Modern.az

Bahalı nömrə sevgisi - Bu, yarımçıq kompleks, psixoloji problemdir

Bahalı nömrə sevgisi - Bu, yarımçıq kompleks, psixoloji problemdir

Aktual

28 Avqust 2024, 13:20

Sosial şəbəkələrdə bahalı telefon nömrələrinin satışının şahidi oluruq. 50, 60, hətta 100 min manatadək qiymətə satışa qoyulan mobil telefon nömrələrinə rast gəlinir. Bir çoxlarımıza təəccüblü gəlsə də, bu nömrələrin satıcısı ilə yanaşı, alıcısı da var.

Modern.az-ın əməkdaşı mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

İqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, bəzi telefon nömrələrinin bu cür baha olmasının heç bir iqtisadi əsası yoxdur:

 

“Bu, sadəcə insanların psixoloji problemilə bağlıdır. Belə alqı-satqı daha çox əziyətsiz vəsait qazananların əl atdığı yoldur. Əgər bu gün biz dünya praktikasına nəzər salsaq, görərik ki, belə hallar daha çox Birləşmiş Ərəb Əmirliklərində, Səudiyyə Ərəbistanında yaşanır. Orada da bəzən bahalı avtomobil nömrələrinə çox böyük vəsaitlər ödəyirlər. Bu, insanın ətrafdakılardan və cəmiyyətdən seçilmək istəməsi və eqoizmlə bağlı məsələdir”.


İqtisadçı qeyd edib ki, bu vəsaitlərin biznesə, yaxud sosial layihələrə yatırılması daha yaxşı olar:
 

“Hər bir kəs öz vəsaitini istifadə etməkdə sərbəstdir. Lakin hesab edirəm ki, bu vəsaitlər bir gəncimizin təhsilinə, yaxud hansısa imkansız ailəyə maddi dəstək olaraq yönəldilsə, həmin şəxsə daha böyük mənəvi rahatlıq və zövq verər, nəinki hansısa mobil nömrəyə xərclənməsi. Bu cür hallar dinimizdə də heç cür təqdir edilmir. Sözsüz ki, həm də dini nöqteyi-nəzərdən bu vəsaitləri cəmiyyətin rifahı üçün istifadə etmək daha savab və məqsədəuyğun olardı”.
 

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, bahalı nömrələrə maraq göstərmək insanın məhdudluğunun göstəricisidir:

 

“Dünyagörüşü inkişaf etmiş bir insana 200 manata nömrə təklif etsəniz, lazımsız olduğunu deyəcək. İnsanlarda belə bir təbii xüsusiyyət var ki, hər kəs özünü nədəsə təsdiq etmək istəyir. İnsanın böyük uğurları, yüksəldiyi yerlər varsa, özünü təsdiq etmiş hesab olunur. Amma o insanlarda ki yarımçıq kompleks var, çalışır ki, həyatda başqa bir şeylə özünün üstün olduğunu təsdiq etsin”.
 

Sosioloqun sözlərinə görə, özünü başqa sahədə təsdiq edə bilməyən insanlar qeyri-adi yollarla üstünlüklərini nümayiş etdirməyə çalışırlar:
 

“Təssüf ki, bizdə də bu cür insanlar çoxdur. Cəmiyyətdə özünü başqa sahədə təsdiq edə bilməyən insanlar bahalı mobil nömrə ilə, avtomobil nömrəsi ilə və yaxud başqa bir hay-küylü şeylə özünün üstün olduğunu təsdiq etmək istəyir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI