Modern.az

Laylasız böyüyən uşaqlar: Gələcəyimiz təhlükədədir!

Laylasız böyüyən uşaqlar: Gələcəyimiz təhlükədədir!

Mədəniyyət

26 Avqust 2024, 17:45

Gənc ailələr arasında körpələrə ana laylası deyilməsi ənənəsinin azalması diqqət çəkir. Texnologiyanın inkişafı və smartfonların geniş yayılması ilə valideynlər uşaqları yatızdırmaq üçün daha çox müxtəlif cihazlara üstünlük verirlər. Bu isə layla kimi mənəvi dəyəri olan ənənələrin yox olmasına gətirib çıxarır.

 

Müasir araşdırmalar ana laylasının əvəzsiz olduğunu göstərir. Laylaların hər kəlməsi uşa­ğın şəxsiyyət kimi formalaşması­na xidmət edir. Tarixən analarda belə bir inam olub ki, laylalar körpəni şər qüvvələrdən, pislik və xəstəliklərdən qoruyur.

 

Tədqiqatçılar deyir ki, körpələr ana laylasını dinlədikdə özlərini daha təhlükəsiz hiss edir və bu da onların inkişafına müsbət təsir göstərir. Lakin müasir həyat tərzi insanları bu ənənədən uzaqlaşdırır.

 

Modern.az mövzu ilə bağlı bir neçə psixoloq, psixoanalitik, sosioloqla həmsöhbət olub.

 

"Layla valideynlərlə körpə arasında emosional əlaqəni gücləndirir"

 

Psixoloq Nizami Orucov bildirib ki, layla, yəni uşaqlara oxunan yuxu mahnıları, körpələrin emosional inkişafında və ruhsal vəziyyətində müsbət təsir göstərə bilər:


“Layla oxumaq uşaqların rahatlamasına, yuxu keyfiyyətinin yaxşılaşmasına və emosional bağların güclənməsinə kömək edə bilər. Layla və ya oxunan mahnıların körpə üçün bir çox faydaları var.Körpələr daha rahat yata və yuxu keyfiyyəti daha yaxşı ola bilər. Uşaqları sakitləşdirə və yuxu mühitini yaxşılaşdıraraq, onların daha rahat yuxu almasına kömək edə bilər. Ümumi rahatlığı və yuxu keyfiyyətini yaxşılaşdıraraq, onların gündüz fəaliyyəti və inkişafına müsbət təsir göstərir. Layla oxumaq valideynlər ilə körpə arasında emosional əlaqəni gücləndirə bilər. Güvənli bağlanmağa kömək edir. Ana ilə övlad arasındaki bağlanma forması uşaqlıqdan formalaşır və böyüdükcə mütləq necə inkişaf edibsə, o cür də özünü biruzə verir. Layla ilə böyüyən uşaqlarda daima ana ilə kontakt, ananı hiss etmək, əminlik hissi inkişaf edir və belə olduqda uşaq güvənli şəkildə ana ilə münasibət qurmuş olur. Bu da gələcəkdə uşaq üçün önəmli bağlanma formasına çevrilir. Beləcə, uşağın emosional inkişafını dəstəkləyir və valideynlərlə körpə arasında yaxınlıq yaradır".

 

O qeyd edir ki, layla və mahnı sözləri dil inkişafını təşviq edə bilər: "Körpələr musiqi vasitəsiylə sözlərin cümlədəki quruluşunu eşidir, bu onların kognitiv bacarıqlarına müsbət təsir göstərə bilər. Söz bazasının bünövrəsi, həmçinin tərkibi üçün layla misilsiz xidmət edir. Uşaqlar hələ oxuyub – yaza bilmədikləri bir dönəmdə layla ilə böyüdülsələr, eşidərək nə qədər söz, hiss öyrənə bilərlər. Şəxsi inkişafı dəstəkləyər. Uşaq doğulduğu andan bəri sürətli bir inkişaf yoluna daxil olur. Xüsusilə layla vasitəsilə sürətlə inkişaf edən beyin tutumunun artmasına, hafizənin yaxşı inkişaf etməsinə kömək edir. Və həmçinin uşaqların şəxsi inkişafı üçün pozitiv qalıcı təsirə malikdir. Emosional inkişaflarına yardım edir. Yeni doğulan körpələr inkişaf yollarında duyğularını idarə etməyi çox sonrakı  yaşlarında öyrənə bilirlər. Layla vasitəsilə ana bunu dəstəkləyə bilər. Layla uşaqları fərqli duyğularla tanış edir, narahat olanda sakitlikləşdirir, aram şəkildə böyüməsini təmin edir. İrəli zamanlarda uşaqların öz duyğularını idarə etmələrinə kömək edir”.

 

Psixoloq bildirir ki, layla səsləndirilməyən körpələr də sağlam şəkildə inkişaf edə bilər, lakin laylanın yuxarıdakı müsbət təsirləri nəzərə alındıqda, bu praktikaların əlavə faydalı olduğunu söyləmək olar: “Yəni, laylanın olmaması birbaşa olaraq mənfi nəticələrə səbəb olmaya bilər, lakin laylanın verə biləcəyi əlavə rahatlıq və emosional dəstək körpə inkişafını müsbət şəkildə təsir edə bilər”.

 

"Bəlkə də layla deyilmədiyi üçün uşaqlar ailə dəyərlərinə bağlı deyillər"

 

Psixoloq Elmir Əkbərin sözlərinə görə, layla vasitəsi ilə insanlarda hələ körpə yaşdan milli kimlik formalaşır:

 

“Layla tək körpəyə yox, daha böyük - o sözləri anlayan uşağa da deyilir. Layla zamanı uşaq anasının səsini mülayim şəkildə eşidir. Axı layla deyən ana daha sevgi dolu və emosiallarla o laylanı deyir. Bu səbəbdən də səs uşağa müsbət və rahatlandırıcı təsir bağışlayır. Bəzi kəndlərdə və rayonlarda hər uşağa özünə uyğun layla deyilirdi. Bu çox maraqlı yanaşmadır. Mən düşünürəm ki, analar bu tip şeyləri etməlidir, çünki valideynə bağlılıq daha da güclənir, sevgi hissi daha da güclənir. Bəlkə də bu kimi şeylərə əməl olunmur deyə son zamanlar uşaqlar ailə dəyərlərinə bağlı deyillər”.

 


Psixoanalitik, Prof.Dr. Namik Qüdrətov bildirib ki, körpənin ilk eşitdiyi şəxs anasının səsidir:


“Bu onun üçün sakitləşdirici səsdir. Ana övladını qucağına aldığı zaman istiliyi, ananın səsini eşidəndə onun doğmalığını hiss edir. Balaca körpələrin buna ehtiyacı var. Ana qayğısı görməyən uşaqlar, yetəri qədər zaman ayrılmayan, qayğı görməyən uşaqlar psixoloji cəhətdən asosial olurlar və böyümələri normal olmur”. 

 

Psixoloq Vüsalə Əmiraslanova qeyd edir ki, layla psixoloji olaraq ananın səsinin uşağın qulağında daim cingildəməməsidir:

 

“Uşaq anasının səsini körpə vaxtı həm süd içəndə,həm yatanda daha incə və musiqili istəyir. Bu səbəbdən laylalar uşağın psixologiyasına, onun böyüməsinə, inkişafına, həm fiziki, həm də psixoji inkişafına, rahatlığına daha müsbət təsir göstərir. Layla dinləyən körpələrlə, layla dinləməyən körpələr arasındakı fərq haqqında tədqiqat aparmamışıq, lakin düşünmürəm ki, indiki uşaqlar layla eşitsin. Əvvəlki uşaqların layla eşitdiyini nəzərə alaraq, onlar daha sevgi dolu, daha hisslərini göstərən, daha təmiz, daha saf kimi bizim yadımızda qalıb. Lakin indiki uşaqlara fikir versək, onlarda daha çox eqoistlik, özlərini düşünmə və birazda kobudluq var. Lakin bunu sırf laylalarla əlaqələndirmirəm. Belə tədqiqat əlimdə yoxdur. Şifahi xalq ədəbiyyatından olan laylalar bizim üçün çox vacib faktordur. Bizə həm psixoloji olaraq və fiziki inkişafımıza yaxşı təsir göstərir”

 

"Yeni laylalar yaranmalıdır"

 

Sosioloq Lalə Mehralı sözlərinə əsasən, əslində bizim milli foloklorumuzda çox gözəl nazlamalar, oxşamalar, bayatılar, laylalar var:

 

"İstənilən şəxs axtarış saytlarında, kitabxanalarda axtarsalar, laylaların, nazlamaların həddindən artıq alternativlərini görəcəklər. Biz sadəcə laylaların və nazlamaların  xalq arasında bilinən bir neçə bəndini əzbərləmişik. Araşdırmırıq, bilmirik. Bu səbəbdən laylaların bir neçə bəndlə yekunlaşdığını düşünürük və yeni laylaların yaranma zərurətini düşünürük. Yeni laylaların, nazlamaların yazılmasının tərəfdarıyam, lakin bunun bunu ehtiyacdan yox, milli foloklorun yenilənməsi baxımından etmək yaxşı olardı. Bu işi nəzarətlə həyata keçirtmək daha yaxşı olardı. Bu birbaşa uşaq psixologiyasına təsir edən predment olduğu üçün nəzarətlə həyata keçirilməlidir. Zorakılıq kimi aqressiv ünsürlər olmaması şərtdir".

 

Gülarə Quliyeva

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusunda dərc olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər