Mərhum şair Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin zəbt olunması ilə əlaqədar yarımçıq qalmış məhkəmə prosesi yenidən bərpa olunur.
Bakının Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi 1995-ci il martın 15-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Məmmədovun anası Biliy Məmmədovanın adına verdiyi sərəncam əsasında zəbt olunub. 2011-ci ildə zəbt edilmiş torpaq sahəsi ilə bağlı Ağa Laçınlının ailəsi bir sıra dövlət instansiyalarına, həmçinin məhkəməyə müraciət edib.
2012-ci il sentyabrın 26-da Səbail Rayon Məhkəməsində mərhum şairin ailəsinin iddiası əsasında məhkəmə prosesi başlanıb. Oktyabrın 24-də hakim Nurəddin Bağırov torpaq sahəsində ekspertiza keçirilməsi barədə qərar çıxarıb. Ekspertizanın aparılması aylar uzunu müxtəlif bəhanələrlə yubadılıb. Nəticədə Ağa Laçınlının ailəsi məhkəmənin öz qərarını icra etməməsindən şikayətlər verib. Təkidli şikayətlərdən sonra məhkəmə 2013-cü il yanvarın 10-da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə torpağa baxış keçirərək rəy verilməsi haqda məktub göndərib. Bu məktub yalnız üç ay sonra icra olunub. Aprelin 10-da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin mütəxəssisləri Badamdar qəsəbəsinə gələrək Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını peyk vasitəsilə yerində müəyyən edərək göstəriblər. Koordinatların peyk vasitəsilə yerində müəyyən edilməsi prosesində mərhum şairin ailəsinin nümayəndələri və keçmiş icra başçısı Rüstəm Məmmədovun qardaşı Zülfüqar Məmmədov da iştirak edib. Yerində təftiş prosesini jurnalistlər də izləyib.
Bir müddət sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi aprelin 10-da apardığı araşdırma ilə əlaqədar öz rəyini Səbail Rayon Məhkəməsinə göndərib. Rəy daxil olduğuna görə iyun ayında məhkəmə prosesi bərpa edilib. Lakin bu dəfə qarşı tərəf – Səbail rayonunun keçmiş icra başçısı Rüstəm Məmmədovun qardaşı Mübariz Məmmədov qarşılıqlı iddia qaldırıb. Səbail Rayon Məhkəməsinin hakimi Nurəddin Bağırov iddianı əsassız sayaraq icraata qəbul etməyib. Məmmədovlar ailəsi apellyasiya şikayəti verib. Bu şikayətə baxılana qədər Ağa Laçınlının ailəsinin iddiası ilə Səbail məhkəməsində keçirilən proses yarımçıq saxlanılıb. İyulun 19-da Bakı Apellyasiya Məhkəməsi də Məmmədovlar ailəsinin qarşılıqlı iddiasını əsassız sayıb və bu iddianın icraata qəbul edilməməsi haqda Səbail məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. Ancaq bundan sonra Səbail məhkəməsində mərhum şairin ailəsinin iddiası ilə keçirilən proses bərpa edilməyib, çünki qarşı tərəf Ali Məhkəməyə müraciət edib. Oktyabrın 18-də Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyasının qərarını dəyişməyib, sabiq icra başçısının ailə üzvlərinin qarşılıqlı iddiası icraata qəbul olunmayıb.
Nəhayət, Səbail məhkəməsi Ağa Laçınlının ailəsinin iddiasına baxılması prosesinin bərpa olunmasına qərar verib. Hakim Nurəddin Bağırov prosesi dekabrın 6-sı saat 10:00-a təyin edib. Beləliklə, göstərilən vaxtda Səbail Rayon Məhkəməsində mərhum şair Ağa Laçınlının ailəsinə məxsus torpaq sahəsinin zəbt olunması ilə əlaqədar bir ildən çoxdur başlanmış məhkəmə prosesi davam etdiriləcək.
Modern.az