Korrupsiya və monopoliya halları regionların inkişafını tormozlayır və nəticədə büdcə gəlirlərində regionların payı simvolik həddə gəlib
2014-cü ilin dövlət və icmal büdcələri bir Milli Məclisdə təsdiq olunub. İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan MR büdcəsinin gəlir və xərcləri bərabər olaraq 350,5 mln. manat proqnozlaşdırılır ki, bu da 2013-cü illə müqayisədə 17,8 mln. manat və ya 5,4 faiz çoxdur.
Naxçıvan MR-in 2014-cü il üzrə 350,5 mln. manat proqnozlaşdırılan büdcəsinin xərclərinin 80,9 faizi və ya 283,7 mln. manatı dövlət büdcəsindən ayrılan dotasiya hesabına, 19,1 faizi və ya 66,8 mln. manatı Muxtar Respublikanın öz gəlirləri hesabına formalaşacaq.
Bundan başqa, Naxçıvan MR-də həyata keçirilən infrastruktur və sosial təyinatlı layihələrin maliyyələşdirilməsi üçün 2014-cü il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən müvafiq məbləğdə vəsait ayrılacaq.
Göründüyü kimi, Naxçıvan MR büdcəsinin 81 faizi dövlət büdcəsindən transferlər hesabına formalaşır. Xərclərin cəmi 19 faizinin (cəmi 67 milyon manat) MR-in öz gəlirləri hesabına formalaşması isə cidi problemdir. Nəzərə alsaq ki, son illərdə Naxçıvan bölgəsində böyük investisiya qoyulub, onlarla sənaye müəssisələri fəaliyyətə başlayıb, o zaman gəlirlərin belə aşağı səviyyəsi anlaşılan deyil.
Bəs büdcənin Naxçıvan yükü hansı səbəblərdən şişib və niyə MR öz xərclərinin heç olmasa yarısını ödəmək qabiliyyətindən məhrumdur? Bu suala ekspertlərin köməyi ilə aydınlıq gətirməyə çalışacağıq.
İqtisadi Təhlil İnsitutunun rəhbəri Məhəmməd Talıblının fikrincə, təkcə Naxçıvan MR deyil, bütün regionlar dotasiya ilə yaşayır və mərkəzləşdirilmiş xərclərdən maliyyələşir: “Bildiyiniz kimi mərkəzləşdirilmiş büdcədə yerli büdcələrdən daxilolmalar cəmi 700 milyon manat səviyyəsindədir. Amma 2 rayon istisna olmaqla bütün regionlar büdcənin dotasiyasından asılı vəziyyətdədir. Bunun bir neçə neqativ təsirləri var:
Birincisi, belə hallar göstərir ki, regionlarda sosial-iqtisadi dinamizm buxovlanıb. Yəni, biznes mühitinin olmaması, yerli icra qurumlarının əksər sahələri monopoliyada saxlaması hesabına işgüzar aktivlik zəif olduğu üçün sahibkarlıq subyektlərinin sayının azlığı və vergi ödəmək imkanlarının olduqca zəif olmasına gətirib çıxarıb
İkincisi, tendensiyanın güclənməsi və indiyə qədər bununla bağlı limitləşmənin tətbiq edilməməsi yerli icra qurumlarında ələbaxımlıq psixologiyasının aşılayır və region büdcələri mərkəzi büdcənin əlavə bir yükünə çevrilir”.
İqtisadçı deyir ki, rayonları təsnifatına görə qruplaşdırdırandan sonra məlum olur ki, Abşeron iqtisadi rayonunun büdcə daxilolmalarında payı yerdə qalan 9 iqtisadi rayonun birgə payından 9 dəfə çoxdur: “ÜDM-in və dövlət büdcəsinin çox böyük hissəsini Bakı-Abşeron verir. Bu zonanın büdcə daxilolmalarında payı digər 9 iqtisadi rayon üzrə daxilolmalardan 9 dəfədən çoxdur.
Yəni, regionların büdcə daxilolmalarında payı ənənəvi olaraq 6-7 faizi keçmir. Ölkə ərazisinin təxminən 2,5 faizini təşkil edən Bakı-Abşeronda ÜDM-in ən azı 75 faizi formalaşır. İxracın 95%-i, ÜDM-in 2/3-ü, büdcənin 3/4-ü neftin bazasında- yəni Abşeronda formalaşır ki, bu da çox təhlükəli vəziyyətdir”.
Ekspertin fikrincə, konkret Naxçıvan MR-ə gəldikdə, burda bir sıra faktorların rolu var: “Naxçıvan MR büdcəsinin dotasiyadan daha çox asılı qalması onunla bağlıdır ki, yerli inzibati xərclər, saxlanan idarəetmə aparatında əlavə işçi saylarının artması, fiskal qurumlardan daxilolmalardakı yayınmalar, artan investisiya xərcləri dotasiyanın həcmini artırır və asıllılıq daha da artır.
Region büdcələrinin bu səviyyədə asıllığı və daxilolmaların məhdudluğu nəticə etibarı ilə ondan xəbər verir ki, "Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramı"nın 2-ci mərhələsidə özünün əsas hədəflərinə çata bilməyib. Bu proqram da ölkədə regional disbalansı və demoqrafik axını optimallaşdırılmasına nail ola bilməyib.
İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, Naxçıvan Muxtar Respublikasında vergi gəlirlərinin çox az olmasının bir neçə səbəbi var:
-Birincisi, Naxçıvanda iri vergi ödəyiciləri olan şirkətlərin, demək olar ki, hamısı yerli iri məmurların əlində cəmləşib. Bu şirkətlərin əksəriyyəti vergilərdən yayınır;
-İkincisi, MR-də rəqabətli mühit yox səviyyəsindədir, rəqabətli mühit olmayanda biznesin inkişafı zəifləyir, vergilər də azalır;
-Üçüncüsü, yerli vergilərdən yığılan 67 mln. manatın böyük əksəriyyəti biznesdən deyil də, Naxçıvan ərazisində büdcə təşkilatlarında çalışan insanların gəlir vergisidir ki, bu da, dolayısı ilə yenə də büdcə hesabına formalaşır”.
Bəs bu vəziyyəti düzəltmək üçün hansı köklü islahatlara ehtiyac var? Ekspert hesab edir ki, Naxçıvan bazarı açıq olmalıdır, rəqabətli mühit yaradılmalı, yerli sahibkarlara fəaliyyət üçün aşağı faizli, güşəştli kreditlər verilməlidir. Qonşu Türkiyə və İran şirkətlərinin MR bazarına sərbəst girişi üçün şərait yaradılmalıdır.
Göründüyü kimi, ekspertlər regionların, xüsusilə də mərkəzi büdcədən ayrılmaların yerli büdcədə ən çox faiz təşkil edən MR-in gəlir və xərclərinin disbalanslığını yerli iqtisadi fəallığın zəif olması, vergidən yayınma hallarının çoxluğu, azad sahibkarlığa əngəlləri və rəqabət mühitinin olmamasını səbəb göstərirlər. Xüsusən də korrupsiya və monopoliya səviyyəsinin təsiri əhəmiyyətli hesab olunur.
Bu hal tarazlı və davamlı inkişaf üçün ən böyük təhdiddir. Neft gəlirlərinin pik vaxtında bu gəlirlərin qeyri-neft sektorunun inkişafı üçün səmərəli xərclənməməsi regionlarda iqtisadi fəallığın artmasına imkan vermir və büdcə gəlirlərində regionların payını son dərəcə aşağı səviyyədə saxlayır. Əgər ümumi gəlirlərin pik vaxtında qeyri-neft sektorunun inkişafı təmin edilmədisə, neft pullarının ilbəil azalmasının başladığı indiki və sonrakı dövrdə dövlət büdcəsinin gəlirlərinin formalaşmasında ciddi problemlər yaranacaq.
Qeyri-neft sektoru ÜDM və dövlət büdcəsində yaranan azalmanı kompensasiya edə bilməcəyək, necə ki gələn ilin büdcəsindəki iri kəsir fonunda bunu edə bilmədiyi aydın görünür. Hökumətin bu kəsiri benzinin, dizel yanacağının və qazın qiymətinin artırılması hesabına kompensasiya etməsi doğru çıxış yolu deyil və bu addım ölkədə inflyasiyanı gücləndirəcək.
Mərkəzləşdirilmiş xərclərin böyük çəkisi dotasiya ilə yaşayan bölgələrin inkişaf etmədiyini göstərir. Deməli, qeyri-neft sektorunun inkişafı üeçün həyata keçirilən dövlət proqramları və ayrılan çoxmilyardlıq investisiyalar səmərəsiz olub.
Neft və qaz gəlirlərinin getdikcə azalacağı dəqiq məlum olduğu bir vəziyyətdə digər gəlir mənbələrini yaratmaq lazımdır. Bu səbəbdən hökumət dövlət büdcəsində regionların payının artırılmasına çalışmalıdır. Bunun yollarını isə ekspertlər yazımızda göstərib.
Elçin Bayramlı
Modern.az