Modern.az

Əli İnsanovun vəkili “10 gün qalıb” dedi

Əli İnsanovun vəkili “10 gün qalıb” dedi

5 Dekabr 2013, 18:19

Toğrul Babayev: “Avropa Məhkəməsinin qərarlarının icra olunmaması presidenti yoxdur”

Avropa İnsan Hüquqları Məhkəməsi 2013-cü il martın 14-də sabiq səhiyyə naziri Əli İnsanovla bağlı qərarını açıqladı. Qərarla sabiq nazirin işgəncəyə məruz qaldığı və ədalətli məhkəmə hüququnun pozulduğu təsbit olundu. Qərara əsasən, Azərbaycan hökuməti Əli İnsanova 10 min avro kompensasiya da ödəməlidir. Avropa Məhkəməsinin qərarı iyunun 14-də qüvvəyə minib. Amma Əli İnsanov hələ də həbsdədir. Sabiq nazirin vəkili Toğrul Babayev “Yeni Müsavat”a deyib ki, Avropa Məhkəməsi müvəkkilinin işinə 1-ci instansiya məhkəməsində baxılarkən kobud qanun pozuntularına yol verildiyini təsdiqləyib. Bu isə işə yenidən baxılmasına yol açır. 

Vəkil deyir ki, müvəkkilinin məhkəməsi kobud qanun pozuntuları ilə keçirildiyindən onu azad edib işə yenidən baxmalı idilər. Amma bu günə qədər Ə.İnsanov azad edilməyib: “Biz məsələ ilə bağlı Avropa Xarici İşlər Nazirlərinə məlumat vermişik ki, Azərbaycan tərəfi, Azərbaycan Ali Məhkəməsinin Plenumu Avropa İnsan Haqları Məhkəməsinin qərarını icra etmir. Bununla əlaqədar Avropa Şurası Nazirlər Kabinetinə də məlumat vermişik. Eyni zamanda Avropa Məhkəməsinin qərarlarının icrasına nəzarət edən quruma da məlumat vermişik”.

Vəkil deyib ki, Avropa Məhkəməsinin qərarlarının icra olunmaması presidenti yoxdur: “Çünki üzv ölkələrin hamısı öhdəlik götürüb ki, bu məhkəmənin qərarlarını icra edəcəklər. İlk dəfə olaraq Azərbaycanda belə bir qərar verilib və biz bununla əlaqədar şikayətlərimizi etmişik. Avropa Məhkəməsinin reqlamentində də yazılıb ki, bu məhkəmə instansiyasının verdiyi bütün qərarlar icra olunub. Elə bir qərar yoxdur ki, tam icra edilməsin. Hesab edirik ki, Əli İnsanovun işi üzrə Avropa Məhkəməsinin verdiyi qərar icra olunmayıb. Əli İnsanovun özü də şikayətlərini edib. Ali Məhkəmənin plenumunun qərarı bizə 1 ay ərzində təqdim edilməlidir. Artıq 20 gün ötüb”.   

Xatırladaq ki, Əli İnsanov 2005-ci ildən həbsdədir. Onu və bir qədər əvvəl əfv fərmanı ilə azadlığa çıxan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevi dövlət çevrilişinə cəhd ittihamı ilə həbs etmişdilər. Bu ittiham üzrə icraatın taleyi bu günə qədər bəlli deyil. Sonradan Ə.İnsanova və F.Əliyevə iqtisadi sahədə cinayətkarlıqla bağlı ittihamlar irəli sürüldü. Ə.İnsanov 11 il müddətinə azadlıqdan məhrum edildi.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır