“Sessiyada elə də fərqli bir şey olmadı. Sadəcə, Müsavat Partiyası anlaşılmaz mövqe ortaya qoydu. Onların mövqeyi haqq qazandırılmayan mövqe idi. Müsavatçıların Rüstəm İbrahimbəyovun fəxri sədr seçilməsinə münasibətləri qaranlıq otaqda qara pişik axtarmağa oxşadı. Bu mənada onların mövqeyi başa düşülən deyil”. Bunu Modern.az-a açıqlamasında “El” Hərəkatı Ali Məclisinin sədri, Milli Şuranın üzvü Eldəniz Quliyev deyib.
O, Müsavat Partiyasının başqanı İsa Qəmbərin “Başqa ölkənin vətəndaşı Milli Şuranın fəxri sədri ola bilməz” fikrinə də münasibət bildirib: “Məsələ də bundadır ki, Rüstəm İbrahimbəyov bundan əvvəl Milli Şuranın sədri idi. İkincisi, Rüstəm İbrahimbəyov kimi azərbaycanlı olan çox adammı var? İbrahimbəyov Azərbaycanı tanıdan, sevdirən adam olub. Genetik, fizioloji, bioloji mənada o cür azərbaycanlı çox azdır. Müsavat Partiyasının arqumentləri qeyri-ciddi idi. İsa Qəmbər özü də başa düşdü ki, dedikləri inandırıcı deyil. Buna baxmayaraq, Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədri seçildi. Onların dediklərinə görə, Müsavat Partiyası bununla bağlı müzakirə aparacaq. Yəqin ki, müzakirələrdən sonra konkret mövqelərini deyəcəklər”.E. Quliyev sessiyada Milli Şuranın İcra Aparatının sabiq sədri Eldar Namazovun fəaliyyətinin dəyərləndirməməsinə təəssüflənib: “Hamı bilir ki, Milli Şuranın yaranmasında Eldar Namazov hansı əziyyətlərə qatlaşmışdı. Onun Milli Şuradan deyil, icra aparatı postundan getməsindən sonra ona təşəkkür edilməli idi. Bu, olmadı. Təəssüfləndim”.
İlkin PİRƏLİ