Vətəndaşların alış-veriş edərkən yaşadığı problemlərdən biri də xırda qəpiklərlə bağlıdır. Bəzi hallarda vətəndaşlar xırda qalıqlarını almaqda çətinlik çəkirlər. Bir sıra mağazalarda 1, 3, 5 qəpiklərdən ümumiyyətlə istifadə edilmir. Təbii olaraq alış-verişdən sonra müştəriyə qalıq pul qaytarmaqda çətinlik çəkirlər. Bəs belə hallarla qarşılaşan vətəndaş nə etməlidir?
İqtisadçı ekspert Elçin Rəşidov Modern.az-a bildirib ki, xırda qəpikləri idarə etmək dükan sahibləri üçün də çətindir:
“Bu problemin həllinin başlıca yolu plastik kartlardan istifadədir. Kartla ödəniş etməklə bu problemi aradan qaldırmaq mümkündür. Doğrudur, vətəndaş qalan xırda qəpiyini tələb edə bilər. Amma dükanda həmin qəpik yoxdursa, bu artıq problemə çevrilir. Belə bir məsələyə görə dükanların fəaliyyətinin qırılmasını da istəmərik.
Vətəndaş əgər dükan sahibindən qalan xırda qəpiyini tələb edərsə, yəqin ki, dükan sahibi ona qalan qəpiyini həmin və ya digər məbləğdə qaytaracaq. 1 qəpik qalıbsa, satıcıda 1 qəpik yoxdursa, 3 yaxud, 5 qəpik qaytaracaq ki, problem yaşanmasın. Ona görə də nağdsız ödəniş sisteminə keçmək lazımdır. Bunun iqtisadiyyat üçün digər üstünlükləri də var. Nəğd ödənişdən imtina edilsə, bu və bunun kimi bir çox problemlər aradan qalxar”.