Azərbaycanda son illər qeysəriyyə kəsiyi əməliyyatı vasitəsilə doğuşa üstünlük verənlərin sayında artım müşahidə edilir. Bir çox hallarda bu üsula tibbi zərurətdən müraciət edilsə də, bəzən belə bir zərurət olmadan ailələr bu üsula üstünlük verirlər. Çünki, hamilə qadınlar adətən təbii doğuş qorxusu yaşayır, xüsusən də birinci dəfə ana olmağa hazırlaşanlar bu qorxunun üstəsindən gələ bilmir və əməliyyatla uşaq dünyaya gətirməyi seçir
Doğuş üsulunun müəyyən edilməsində ananın sağlamlıq vəziyyəti və həkimin tövsiyələri nəzərə alınmalıdır. Doğuşun əməliyyatla icra olunması nisbətən təhlükəsizdir, lakin mümkün fəsadlar arasında infeksiya, daxili orqanların zədələnməsi, körpənin tənəffüs çətinliyi riskinin artması və gələcək hamiləliklərlə bağlı ağırlaşmalar daxildir.
Mövzu ilə bağlı Modern.az-a danışan uzman mama-ginekoloq Rəşad Sultan bildirib ki, hər əməliyyat kimi qeysəriyyənin də öz göstərişləri olmalıdır:
"Doğuş zamanı qeysəriyyə əməliyyatını etmək yalnız o halda mümkün ola bilər ki, başqa çıxış yolu qalmasın. Bu vəziyyədə qeysəriyyə əməliyyatını etmək həm ananın, həm də övladın həyat təhlükəsini azaltmış olur".
Ginekoloq bildirib ki, əməliyyatın müsbət tərəfi uşaq üçün risklərin daha az olmasıdır:
"Qeysəriyyə ilə uşaq dünyaya gətirərkən uşaq üçün heç bir risk olmur. Lakin səbəbsiz qeysəriyyənin ana üçün müsbət tərəfi yoxdur. Ananın xəstəxanada qalma müddəti uzanır, tromboemboliya, qızdırma və iltihabi xəstəliklərin riski artır və s. Nəzərə alsaq ki, bir qeysəriyyə əməliyyatı keçirmiş ana sonraki doğuşları da qeysəriyyə şəklində olmalıdır,bu zaman risklər daha da artır. Normal doğuşda isə risklər daha aşağıdır, sadəcə uşağın az da olsa, oksigensiz qalma təhlükəsi var. İnsanlar düşünür ki, əgər hamilədə hər hansısa risk varsa, ana və uşaqda dərhal qeysəriyyə üsulla doğumu həyata keçirtmək lazımdır. Lakin heç də belə deyil. Normal doğuşun riskləri qat-qat azdır, hətta uşaq üçündə. Ürək xəstəsi olan, qarın boşluğundan dəfələrlə başqa səbəblərdən əməliyyat olunmuş və s. kimi problemləri olan qadının təbii doğuşunun həyata keçməsi daha daha az risklidir. Bu səbəbdən "qeysəriyyə can rahatlığıdır" düşüncəsi böyük səhvdir. Başqa əməliyatlar kimi burda da narkoz verilir. Burada da tromboemboliya təhlükəsi var, ürək xəstəliyinə dair risklər var. Xəstəni yaxşı araşdırmaq, anestezioloq müayinəsi, qan analizi, elektrokardioqramma və yanaşı gedən xəstəliklərin olub-olmadığını bilmək lazımdır. Hər əməliyyatda daşınan risklər,infeksiya, qan axma qeysəriyyədə də var".
Rəşad Sultan qeyd edir ki, təbii doğuşdan sonra qadın ya dərhal, ya da bir gün sonra ayağa qalxıb uşağına süd verə və özünə qulluq edə bilir:
"Lakin qeysəriyyə olmuş qadın əməliyyat olmuş qadındır, onun sağalma prosesi və yarası baxımından daha uzun çəkir. Bu baxımdan da normal doğuş daha yaxşıdır. Qeysəriyyə əməliyyatından sonra normal doğuş mümkündür, lakin riskləri var. Uşaqlığın yırtılma riski və bununla da uşağın 100 faizə qədər ölüm ehtimalı var. Bu gün ölkəmizdə demək olar ki, kimsə qeysəriyyədən sonra normal doğuş etmir. Mən də bu addımı məsləhət görmürəm ki, bu şərtlərdə bu risklərə gedilsin".
Gülarə Quliyeva