Modern.az

Arif Hacılı: “Milli Şuradakı böhranın əsası qurum yaradılarkən qoyulub”

Arif Hacılı: “Milli Şuradakı böhranın əsası qurum yaradılarkən qoyulub”

4 Dekabr 2013, 11:28


“Məsələləri sessiyada deyil, Milli Şuranın təsis olunduğu vaxt olduğu kimi əvvəlcədən məsləhətləşmələr vasitəsilə həll etmək daha düzgün olardı. Təəssüf ki, Milli Şuraya daxil olan bəzi partiyaların nümayəndələri başqa yol tutdular. Hesab edirəm ki, Milli Şuranın indiki böhran vəziyyətinə düşməsinin səbəblərindən biri də bu oldu”.

Bunu Modern.az-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, Milli Şura üzvü Arif Hacılı deyib. O bildirib ki, sessiyada kiminsə qurumdan çıxarılması da əvvəlcədən müəyyən razılaşdırma əsasında olmalı idi: “Çünki Milli Şurada təmsil olunanları seçicilər seçməyib. Bu, assosiativ bir qurumdur. Ona görə bu qurumu təsis edən tərəflərin  prinsipial məsələlər üzrə razılığı əvvəlcədən olmalıdır. Təəssüf ki, bizim bu barədə mətbuatda yazmağımıza, təkidlərimizə baxmayaraq təkliflərimiz qəbul olunmadı”.

A.Hacılı qeyd edib ki, Milli Şuradakı indiki böhranın əsası qurum yaradılarkən qoyulub: “Diqqət etdinizsə, bu sessiyada Azərbaycan siyasətində tanınmayan, siyasi proseslərdə heç bir rolu olmayanlar tanınmış adamlara qarşı kobudluq edirdilər. Onlar davranışları ilə Milli Şurada diskussiyaların aparılmasına imkan vermirdilər. Biz bu tipli adamların əvvəlcədən Milli Şuraya daxil olunmasının əleyhinə çıxmışdıq. İndi də Azərbaycanın real siyasi qüvvələrinin və siyasi əqidələri bir-birilə üst-üstə düşən təşkilatların bir arada olması ilə bağlı təklif qulaqardına vuruldu”.

Müsavat funksionerinin sözlərinə görə, Milli Şura mitinqlərlə bağlı qərar qəbul edəcəksə, onun üzvü olduğu partiya yüksək səviyyədə iştirak edəcək: “Yəqin ki, müəyyən işçi qrupları, partiyalar bu məsələlər ətrafında müzakirələr aparacaqlar. Hesab edirəm ki, yaranmış böhrana baxmayaraq müxalifət qüvvələri arasında əməkdaşlıq əhval-ruhiyyəsi bundan sonra da davam edəcək. Əgər kütləvi aksiyalarla bağlı qərarlar qəbul ediləcəksə, Müsavat Partiyası həmin aksiyalarda fəal iştirak edəcək”.

İlkin

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Netanyahunun evini VURDU