Modern.az

Ekspert: “Hökumət başqa yol da tuta bilərdi”- RƏY

Ekspert: “Hökumət başqa yol da tuta bilərdi”- RƏY

5 Dekabr 2013, 21:58

Parlamentin təsdiq etdiyi, Prezidentin isə imzasını gözləyən 2014-cü il üzrə büdcə layihəsindən aydın oldu ki, xarici neft konsorsiuminun mənfəət vergisi üzrə ödənişləri və Neft Fondunun transfertləri birlikdə təxminən 2.3 milyard manat azalacaq.

 İqtisadçı ekspert Rövşəv Ağayev deyir ki, belə vəziyyətdə hökumət investisiya xərclərini təxminən 700 milyon manat azaltsa da, digər xərcləri "qayçılaya" bilmədi: “Çünki yerdə qalan xərclər ya siyasi həssas xərclərdi (məsələn, təhsil, səhiyyə, sosial müdafiə xərcləri), ya hökumətin özü üçün həyati əhəmiyyət kəsb edir (idarəetmə və hüquq-mühafizə xərcləri), ya da bunun üçün büdcə hesabına formalaşan korrupsiya həlqəsinin boğulması gərək idi (məsələn, mənzil-kommunal təsərrüfatına, abadlaşdırmaya, dövlət şirkətlərinin subsidiyalaşdırılmasına çəkilən xərclər). Bunun hər üçünü etmək hakimiyyət üçün çətin idi. Hökumət üçn ən asan 2 yol vardı:

1. Xarici borclanmalar hesabına büdcə kəsirini kəskin şəkildə artırmaq. Gələn il üzrə büdcə kəsiri 2013-ün göstəricisindən 2.5 dəfə çox olmaqla təxminən 1.7 milyard manat olacaq. Hökumət bunun təxminən yarısını xarici borclanma hesabına qapamaq istəyir;

2. Dövriyyə vergiləri hesabına istehlakçıların vergi yükünü artırmaq. Gələn ƏDV və aksizlər hesabına dövlət büdcəsinə 800 milyon manat vergi gəliri təmin olunacaq. Yəni, hökumət vergi yükünü artırmasa idi, hazırkı xərclər çərçivəsində büdcə kəsiri 2.5 milyard manata çatacaqdı”.

Ekspertin fikrincə, hökumət başqa yol da tuta bilərdi: “Məsələn, qanunvericiliyi dəyişdirib neft sektorunu "xüsusi vergi rejimli" sektor elan etmək və Dövlət Neft Şirkətini daha yüksək vergi yükü olan müəssisəyə çevirmək olardı. Bunun yolları çox sadədi: Rusiyada olduğu kimi xam neft və neft məhsulları üçün həmin məhsulların dünya bazar qiymətinin orta hesabla 45%-i səviyyəsində ixrac vergisi tətbiq etmək olardı. 2013-cü il dekabrın 1-dən yeni dərəclərə görə hər ton xam neft üçün 350 dollar ixrac vergisi ödənəcək. Bu, Rusiya neftinin dünya bazar qiymətinin təxminən 50%-nəbərabər bir məbləğdir.

Doğrudur, indi Azərbaycanda qiymətləri tənzimlənən ixrac mallarına görə büdcəyə ödəniş var. Amma onun məbləği çox aşağıdır. Məsələn, 2012-ci ilin nəticəlırinə görə, ARDNŞ ixrac etdiyi 2.8 milyon tona yaxın xam neft və neft məhsullarının hər tonuna görə büdcəyə təxminən 125 manat (Rusiyada olduğundan 2.5 dəfəyədək az) vəsait ödəyib.

Başqa tərəfdən, 2012-ci ildə ARDNŞ-nin ümimi pul gəlirləri 17 milyard manatdan, bölüşdürülməmiş mənfəəti 7 milyard manatdan, ümumi vergi ödənişləri 1.5 milyard manatdan çox olub. Vergi çıxılandan sonra şirkətə qalan xalis mənfəət 1 milyard manata yaxın olub. Göründüyü kimi, ARDNŞ-nin büdcəyə (Azərbaycan xalqına) vergi formasında töhfəsinin onun ümumi daxilolmalarında payı heç 9% də deyil. Vətəndaşın maaşlarının orta hesabla 15%-ni vergi formasında ondan alan hökumət bu əmsalı heç olmazsa ARDNŞ-də tətbiq eləsin. ARDNŞ dövlətin güzəştli kreditlərindən bəhrələnir, büdcədən investisiya formasında əvəzsiz maliyyə yardımları alır. Heç bir əziyyət çəkmədən yüksək qiymətlər hesabına kvazigəlirlər əldə edir və yüksək rentabelliklə işləyir. Vətəndaşların cibinə girməkdənsə, bu şirkəti fərqli vergi rejiminə keçirmək lazımdır".

"Hökumət bircə onu deməsin ki, ARDNŞ-nin xaricdə layihələri var, onlara nəhəng investisiyalar yatırır, maliyyə vəsaitlərinə ehtiyacı var. Bu yatırımların əhəmiyyəti parlament və cəmiyyət üçün əsaslandırılmayıb. Cəmiyyətin həmin layihələrdən götürəcəyi faydalar və risklər bəyan olunmayıb. Ona görə də ayrı-ayrı məmurların maraqlarına xidmət edən layihələrin pullarını xalqa çatası pula qatmasınlar"- deyə Rövşən Ağayev bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır