XX əsr liderlər əsridir, əsrin lideri isə Heydər Əliyevdir.
E.Şevardnadze (Gürcüstanın sabiq prezidenti)
O, kim idi? Fəhlə ailəsinin kasıb övladı, yoxsa həlli mümkün olmayanı mümkün etməyi bacaran siyasi nəhəngmi?
O, bunların hər ikisini yaşamağı bacardı. Erməni ideoloqu yazırdı: “Həqiqətən Heydər Əliyev böyük şəxsiyyətdir, lakin onun hərbi biliklərə dərindən yiyələnməsi məni heyran edir. Onun kimiləri hərbdə general-simmus qazanır. Bunun üçün müharibəni udmaq lazımdır. Müharibə olsa o, bunu əldə edəcək”.
Heydər Əliyev şəxsiyyəti dünya tarixində mühüm yer tutur. Fövqəladə-qlobal qərarlar qəbul edərək bu qərarları icra etmək məharəti Heydər Əliyevi bəşər tarixinin ən görkəmli dövlət xadimləri sırasına yüksəltmişdir. Heydər Əliyevdə çoxları tərəfindən “nağıl”, “əfsanə” adlandırılanları reallığa çevirmək bacarığı var idi və bu Onu gələcəyin istinadgah yeri etdi. Belə bir ömürlə, bu ömrün zəka və siyasət döyüşləri ilə tanışlıq və onu elmi şəkildə öyrənmək hamı üçün vacibdir.
Gəlin, bu həyatın müəyyən mərhələləri ilə yaxından tanış olaq.
Heydər Əliyev 1936-cı ildə Naxçıvan Pedaqoji Texnikumuna daxil olur və 1939-cu ildə texnikumu əla qiymətlərlə bitirir. Texnikumda oxuduğu müddətdə müəllimi Lətif Hüseynzadə deyərmiş. “Heydər, sən adi deyilsən, səndə çox qeyri-adiliklər var. Sən gələcəyin dahi şəxsiyyətlərindən olacaqsan”.
Öz üzərində durmadan işləmək və oxumaq arzusu onu Bakıya gətirir. O, burada Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olur. Elə həmin il də İkinci Dünya Müharibəsi başladığından müharibə ona təhsilini davam etdirməyə imkan vermir və o, Naxçıvanda əmək fəaliyyətinə başlayır.
1941-1943-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında “bölmə müdiri”, 1943-1944-cü illərdə Naxçıvan MSSR Xalq Komissarları Sovetində “şöbə müdiri” vəzifələrində çalışır.
O, 1944-cü ildə dövlət təhlükəsizlik orqanlarına işə göndərilir, 1945-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarına daxil olur.
Heydər Əliyev 1949-1950-ci illərdə Leninqradda Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbində təhsil alır. Həmin məktəbi bitirməsi ilə əlaqədar ona verilən aşağıdakı xidməti xasiyyətnamədə deyilirdi. Xidməti xasiyyətnamə (SSRİ DTK-nin rəhbər operativ heyətinin yenidən hazırlanması üzrə)
Baş leytenant Əliyev Heydər Əlirza oğlu 1949-cu ilin may ayından 1950-ci ilin iyul ayınadək SSRİ DTK-nın Leninqraddakı məktəbində oxumuş və özünü yalnız nümunəvi tərəfdən göstərmişdir. Təhsilə tam ciddi yanaşmışdır. Tədris materiallarının öyrənilməsi üzərində geniş və inadla çalışmışdır. Sinif və seminar məşğələlərinə həvəs və səylə hazırlaşmış, təhsildən kənar vaxtlarında öz ideya-siyasi və ümumtəhsil səviyyəsini artırmaq üzərində əlavə işləmişdir.
Nəticədə bütün öyrənilən fənlər üzrə imtahan və zaçotlardan əla qiymətlər almışdır. Bütün təhsil aldığı müddətdə dərs əlaçısı olmuş, məhz buna görə də məktəb rəisinin əmrilə ona təşəkkür elan olunmuş, adı məktəbin “Şərəf lövhəsi”- nə salınmışdır. Operativ məsələlərin həllində ən vacibini bacarıqla tapır, əməliyyat şəraitində həll yolunu sərbəst və düzgün seçir, doğru qərarlar qəbul edərək əməliyyat sənədlərini hərtərəfli və əsaslandırılmış tərtib edir. Yoldaş Əliyev partiya tapşırıqlarını vicdanla yerinə yetirərkən əla təhsilini partiya və ictimai işlərlə uyğunlaşdırmışdır. SSRİ Ali Sovetinə seçkilər zamanı Leninqrad şəhərində seçki məntəqəsində təşviqatçı işləmişdir. Tərbiyəlidir, mənəvi cəhədən dözümlüdür, məişətdə ciddidir, yoldaşları ilə münasibətdə ünsiyyətcildir, ədəbli və nəzakətlidir. Dinləyicilər arasında xüsusi nüfuza malik olmuşdur. Vəzifədə irəli çəkilməyə layiqdir.
SSRİ DTK Leninqrad məktəbinin rəisi “Pinçuk” Sonradan Heydər Əliyevin DTK-nın həmin məktəbində aldığı təhsillə əlaqədar aşağıda təqdim edilən şəhadətnamə barədə Rusiya Federasiyasının baş naziri Vladimir Putin Heydər Əliyevi “siyasi nəhəng” adlandıraraq deyəcəkdi: “Heydər Əliyeviç Leninqradda yaşamış, orada xüsusi təhsil müəssisəsini bitirmişdir. Mən öz həmkarlarımdan xahiş etmişəm, biz bir sıra arxiv sənədləri qaldırmışıq. O, hələ bunu bilmir, bu da onun üçün gözlənilməzdir. Xüsusi məktəbi bitirmək haqqında şəhadətnamə budur, orada yazılmışdır: "Baş leytenant Heydər Əliyevin şəhadətnaməsi”. Sonra onun təhsilinin nəticələri gəlir. Mən hamısını olmasa da bəzi yerlərini oxuyacağam. "Dialektik və tarixi materializm - əla, Çekist hazırlığı - əla, SSRİ-nin və xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası - əla. Cinayət hüququ - əla, Ədəbiyyat - məqbul, Hərbi iş - məqbul, Rus dili - əla".
Zənnimcə, burada başqa qiymətlər yoxdur. Hamısı əladır”.
Heydər Əliyev öz təhsili barədə deyirdi : “Sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində oxudum. Müharibədən əvvəl mən memar olmaq istəyirdim. Müharibəyə görə bu pozuldu. Sonra mən siyasətə qoşulduğuma görə tarix fakültəsini bitirdim. KQB-nin ən yüksək məktəblərini bitirdim”. Heydər Əliyev 1950-1953-cü illərdə Azərbaycan SSR DTK-da “bölmə rəisi” vəzifəsində işləmişdir.
Azərbaycanda Heydər Əliyevədək bu orqana qeyri-azərbaycanlılar rəhbərlik etmişdi. Heydər Əliyev 1964-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinin “sədr müavini”, 1967-ci ildə “sədr” vəzifəsinə irəli çəkilir. SSRİ Nazirlər Soveti yanında DTK sədrinin 27.11.1969-cu il tarixli əmrində deyilirdi : “General-mayor Əliyev Heydər Əlirza oğlu 25 ildən çox təhlükəsizlik orqanlarında işləmişdir. Bu müddət ərzində o, əməliyyat müvəkkilindən respublika DTK sədrinədək yol keçmişdir. Yoldaş Əliyev rəhbər vəzifələrdə olarkən bütün bilik və enerjisini bizim vətənimizin dövlət təhlükəsizliyinin təmin edilməsi işinə verilməsində nümunə olmuş, özünü yaxşı təşkilatçı kimi göstərmişdir”.
1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda Heydər Əliyev “birinci katib” seçildi. Onun Azərbaycanda rəhbərliyə gəlməsi respublika üçün çox ciddi təhlükənin qarşısını aldı. Belə ki, 1968-1969-cu illərdə ermənilər Azərbaycana qarşı ərazi iddialarını Moskvanın dəstəyi ilə genişləndirmişdilər. Bunların nəticəsi olaraq Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Ermənistanla sərhəddə yerləşən 2 min hektardan çox torpağın onlara verilməsi haqqında 1938-ci il mayın 5-də qəbul edilmiş əsassız sənədi 1969-cu il 7 may tarixli qərarla təsdiq etdi.
Yalnız Heydər Əliyevin hakimiyyətə gəlişi həmin planın həyata keçirilməsinin qarşısını aldı. Heydər Əliyevin Azərbaycan rəhbərliyindəki fəaliyyəti ölkənin istənilən sahəsində inkişafla müşahidə olundu. Əgər 1969-cu ildə Azərbaycan SSR-də milli gəlirin həcmi faktiki qiymətlərlə 329,6 milyon manat idisə, 1982-ci ildə bu, 2,5 dəfə çoxalaraq 1045,8 milyon manata çatdı.
Bir faktı qeyd etmək yerinə düşər, əgər 1969-cu ildə respublikada cəmi 735 müəssisə var idisə, 1982-ci ildə onların sayı 1048-ə çatdı. 1969-1982-ci illərdə Azərbaycanda savadlılıq səviyyəsi xeyli yüksəlmişdi. Bu dövrdə ölkədə Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu və müxtəlif pedaqoji institutlar açıldı. 1969-cu ildə Azərbaycandan kənara təhsil almağa göndərilən əsasən də qeyri azərbaycanlılardan ibarət olan tələbələrin sayı cəmi 47 nəfər idisə, 1980-ci illərin əvvəllərində əksəriyyətini azərbaycanlılar təşkil edən tələbələrin sayı 1000-1400 nəfərə çatmışdı.
Məhz Heydər Əliyev 1971-ci il iyunun 20-də Bakıda azərbaycanlı gənclərdən zabit kadrları hazırlanmasında böyük rolu olmuş C.Naxçıvanski adına Respublika Orta İxtisaslaşdırılmış İnternat Məktəbi açmağı bacarmışdı. O məktəb ki, Heydər Əliyevə kimi onu yaratmağı heç kim bacarmamışdı, o məktəb ki, Kremlin “azərbaycanlılar hərbi biliklərə yiyələnməməlidir” siyasəti yeritdiyi vaxtda Heydər Əliyev o məktəbi yaratmağı bacardı. Bu, böyük bir tarixi uzaqgörənlik, zamanı və vaxtı qabaqlamaq idi ki, sonradan həmin məktəbi bitirənlər Qarabağ savaşında ermənilərə qarşı mərdliklə döyüşəcək və sonradan Müstəqil Azərbaycanın ordu quruculuğunda onların hərbi biliklərindən istifadə ediləcəkdi. Azərbaycan KP MK Bürosunun 1981-ci il 2 iyun tarixli qərarına görə Bakının ali məktəblərinə azərbaycanlı millətindən olan iranlıların qəbul edilməsi nəzərdə tutulurdu.
Bu qərar o dövr üçün böyük tarixi hadisə olub Şimali və Cənubi Azərbaycan arasında əlaqələrin inkişafı kontekstində azərbaycanlıların birliyi ilə bağlı böyük siyasi əhəmiyyət kəsb edirdi. 1978-ci il Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili azərbaycan dilidir” müddəasının daxil edilməsini də məhz Heydər Əliyev bacardı.
Onu da qeyd edək ki, hələ 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin 50 illik yubiley tədbirində Heydər Əliyev Azərbaycan rəhbərləri içərisində ilk dəfə ana dilində çıxış etmişdi. Heydər Əliyevin Azərbaycandakı fəaliyyət illəri türkçülük-millətçilik baxışlarına görə təqib olunan onlarla ziyalıların sürgün və təqiblərdən müdafiə olunmasında da özünü göstərdi. Azərbaycanın bir çox görkəmli ziyalıları – akademik Ziya Bünyadov, şairlərdən Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, yazıçılar Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli, Anar Rzayev və digərləri milli düşüncələrinə görə təqib edilirdilər. Türk dünyasına öz tarixi boyu düşmən olmuş Sovet rejiminin pəncələri arasında ziyalı azərbaycanlıları repressiya və sürgün təhdidlərindən qorumağı, türkçülük baxışlarına görə repressiya qurbanı olmuş Hüseyn Cavidin qəbrini Uzaq Sibirdən öz vətəninə gətirməyi də yalnız Heydər Əliyev bacardı. Həmin şəxsləri müdafiə etməklə Heydər Əliyev əslində özünü təhlükə altına qoyaraq milli şüuru oyatmağa xidmət edir və milli ruhu müdafiə edirdi. Həmin etdikləri sonradan Heydər Əliyevin ermənilər tərəfindən onu ləkələmək məqsədilə “pantürkçü”, “Kremldə ucalan türk bayrağı” adlandırılmasına səbəb olacaqdı, onu ləkələməyi isə heç kim bacarmadı.
Heydər Əliyevin böyük xidmətləri nəzərə alınaraq ona SSRİ Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 24 avqust tarixli fərmanı ilə “Lenin” ordeni və “Oraq və çəkic” qızıl medalı təqdim edilməklə “Sosialist Əməyi Qəhrəmanı” adı verildi. Digərlərindən fərqli olaraq bu ad o dövrki təcrübəyə uyğun olaraq “yubiley tədbiri” kimi deyil, məhz xidmətlərinə görə verilmişdi.
Heydər Əliyev 1982-ci il noyabrın 22-də SSRİ Ali Sovetinin qərarı ilə “SSRİ Nazirlər Soveti sədrinin birinci müavini” təyin edildi. Sovet İKP MK plenumunda isə Siyasi Büronun üzvü seçildi. Sonradan Heydər Əliyev həmin illəri xatırlayaraq demişdir: “1982-ci ildə Brejnev vəfat etdikdən sonra Andropov baş katib seçildi. O, məni Moskvaya dəvət etdi. Mənə müraciət etdi ki, Moskvaya gəlim, orada həm Siyasi Büronun üzvü, həm də Baş nazirin birinci müavini işləyim. Baş nazirin 12 müavini var idi, onlardan yalnız bir nəfər birinci müavin idi. Siyasi Büronun isə cəmi 10 üzvü var idi. Amma mən həm Siyasi Büro üzvü, həm də Baş nazirin birinci müavini olduğuma görə o vaxt Sovetlər Birliyinin rəhbərliyndə üçüncü-dördüncü şəxs idim”.
Bununla da Heydər Əliyev SSRİ-nin rəhbərlərindən biri oldu. Bu faktın mahiyyətini başa düşmək üçün qeyd etmək lazımdır ki, SSRİ ərazisinə görə yer kürəsinin altıda bir hissəsini tutmaqla dünya sosializm sisteminə daxil olan ölkələrin siyasətini müəyyənləşdirir, Kreml dünyanın iki qlobal gücündən birinə rəhbərlik edirdi. Heydər Əliyev bu nəhəng dövlətin sosial-iqtisadi həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdi. O, SSRİ Nazirlər Sovetinin 1982-ci il 15 dekabr tarixli qərarı ilə SSRİ Yollar, Dəniz Donanması, Yol-tikinti, Rabitə nazirlikləri, həmçinin müttəfiq respublikaların avtomobil, çay nəqliyyatı və yol təsərrüfatı məsələlərinə nəzarət edir, SSRİ Nazirlər Sovetinin Baykal-Amur dəmir yolu tikintisi üzrə daimi komissiyasına rəhbərliyi həyata keçirirdi. 1983-cü il fevralın 2-də Səhiyyə, Tibb Sənayesi, Mədəniyyət, Maarif, Ali və Orta ixtisas təhsili nazirlikləri, bir sıra dövlət komitələri də Heydər Əliyevin rəhbərlik sahəsinə verilmişdi. Heydər Əliyev Sovet İttifaqının rəhbərləri arasında ən intellektual və dinamik şəxs kimi ad çıxartmışdı.
SSRİ Ali Sovetinin 1983-cü il 7 may tarixli fərmanı ilə Ona ikinci dəfə “Sosialist Əməyi Qəhrəmanı” verilərək həmin ildə Naxçıvanda onun büstü ucaldı. Heydər Əliyev Sovet dövlətinin lideri səviyyəsinə yüksəlmişdi. O dövrdə Avropada Heydər Əliyevi SSRİ-nin növbəti rəhbəri kimi görür və ehtiyat edirdilər ki, o, çökməkdə olan imperiyanı öz ağlı, müstəsna qabiliyyəti sayəsində yenidən dirçəldəcək və dünyanın ən güclü dövlətinə çevirəcəkdir.
SSRİ Xarici İşlər naziri olmuş A.A.Qromıko qeyd edirdi : “Siyasi Büroda ancaq üç adam nisbətən cavandır. Romanov, Qorbaçov, Əliyev. Əliyev mənə daha xoş gəlir. Onun vaxtında Azərbaycan çox surətlə inkişaf etmişdir. Əliyev gözəl təşkilatçıdır, təmiz və ləyaqətli adamdır. Amma, təəssüf ki, onun namizədliyi istisna olunur...”. O, “nəyə görə, milliyyətinə görəmi?” sualına belə cavab vermişdi: “Bu məsələdə - hə, milliyyətinə görə”. Kremldə hakimiyyətə ilk vaxtlardan Heydər Əliyevə rəqib kimi baxan M.S.Qorbaçov gətirildi. Heydər Əliyevin yanında hər cəhətdən cılızlığını hiss edən Qorbaçov necə olursa-olsun, onu Siyasi Bürodan və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırmağı qarşısına məqsəd qoymuşdu. 1987-ci il oktyabrın 21-də Sovet İKP MK-nin plenumu keçirildi. Rəsmi məlumatda göstərilirdi ki, “plenum səhhətinə görə pensiyaya çıxması ilə əlaqədar Sovet İKP MK Siyasi Bürosunun üzvü H.Əliyev yoldaşın vəzifəsindən azad edilməsi barədə xahişini təmin etmişdir”.
SSRİ Ali Sovetinin Rəyasət Heyəti də eyni səbəblə Heydər Əliyevi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad etdi.
Xeyli sonra Heydər Əliyev müsahibələrinin birində bu haqda “Siyasi Büroda bir türkün, müsəlmanın olması onlar üçün əlverişli deyildi” deyəcəkdi.
Hörmətli oxucu, mən bu məqaləmdə Heydər Əliyevin SSRİ dövründəki siyasi fəaliyyətinin müəyyən məqamlarına toxundum və diqqət çəkdiyim bu tarixi iri hərflərlə yazılacaq “türkün şanlı səhifəsi” adlandırıram, ona görə şanlı kı, Heydər Əliyev bütün bunları “ermənilərə dost, türklərə düşmən” siyasəti yeridən Sovet hökumətinin nəhəng pəncələri altında etməyi bacarmışdı, ona görə şanlı ki, Heydər Əliyevin siyasi fəaliyyəti dövründə ermənilər dəfələrlə Azərbaycan torpaqlarının ələ keçirilməsi üçün çox cəhdlər etmişdilər, ermənilərin bu niyyətlərinə mane olmağı da yalnız Heydər Əliyev zəkası bacarmışdı.
Heydər Əliyevin istefasından az sonra Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün erməni separatizminin açıq fəaliyyətə keçməsi də görünməyən çox mətləblərdən xəbər verir.
1990-cı il noyabrın 17-də türkçülük, müasirlik və islamçılığı özündə birləşdirən üçrəngli Azərbaycan bayrağının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilməsilə başlanan “Müstəqil Azərbaycan” adlı şanlı tarixi də yenə Heydər Əliyev yazdı. Azərbaycan Respublikasında Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Demokratik Cümhuriyyətinin qərarı ilə qəbul edilmiş, 1920-ci ildə ADR-in süqutu ilə üçrəngli bayraqdan məhrum edilmişdik. Həmin bayrağı ikinci dəfə Naxçıvanda tarixə qaytarmağı da yalnız “Heydər Əliyev siyasəti” bacardı və onu sonradan Müstəqil Azərbaycanın əbədi bayrağı etdi. Həmin müstəqil Azərbaycankı, onun inkişafını Heydər Əliyev qlobal güc sahiblərinin maraqlarının kəsişdiyi bir coğrafi ərazidə mümkün edə bildi, o qlobal güc sahibləri ki, onların hər biri Azərbaycanı özünə strateji tərəfdaş saydı və bu gün də sayır. Bunlar ona görə mümkün oldu ki, müxtəlif dövrlərin tarixi şəxsiyyətlərindən heç kim Heydər Əliyev qədər “balanslaşdırılmış siyasət” reallaşdırmağı bacarmamışdı. Avropa qəzetlərinin birində yazılırdı : “Heydər Əliyev həm SSRİ rəhbərliyində təmsil olunanda, həm də müstəqil Azərbaycanın Prezidenti olduğu müddətdə çox siyasətçilərə doğru yol göstəribdir. Heydər Əliyevlə görüşən siyasətçilər təkcə onunla danışmır və ya söhbətinə qulaq asmırlar, üstəlik ondan mütləq nə isə öyrənirlər. Hər kəs ondan nə isə öyrənir – siyasi davranış, diplomatik etiket incəliklərini, tərəf müqabilini sonadək dinləmək mədəniyyətini və s.”.
Hörmətli oxucu, hətta Vladimir Putin müsahibələrinin birində etiraf edərək Heydər Əliyevdən öyrəndiyini, Azərbaycan Prezidenti ilə görüşə hər zaman ehtiyac duyduğunu bildirmişdi.
Sonda qeyd etmək istəyirəm ki, zamana ehtiyacı olduğundan Heydər Əliyevin nəhəngliyini yetərincə hiss etmirik, bizlər Heydər Əliyev zirvəsinin ətəklərindəyik, siyasətin “Heydər Əliyev zirvəsi”-nin əzəmətini isə yalnız illər sonra hiss etmək mümkün olacaq.
III dərəcəli hüquqşünas
Vüqar Orucov