“Putin bu məsələdə səmimi görünmür. Çünki qan tökülməsini istəməyən adam Ermənistanı silahlandırmaz”. Bunu Modern.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, Rusiya prezidenti Vladimir Putinin regionda sülh və sabitliyi qorumaqla bağlı açıqlamasını qeyri-səmimi adlandırıb: “Sülh istəyən insan Ermənistanda özünümüdafiə sistemləri qurmaz, hərbi bazaları yerləşdirməz, Ermənistan və Azərbaycan arasında danışıqlar prosesində beynəlxalq hüquq normalarına əməl edər: “Rusiya bölgədə qan tökülməməsini istəyirsə, bu münaqişənin sülh yolu ilə həl edilməsinə çalışar və ona nail olar. Rusiya heç vaxt Azərbaycana qarşı səmimi olmayıb. Putin də bu bəyanatında da səmimi deyil”.
Q. Hüseynli qeyd edib ki, Putin bu açıqlaması ilə canını qurtarmağa çalışıb: “Yəqin ki, ona Dağlıq Qarabağla bağlı danışmağı təklif ediblər. O da qurumuş sözlərlə canını qurtarmağa çalışıb. Əgər o, bu sözündə səmimidirsə, o zaman regionda sülhün layihəsini irəli sürməlidir. Heç olmazsa, sülh prosesinin əsas prinsiplərini irəli sürməli idi və bunun necə həyata keçirilməsinin mümkünlüyü göstərməli idi. Bunlar yoxdursa, deməli, deyilənlər quru sözdür”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında deyib ki, Dağlıq Qarabağda heç vaxt qan tökülməyəcək: “Biz Rusiya ilə həmsərhəd olan və sıx əlaqələrə malik olan bir ərazidə nə Ermənistan vətəndaşının, nə də Azərbaycan vətəndaşının qanının axmasını istəmərik".
İlkin PİRƏLİ