Modern.az saytı xəbər verir ki, Milli Məclis dekabrın 3-də keçirdiyi iclasda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edib.
Yeni dəyişikliyə görə, bəzi cərimələrin miqdarı kəskin artırılıb və onların hüquqi məsuliyyəti müəyyən edilib.
Dəyişiklik barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 296-1 (Avtoxuliqanlıq) maddəsinə dəyişiklik edilib.
Bu dəyişikliyə görə, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif usullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətə görə, nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətinə məhdudlaşdırmaqla 500 manatdan 750 manatadək cərimə ediləcək. Və ya nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətinə məhdudlaşdırmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən 1 ayadək inzibati həbs tətbiq olunacaq.
Əgər eyni hərəkətlər il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilərsə, avtomobil idarə etmə hüququ 2 il məhdudlaşdırlmaqla 750 manatdan 1000 manatadək miqdarda cərimə olunacaq. Yaxud avtomobil idarə etmə hüququ 2 il məhdudlaşdırlmaqla 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Modern.az