İlon Mask nəinki ABŞ-də, bütün dünyada böyük nüfuza və güclü təsirə sahib şəxsdir. Son zamanlar onun ABŞ-nin daxili siyasətindəki aktivliyi bütün dünyada diqqət çəkir. İlon Maskın X sosial media hesabından eks-prezident Trampdan aldığı müsahibə, Trampın Maska kabinetdə iş təklifi və qarşı tərəfin bunu qəbul etməsi dünya mediasında müzakirələrə səbəb olub. Bəs Trampla İlon Maskı birləşdirən məqamlar hansılardır?
Mövzu ilə bağlı Modern.az-a danışan siyasi şərhçi Kamran Cəfərov bildirib ki, Mask bir milyarder, kapitalist kimi hər zaman respublikaçılara daha yaxın olub və onların siyasi baxışlarını bölüşüb.
“Son zamanlar demokratlar və respublikaçılar arasında qarşıdurmanın pik nöqtəsinə çatması fonunda, İlon Mask da özünü bu siyasi qarşıdurmada görmək istədi və tərəfini seçdi. Maskın siyasi mübarizəyə qatılması son günlərin işi deyil, o, bir neçə ildi ki, respublikaçılarla (Trampla) eyni mövqedə çıxış edir və bunu ictimai qaydada ortaya qoyur. Söhbət həm daxili, həm də xarici məsələlərdən gedir”, - deyə o bildirib.
Ekspert onu da qeyd edib ki, Tramp kimi, İlon Maskın da Rusiya prezidenti Putinə xüsusi simpatiyası var.
“2022-ci ilin oktyabr ayında baş verənləri misal gətirsək, ortaya çox maraqlı nüanslar çıxacaq.
3 oktyabrda İlon Mask tvitter (hazırkı X) sosial şəbəkəsində dünyada qalmaqala və geniş müzakirələrə səbəb olan paylaşım etdi. Mask Ukraynada gedən proseslərə dair öz baxışını bölüşdü. O, hesab edir ki, müharibənin dayandırılması formulu 4 bənddən ibarət olmalıdır:
- Rusiyanın nəzarətində olan ərazilərdə BMT-nin müşahidəçiliyilə referendumlar keçirilməlidir və yerli əhali hansı ölkənin tərkibində olmasını (Rusiya, ya da Ukrayna) özü seçməlidir;
- Krım Rusiyanın tərkibində qalmalıdır;
- Ukrayna Krımı su ilə təmin etməlidir;
- Ukrayna neytral statusunu qorumalıdır (yəni NATO-ya üzv olmamalıdır).
Bu gün dünyada, sağçılar/ultra-sağçılar koalisiyası mövcuddur və bu koalisiyanın başında Putin/Tramp dayanır. Trampçı olub, Putinin əleyhinə olmaq mümkün deyil və Mask məhz belə durumdadır”, - politoloq bildirib.
Arifə Kərimzadə