Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp dünyanı qorxudan açıqlama verib.
Belə ki, o, Ukrayna ordusunun Rusiyanın Kursk vilayətində keçirdiyi hərbi əməliyyatların Üçüncü Dünya müharibəsinə gətirib çıxara biləcəyini qeyd edib.
"Baxın, Ukraynada nə baş verir. Rusiyaya doluşublar. Üçüncü Dünya müharibəsi olacaq", - Tramp deyib.
Üçüncü Dünya müharibəsi olarsa, deməli, NATO da münaqişəyə birbaşa daxil olacaq. Belə olan halda Türkiyənin, eləcə də, onunla Şuşa Bəyannaməsi imzalamış Azərbaycanın da müharibəyə daxil olma ehtimalı varmı? Ümumiyyətlə, Üçüncü Dünya müharibəsinin olması nə qədər realdır?
Məsələ ilə bağlı Modern.az-a danışan türkiyəli hərbi ekspert Abdullah Ağar bildirib ki, Üçüncü Dünya müharibəsinin başlanma riski var:
"Nəticə etibarilə, Rusiya kimi beynəlxalq gücün torpaqlarına girmək həmişə təhlükəlidir. Yəni onun həssaslığına məhəl qoymamaq, qüruru və qırmızı xətləri ilə oynamaq təhlükəli qumardır. Bəli, müharibə başlayandan "siçan dişləməsi" taktikası tətbiq etdilər. Amma müəyyən bir nöqtədə Rusiya buna dözməyə bilər. Kursk buna bir nümunə ola bilərmi? Bunu görəcəyik. Bu da "siçan dişləməsi" taktikasının bir parçasıdır. ATAMS-ları, HMARS-ları, "Shadov"ları, alman uzunmənzilli toplarını istifadə etmək bu gərginliyin bir parçasıdır. Bu problemlə bağlı Rusiya yəqin bir kart göstərdi ki, daha "Shadov"lardan Ukrayna istifadə etmir. Daha doğrusu, ona bu silahdan istifadə etdirmirlər".
Üçüncü Dünya müharibəsi olarsa, Türkiyə və Azərbaycan da müharibəyə qoşula bilərmi?
Suala cavabında hərbi ekspert deyib: "Əvvəla Ukrayna müharibəsinin bizə aidiyyəti yoxdur. Bu, Rusiya ilə Atlantik bloku arasında olan, NATO-nun da daxil edilməyə çalışıldığı, xüsusilə SSRİ-nin dağılmasından sonra Avropa konyekturasına tabe olmamaqdan qaynaqlanan reallıqdır. Digər tərəfdən soyuq müharibədən sonra Rusiya və Böyük Britaniya arasında bir sıra siyasi proseslərin manipulyasiyalarının yaratdığı problemlər var. Atlantik bloku ilə Avrasiya bloku arasında İraq və Əfqanıstan işğalı ilə bağlı geopolitik gərginliklər mövcud idi. Bu səbəblərlə əlaqədar Ukraynada müharibənin başladığına şahidlik etdik. Soyuq müharibənin silahlanma dönəmində Rusiyanı iqtisadi baxımdan çətinə salan Qərbin Sovetləri dağıtdığını, bu gün də bənzər metodlarla Ukrayna üzərindən Rusiyanı diz çökdürməyə çalışdığını görürük. Bu nöqteyi-nəzərdən baxıldıqda rahatlıqla deyə bilərik ki, münaqişə bizimlə bağlı deyil, adını çəkdiyimiz iki qütb arasındadır. Türkiyə bunu gördü və balans siyasəti, aktiv tərəfsizlik nümayiş etdirdi. Bu pozisiyasını həm ABŞ, həm də Rusiya tərəfinə qəbul etdirdi. Bəli, hazırda risk olsa da, biz müharibəyə daxil olmaq meylində deyilik. Müxtəlif təzyiq və sanksiyalarla üstümüzə gəlsələr, qarşılaşdığımız reallığa uyğun olaraq pozisiya dəyişikliyi ola bilər. Amma nə Türkiyə, nə də Azərbaycan mövqeyini dəyişməyə meyillidir. Bu, bir reallıqdır. Bizə qarşı bir hücum olduğu təqdirdə isə özümüzü necə müdafiə etməyi yaxşı bilirik".