Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə edilən dəyişikliklər müzakirəyə çıxarılıb.
“Ölkədə kitab çapı ƏDV-dən azad edilsə, bu sahəni daha da canlandırmaq olar”. Modern.az xəbər verir ki, bu sözləri müzakirələr zamanı deputat Sabir Rüstəmxanlı deyib. Onun sözlərinə görə, bu addımla ölkədə kitab çapını canlandırmaq mümkündür. “Əgər ciddi dəyişiklik etmək istəyiriksə, kitab nəşri bütünlüklə ƏDV-dən azad edilməlidir. Bu dövlətin də siyasətinə uyğundur”.
S. Rüstəmxanlı poliqrafiya sahəsində inhisarçılığın varlığından narazılıq edib. “Dərslik nəşriyyatlarında inhisar var. Hakimiyyətlə əlaqəli adamlar bununla məşğul olur”. S. Rüstəmxanının sözlərinə görə, rayonlarda kitab mağazaları yoxdur. “Sosializmdə kitabı kəndə maşınla gətirilirdi. Amma milli dövlət kitabı qorumur. Kitaba qarşı böyük hücum var. Kitab dükanı yoxdursa, oxucu necə kitab alsın!?”
Deputat dərsliklərin durumundan şikayətlənib. “Dərsliklərə dəxli olmayan adamların yazıları salınır. Kimin adamı varsa onun qohumları dərsliyə salınır. Kiatabla bağlı ümumrespublika müşavirəsi keçirlmədlir”.
Vergi Məcəlləsinə edilən dəyişikliklər barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O, bildirib ki, dəyişikliklər nəticəsində dərslik komplektləri və uşaq ədəbiyyatının istehsalı ilə məşğul olanlara ƏDV tətbiq olunmayacaq.
Belə ki, məcəllənin 164.1.8 maddəsinə Azərbaycanda ümumtəhsil müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatı istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinin vergidən azad olunması təklif olunur. Layihədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət əhəmiyyətli nəşrlərə əlavə dəyər vergisinin tətbiqi saxlanır: “Bu məsələ bir qədər problemli idi. Hər bir kəs müvafiq icra hakimiyyətinin adından istifadə edərək yazıları vergi ödəmədən dövlət əhəmiyyətli nəşr adı ilə çap etdirə bilirdi”.
Sonda layihə səsə qoyularaq qəbul olunub.
Modern.az