldə edə bilərlərmi və ya ana dillərinin gözəlliyini daha çox dəyərləndirə bilərlərmi?


Elnarə Xəlilova: Bu layihənin həm böyüklər, xüsusilə də gənclər arasında geniş yayılmasının ana dilimiz üçün hədsiz faydaları var. Bir dilçi kimi öz ana dilini sevən, bu dildə səlis danışa bilən və ona dəyər verən hər kəsə hörmətim sonsuzdur.

Elvin Həsənov: Poeziya xalqın ruhudur və biz də bu ruha xitab edən ifaçılar kimi xalqımızın öz ana dilində daha çox yazıb yaratmağını, dilimizin inkişafına müsbət təsir etməsini istərdik.

 

-TikTok istifadəçiləri üçün canlı yayım zamanı hansı şeirləri oxudunuz? Niyə məhz bu şeirləri seçdiniz?

Elnarə Xəlilova: TikTok istifadəçiləri üçün Mikayıl Müşviq “Qurban olduğum”, Zəlimxan Yaqub “Səni sevmək üçün gəldim dünyaya” və Nüsrət Kəsəmənli “ Biri vardı, biri yox” şeirlərini səsləndirdim. Hesab edirəm ki, hər birinin istənilən azərbaycanlının həyatında az da olsa rolu və yeri olub.


Elvin Həsənov: Canlı yayımda səsləndirmək üçün Məhəmmədhüseyn Şəhriyarın “Yarımın qasidisən”, Nüsrət Kəsəmənlinin “Getmək istəyirsən, bəhanəsiz get” və Vahid Əzizin “İncimə” şeirlərini seçmişdim. Şəhriyar o taylı, bu taylı Azərbaycanın görkəmli nümayəndəsidir. " Yarımın qasidi" əsəri eşq acısını Təbrizin özünəməxsus şirin ləhcəsilə oxucularına çatdırır.  Digər görkəmli şairimiz Nüsrət Kəsəmənli isə müasir Azərbaycan lirik seiriyatinin təcəssümüdür. Vahid Əzizin "İncimə" şeiri isə incimiş bir sevgidən doğulan hissləri ədəbi dildə çox gözəl ifadə edir…

 

-Ümumiyyətlə, Azərbaycan ədəbiyyatını və ya poeziyasını oxumağı xoşlayırsınızmı? Sevimli müəllifləriniz kimlərdir? Nə üçün?

Elnarə Xəlilova: Azərbaycan ədəbiyyatını və poeziyasını hədsiz sevənlərdənəm. Bəxtiyar Vahabzadə, Səməd Vurğun, Mikayıl Müşviq, Ramiz Rövşən, Rəsul Rza, Məmməd Araz, Nüsrət Kəsəmənli, Zəlimxan Yaqub və digərləri sevdiklərimdəndir. Onların yazı dili və üslubunu çox bəyənirəm və bir çox əsərlərində özümü görürəm.

Elvin Həsənov: Səmimi desəm, indiki texnologiya və sürətli həyat dövründə bir küncə çəkilib poeziya oxumaq xüsusi bir ruh halı tələb edir. Düşünürəm poeziya gündəlik deyil, özəl anların qonağıdır. Hər özəl anın öz müəllifi var…

-Azərbaycan mədəniyyəti, dili və ədəbiyyatı haqqında məzmun yaratmaq istəyən insanlara nə tövsiyə edərdiniz? Sizcə, bu cür məzmun paylaşılmağa dəyərmi və belə məzmunlar TikTok-da öz auditoriyasını tapacaqmı?

Elnarə Xəlilova: Düşünürəm ki, Azərbaycan dilində məzmun yaratmaq hər zaman hər yerdə vacibdir və həmişə təbliğ olunmalıdır. İstər radio, tv, istər digər KİV-lərdə, eyni zamanda, sosial şəbəkələrdə də hər kəs hər zaman öz mədəniyyətini göstərməyi bacarmalıdır.

Elvin Həsənov: Düşünürəm ki, Azərbaycan mədəniyyəti, dili və ədəbiyyatı ona layiqli şəkildə təqdim olunarsa, istər məzmun, istər tələffüz, istərsə də  deyiliş baxımdan dilimizin normalarına cavab verərsə, daha çox insanların qəlbinə yol tapa bilər. Poeziya ruhun, sevginin, kədərin, bütün insani hisslərin dilidir. Bu dildə doğru danışılsa, daha çox auditoriya və sevənlər qazanacaq.

Həmçinin “Ədəbi qonaq otağı” layihəsində ekspert qismində çıxış edib, şair Səməd Vurğunun yaradıcılığı haqqında geniş müzakirələr açan Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun toponimika şöbəsinin müdiri, dosent Elçin İsmayılov da TikTok tərəfindən atılmış bu addımı yüksək qiymətləndirib: Sosial şəbəkələrdə belə layihələr mütləq keçirilməlidir. Mənəvi dəyərlərdən uzaqlaşmaq olmaz. TikTok platforması fikrimcə, bu mövzuda əla tribunadır. İnsanlarla, xüsusən gənclərlə ünsiyyətin ən əlverişli növlərindən biri olduğu üçün dilimizin tətbiqi və təbliğində rolu böyükdür”.

 

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI