Parlament seçkilərinə təxminən bir sutka qalıb. Avqustun 9-dan başlayan təbliğat-təşviqat prosesi bu gün yekunlaşır. Namizədlər arasında VI çağırış Milli Məclisin deputatlarından bir çoxu iştirak etmir.
Maraqlıdır, həmin şəxslər seçkidə kimə səs verəcəklər? Bundan sonra hansı işlə məşğul olacaqlar?
Modern.az bu suallarla VI çağırış Milli Məclisin deputatı olmuş və hazırda namizəd olmayanlara müraciət edib.
VI çağırış Milli Məclisin ən aktiv deputatlarından olmuş Vahid Əhmədov bildirib ki, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsində səs verəcək.
"Mən 23 saylı seçki dairəsinin ərazisində yaşayıram. Orada da hansı namizədin daha çox qabiliyyəti varsa, ona səs verəcəm", - V.Əhmədov deyib.
O bundan sonrakı dönəmdə hansı fəaliyyətlə məşğul olacağını da bizimlə bölüşüb:
"Hələlik ailə qayğıları ilə məşğulam. Müəyyən ailədaxili məsələlər var. Sağlamlığımla məşğulam. Hələlik, dincəlirəm. Seçkidən sonra yəqin ki, siyasətlə məşğul olacam. Mən siyasətdən aralanmıram. Hələlik müəyyən problemlər olduğu üçün kənara çəkilmişəm".
VI çağırış Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Kamilə Əliyeva kimə səs verəcəyi ilə bağlı bunları deyib:
"22 saylı Nəsimi-Yasamal seçki dairəsindən səs verəcəm. Kimə səs verəcəyimi açıqlaya bilmərəm".
Kamilə Əliyeva bundan sonrakı fəaliyyəti ilə bağlı qeyd edib ki, o, pedoqoji və elmi sahədəki işinə davam edəcək:
"Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. IV, V və VI çağırış Milli Məclisin deputatı olmuşam. Həmin dönəmlərdə namizədliyim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Bu dəfə partiya tərəfindən namizəd kimi irəli sürülmədim. Mən partiyanın qərarlarına hörmətlə yanaşəram. İş yerim var, Bakı Dövlət Universitetində Genetika kafedrasının müdürüyəm. Elmlər doktoru, professoram. Yenə də pedoqoji, elmi fəaliyyətimi Bakı Dövlət Universitetində davam etdirəcəm".
VI çağırış Milli Məclisin bitərəf deputatı Rüfət Quliyev də bundan sonrakı dövrdə universitetdə işləyəcək. O, eyni zamanda müəyyən biznes strukturları ilə çalışacaq.
Rüfət Quliyev harada səs verəcəyini də deyib: "1 sentyabr parlament seçkilərində Binəqədi rayonunda səs verəcəm. Kimə səs verəcəyimə gəlincə, bunu sizə niyə açıqlayım?..".