Milli Məclisdə Taylandlı deputatlara Azərbaycanın millət vəkilləri görüşüb.
Azərbaycan-Tailand parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev görüş haqqında Modern.az-a ətraflı məlumat verib.
Deputat bildirib ki, görüşdə bir sıra məsələlər müzakirə olunub, eləcə də Dağlıq Qarabağ haqqında taylandlı millət vəkillərinə daha geniş məlumat verilib.
“İki palatadan ibarət dostluq qrupundan iki senat və 5 millət vəkili burda idi. Görüş çox uğurlu və məhsuldar keçdi. Taylandlı deputatlar Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovla da görüşdülər. Ümumi dostluq qruplarının görüşləri təşkil olundu, söhbətlər aparıldı. Bütün aspektlərdən Tayland Azərbaycan münasibətlərinə baxıldı. Burada sosial layihələrə, beynəlxalq aləmdə bizim əməkdaşlığımıza baxıldı. Onlar Azərbaycan mətbəxinə, mədəniyyətinə böyük maraq göstərdilər. Hətta iki ölkə arasında belə bir razılaşma oldu ki, gələn il Azərbaycan mədəniyyət günləri Taylantda, Tayland mədəniyyət günləri isə Azərbaycanda keçirilsin. Digər tərəfdən idman sahəsində də müzakirələr aparıldı. Yəqin ki, gələcəkdə də bu məsələlər öz həllini tapacaq”.
R. Əliyev onu da bildirdi ki, iki ölkə arasındakı görüşdə Dağlıq Qarabağ problemi də qaldırıldı. Onlara Dağlıq Qarabağ məsələsi haqqında daha geniş məlumat verildi.
“Bu gün bu münaqişə nə vəziyyətdədir. Onlar da bildirdi ki, biz həmişə Azərbaycanın tərəfindəyik. Bu məsələnin həlli üçün Tayland tərəfi işğal olunmuş torpaqların azad olunması üçün həmişə Azərbaycan tərəfindədirlər və bunun üçün öz səylərini göstərməyə hazırdırlar. Bu görüş tək iki ölkənin parlamentlərinin və millət vəkillərinin dostluğu yox eyni zamanda ölkələrimizin və xalqlarımızın bir-birinə yaxınlaşmağı və gələcəkdə də əməkdaşlıq üçün böyük layihədir”.
Gültəkin ƏLƏSGƏR