Mayın 7-nə keçən gecə Kür çayında suyun səviyyəsinin bir qədər də qalxması Kürqırağı rayonlarda vəziyyəti daha da pisləşdirib. Son məlumlara görə, bu gün səhər saatlarında Kür bəndləri yararaq Şirvan şəhərinin Bayramlı qəsəbəsində, Sabirabad rayon mərkəzində xeyli ərazini basıb. Salyanda da Kürün səviyyəsi 6-7 sm qalxıb. Modern.az adları çəkilən rayonların rəsmilərilə əlaqə saxlayaraq son vəziyyət barədə məlumat alıb.
Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Yaqub Heydərov saytımıza bildirib ki, hazırda vəziyyət həddən artıq pisdir. “Su artıq şəhərə gəlib dirənib. Bəndləmə işləri indi də aparılıb. Neçə evin dağıldığını bilmirik. Əhalini səfərbər eləmişik, suyun qarşısını almaq üçün. Hələki bəndlərin dağılan yerlərini bərpa edirik. Əsir-yesir qalmışıq. Rayonu qorumağa çalışırıq, görək axırı necə olacaq” Salyan Rayon İcra Hakimiyyətinin Salyan şəhəri üzrə nümayəndəsi Əlipaşa Abdullayev Modern.az-a deyib ki, bu gecə Kürdə suyun səviyyəsi 6-7 sm qalxıb: “Səlyanda suyun səviyyəsi dünən sabit qalsa da, ötən gecə yenidən 6-7 santimetr qalxıb. İndi Kürdə suyun səviyyəsinin maksimal həddi 6 metr 68 sm-dir. Hazırda Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə əməkdaşları ilə birgə yerli əhali də səfərbər olunub. Kürün sahilindəki evlərə suyun sızma təhlükəsi davam edir. Çalışırıq bəndatma ilə bunun qarşısını alaq. Hava proqnozuna görə, ayın 10-11-də yağış yağması gözlənilir. Əgər yağış yağsa, vəziyyətimiz pisləşəcək.
Modern.az