Modern.az

Deputat sərhəd bölgələrinə dair ayrıca qanunun qəbulunu vacib sayır

Deputat sərhəd bölgələrinə dair ayrıca qanunun qəbulunu vacib sayır

5 Dekabr 2013, 16:55


Azərbaycanın sərhədə yaxın bölgələrində yaşayan insanların rifahının yaxşılaşdırılması üçün müəyyən güzəştlər nəzərdə tutan qanun layihəsinin qəbulu haqda Milli Məclisdə təklif səsləsə də, hələ ki bu təklif gerçəkləşməyib. Bu mövzuda danışan deputat Elman Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, insanların sərhəd bölgələrində daimi yaşaması üçün müəyyən güzəştlərin verilməsi olduqca vacib məsələdir. “Əhalinin riskli ərazilərdən köçməməsi üçün həmin sərhədyanı bölgələrdə müvafiq iş yerlərinin açılması, gənc mütəxəssislərin oraya cəlb olunması, həmin yaşayış məntəqələrində böyüyüb başa çatmış, sonra müxtəlif yerlərdə təhsil alan gənclərin yenidən həmin yaşayış yerlərinə qayıdıb orada işləmələri üçün imtiyazların olmasını məqsədəuyğun hesab edirəm. Sovet dönəmində də belə bir şey var idi. Ucqar dağ kəndlərində yaşayan mütəxəssislərə, həkimlərə, müəllimlərə güzəştlər verilirdi. Onlara elektrik enerjisində, yanacaq, işıq istifadəsində güzəştlər olurdu. Həmin imtiyazların yenidən tətbiq olunması, ucqar dağ kəndlərində gənc kadrların oraya cəlb olunması, insanların oradan köçməməsi üçün vacib məsələlərdir”.

E. MƏmmədovun sözlərinə görə, əsas məsələ iş yerlərinin yoxluğudur. “Bundan başqa, şəhərlərdən ucqar yerlərə gedib işləyən mütəxəssislərin maaşında fərq olmalıdır. Onlar daha çox maaş almalı, müəyyən güzəştlərdən yararlanmalıdırlar. Mənzil təminatında, maaşın yüksək olmasında hər hansı işlər görmək lazımdır. Bu cür olduğu təqdirdə gənclərin də marağı artacaq. Ucqar yerlərdə xəstəxanalarda nə qədər boş yerlər var. Ancaq gedib işləmək arzusunda olan yoxdur. Onları həmin bölgələrə cəlb etmək üçün həmin güzəştlərin olması olduqca vacibdir“.

 

 

Ulduz İBRAHİMOVA  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...