Rusiya prezidenti Vladimir Putinin reytinqi tarixdə heç vaxt indiki kimi aşağı olmayıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu, “Levada-mərkəz”in keçirdiyi sorğudan sonra məlum olub. Mərkəzin indiyədək keçirdiyi araşdırmalar göstərir ki, Putinin 2013-cü ildəki reytinqi 1999-cu ildən sonra ən aşağı həddə çatıb.
“Yaxın həftələrdə prezident seçkiləri keçirilərsə, kimə səs verərdiniz” sualına rəyi soruşulanların 47 faizi Putin cavabını verib. Halbuki, 2011-ci ilin noyabrında bu göstərici 55 faiz təşkil edirdi. Putinin ən yüksək reytinqi 2002-ci ilin noyabrında qeydə alınıb. O vaxt onun lehinə 70 faiz səs vermişdi. 2005-ci ilin noyabrında onun reytinqi 7 faiz azalıb. Mərkəzin araşdırması nəticəsində məlum olub ki, son illər Putinin populyarlığı daima azalıb, 2008-ci ildə ona rəyi soruşulanların 56, 2011-ci ilin noyabrında 55 faizi səs verəcəklərini bildiriblər. 2013-cü ilin noyabrında isə prezident seçkiləri keçirilsəydi Putinə səs verənlər 47 faiz olacaqdı.