Modern.az

Deputat parlamentdə əlillərin problemini qaldırdı

Deputat parlamentdə əlillərin problemini qaldırdı

3 Dekabr 2013, 13:58

“Əllilərə verilən müavinətlər və pensiyalar ölkə üzrə yaşayış minimumuna çatdırılmalıdır”. Modern.az xəbər verir ki, bunu milli məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

  "Bu gün Beynəlxalq Əlillər günüdür və mən ölkə əhalisinin 5,5%-dən çoxunu təşkil edən əlillərdən, onların üzləşdiyi problemlərdən və həllini gözləyən məsələlərdən danışmaq istəyirəm. Əlillərin hüquqlarının müdafiəsi ilə məşğul olan bir sıra qurumların və əlillərin millət vəkili olaraq bizimlə görüşləri zamanı qaldırdıqları bəzi problemlərini səsləndirməyimizlə bağlı təklifləri, qanunverici və hökumət orqanlarından xahişləri və gözləntiləri barədə danışmaq istəyirəm. Bu gün ölkəmizdə  əlillərin ümumi sayı təqribən 425 min nəfər təşkil edir, o cümlədən 60 mindən çox əlil uşaq var və onların ümumi payı ölkə əhalisinin 5,5%-dən çoxunu təşkil edir. Mən özəlliklə I qrup əlillər başda olmaqla əlillərin onların müavinətlərinin artırılması ilə bağlı xahişlərini burda səsləndirmək istəyirəm. 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat məbləğində müəyyən edilib. Amma məsələn, I qrup əlillərə 67 manat pensiya verilir. Onlar bildirirlər ki, 67 manatla yaşamaq onlar üçün mümkün deyil, çünki onlar təkcə  yemək-içmək ehtiyaclarını deyil, dərman ehtiyaclarını da ödəməlidir ki, bu vəsaitlə onların ehtiyaclarını minimum səviyyədə qarşılamaq mümkünsüzdür. Onlar xahiş edirlər ki, onlara ölkə üzrə yaşayış həddindən aşağı pensiya verilməsin, ən azı bu rəqəm ölkə üzrə yaşayış minimumuna çatdırılsın ki, onlar da öz ehtiyaclarını minimum səviyyədə olsa da belə, ödəyə bilsinlər. Nəzərə almalıyıq ki, özəlliklə I qrup əlillərin əksəriyyətinin sağlamlıq səviyyəsi elədir ki, onlar işləyə bilmirlər, üstəlik bəzi sahələrdə işləmək imkanına malik olan I qrup əlilləri də qanunlara əsaslanaraq işə qəbul etmirlər. Yəni I qrup əlillər işləmək imkanından məhrumdurlar. Ona görə də ilk öncə I qrup əlillərdən başlayaraq, əlillərə əlilliyə görə verilən pensiya və müavinətlərin səviyyəsinin ölkə üzrə yaşayış minimumuna çatdırılması çox vacibdir və onlar qanunverici orqanlardan, hökumətdən bu istiqamətdə addımların atılmasını gözləyirlər". Millət vəkili Qənirə Paşayeva eyni zamanda əlillərin əlil arabası ilə təminatı ilə bağlı üzləşdiyi problemləri qaldırıb və onların həll olunması bağlı addımların atılmasına çağırıb. O deyib ki, son illər ölkədə əlillərin əlil arabası ilə təmin olunması məsələsində irəliləyişləri görməmək mümkün deyil. Amma əlillərin əlil arabalarına ehtiyacının ödənilməsi bu gün də ən vacib məsələlərdən biridir. Amma ən vacib məsələlərdən biri də ondan ibarətdir ki, bu gün əlillərə verilən əlil arabaları əl ilə hərəkət etdirilir və hər bir əlilin yanında bir nəfər olmalıdır ki, onun əlil arabasının hərəkət etməsinə kömək etsin. Bunsuz əlillərin əlil arabasından geniş səviyyədə istifadə etmələri çətin olur. Onlar xahiş edirlər ki, əlillər üçün dövlət tərəfindən alınan və verilən əlil arabaları motorlu əlil arabaları olsun ki, onların özləri başqalarının yardımı olmadan hərəkət etdirə bilsinlər. Bu məsələnin həlli əlil arabasına ehtiyacı olan əlillər üçün çox vacibdir və onlar bu istiqamətdə təkliflərin həllinin tapmasını gözləyirlər.

"Əlillərin hərəkəti üçün yol-nəqliyyat infrastrukturu, səkilər, küçələr, yeni tikilən binalar, təhsil və səhiyyə sistemi obyektləri, yerli və mərkəzi icra orqanlarının binaları əlillərin tələbatına cavab vermir və bu istiqamətdə əlillərin həllini gözlədiyi ciddi problemləri var və bu istiqamətdə ciddi işlərin görülməsinə ciddi ehtiyac var" deyə deputat bildirib.

 

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
İran Netanyahunun evini VURDU