Vətəndaşların sağlamlıqlarını qoruya bilmək və müalicələrini lazımi səviyyədə təşkil etmək üçün tibb müəssisələrində ümumi müddəalar qeyd olunur. Əgər vətəndaşın hansısa dərmanın tərkibinə qarşı allergiyası varsa, bu barədə həkimlər necə xəbərdar edilir?
Modern.az mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, TƏBİB tabeli tibb müəssisələrinin təcili tibbi yardım şöbələrində vahid forma mövcuddur:
“Həmin formada xəstənin anamnez məlumatları qeyd olunur. Burada allergiya məlumatını qeyd etmək üçün də bölmə mövcuddur. Bu forma xəstədən soruşularaq doldurulur. Xəstə təcili tibbi yardıma huşsuz vəziyyətdə daxil olduqda isə məlumatlar onu müşahidə edən şəxs ilə dəqiqləşdirilərək elektron sistemə daxil edilir”.