Modern.az

Ədliyyə Nazirliyində yeni QHT-lər qeydiyyata alındı

Ədliyyə Nazirliyində yeni QHT-lər qeydiyyata alındı

Qarabağ

3 Dekabr 2013, 18:45

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.
İclasda dövlət başçısının "Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 20 noyabr 2013-cü il tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə olunub.

Tədbirdə çıxış edən nazir bildirib ki, qeyri-hökumət təşkilatlarının sayının ilbəil artması davam edir, nazirlikdə dövlət qeydiyyatına alınmış QHT-lərin sayı 2.900-ü ötüb. Təkcə bu ilin 11 ayı ərzində 51 milyon manatdan çox məbləği əhatə edən 1230 qrant müqaviləsi qeydiyyata alınıb.

İclasda çıxış edən nazirliyin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov "Qeyri-kommersiya hüquqi şəxsləri" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminin, nazirlik tərəfindən göstərilən elektron xidmətlər sırasında QHT-lərin və digər qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyatı proseduru, eləcə də onların dövlət reyestrinə daxil edilməsi ilə bağlı məlumatın verilməsinə dair yeni işlək funksiyaların yaradıldığını qeyd edib. Həmçinin, QHT-lərə daim metodiki köməklik göstərilərək tövsiyə və məsləhətlər verilir, əyani vəsaitlər təqdim olunur.

Bununla belə, bəzi QHT-lərin nizamnamələrinə uyğun fəaliyyət göstərməmələri, qrant müqavilələri və digər zəruri məlumatları təqdim etməmələri, maliyyə pozuntuları və bu kimi hallara yol verməsi, eləcə də qeydiyyatla bağlı sənədlərin bəzi hallarda natamam və qüsurlu təqdim olunması bildirilib.

Qeyd olunub ki, yeni fərmana əsasən QHT-lərin aidiyyəti dövlət qurumları ilə qarşılıqlı məlumat mübadiləsini, qanunla müəyyən edilmiş məlumatların, hesabatların elektron formada verilməsini və digər elektron xidmətlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Ədliyyə Nazirliyinə "Fərdi elektron pəncərə" elektron məlumat sistemi yaradılması və fəaliyyətinin təmin edilməsi tapşırılıb.

Bununla əlaqədar ölkə Prezidentinin Fərmanının icrası üzrə görülməli işlər əyani nümayiş etdirilib, elektron məlumat sistemindən istifadəni təmin etmək üçün zəruri infrastrukturun formalaşdırılması, istifadə qaydalarına dair inzibati reqlamentin hazırlanması, müasir İKT-lərin tətbiqi imkanları və s. məsələlər üzrə konkret tədbirlər müəyyən olunub.

Kollegiyada kadr işinin təkmilləşdirilməsi, o cümlədən gənc mütəxəssislərin qulluğa qəbulu prosesinin daha da yaxşılaşdırılması, onların səmərəli tədrisi və peşə vərdişlərinə mükəmməl yiyələnməsi ilə bağlı aidiyyəti tapşırıqlar verilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu