Modern.az

“Yazıçılar Birliyi söz evi deyil...” - MÜSAHİBƏ

“Yazıçılar Birliyi söz evi deyil...” - MÜSAHİBƏ

6 Dekabr 2013, 10:54

Elçin Mirzəbəyli: “Oxucu “Qanuni oğrularla” bağlı deyil,  qanunun aliliyinə aid xəbəri oxumalıdı”

Modern.az saytı ədəbiyyat adamları ilə silsilə müsahibələrini davam etdirir. Budəfəki müsahibimiz şair-jurnalist, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylidir. Bu, bəlkə də bir müsahibə deyil, sadəcə Sözü sevən insanla Söz haqqında söhbətdir:

Elçin müəllim, deyəsən, söz bizdən, hamımızdan küsüb. Sizcə, niyə küsdürmüşük onu?

- Səpələdim göylərə bulud kimi illəri,
Kimsəsiz zirvələrdə yüzillik qar kimiyəm.
Başdan-ayağa kimi içim söz qəbirləri,
Başdaşları içində adsız məzar kimiyəm...

...Təxminən 15 il öncə yazmışam bu şeiri. Bu dörd misra əslində qətlə yetirilən, yaxud qətlə yetirdiyimiz sözlərə ağıdır. Söz insanlardan küsmür, dəyərdən salınır, edam olunur, qətlə yetirilir.

- İndi heç kim heç kimi oxumaq istəmir. Bu oxumamaq “mədəniyyət”i bizdən nəyi alır, nəyi aparır?

- “Oxumamaq mədəniyyəti” doğru tapıntıdır. Çünki bizdə kütləvi halda oxumaq mədəniyyəti heç zaman olmayıb. Hətta bəzilərinin nostalji hisslərin təsiri altında bəh-bəhlə təriflədikləri sovet dönəmində də. Oxumamaq bizi kamillikdən, daha dəqiq desək, insanlıqdan uzaqlaşdırır. İnsan, əslində kamil olmalıdır, heç olmasa kamilliyə can atmalıdır. Bunun yolu isə oxumaqdan, oxuduğunu anlamaqdan, yüksək zövqdən, intellektdən, zəhmətdən keçir. Oxumamaq bizi yalnız maddi tələbatlarını ödəmək uğrunda mücadilə aparan bioloji varlığa çevirir, zombiləşdirir, amöbləşdirir... Birhüceyrəli cəmiyyət isə bütün bəşəriyyət üçün təhlükədir.

- Deyərdim ki, cəmiyyətimizdə ən yorğun və ən tənha adamlar əsl Söz adamlarıdı. Siz də deyəsən, yorğun görünürsüz....

- Mənim yorğun görünməyim aldadıcıdı. Zahiri görünüşüm belədi. Bunu xüsusi olaraq seçməmişəm. Əsl söz adamlarının yorğun görünmələri ilə bağlı streotipləri də qəbul etmirəm. Mən yorğun görünəndə də, görünməyəndə də söz adamı olduğumu unutmuram. Söz mənim içimdədir, mən sözün içində deyiləm...

Siz həm də baş redaktorsuz. Cəmiyyət informasiya, xəbərlə qidalanmaq istəyir, ruhunuz isə poetika, estetika ilə... Bu cəmiyyətin xətrinə ruhunuzu ac saxladığınız vaxtlar olurmu?

- İnformasiyanın da, xəbərin də öz estetikası var. Estetik olmayan nə varsa ruhuma yad olduğu üçün yaxına buraxmıram. Daha öncə də müsahibələrimdə demişəm: Mən yalnız şeir yazanda şair oluram. Əgər insan bütün həyatına poetik don geyindirməyə çalışırsa, deməli, o, ya saxtakardır, ya da ruhi xəstə... Şeir yazmadığım zamanlarda öz işimlə məşğul oluram – qəzetçiliyimlə. Şairlik isə peşə deyil və heç zaman da olmayıb.

- İndi  Söz adamı çoxdu, yoxsa sözlə işləyən adam?

- İndi söz alverçisi, dəllalı, söz oyunçusu və söz cəlladı daha çoxdu...

- İndiki Azərbaycan şeirinin neçə sifəti var?

- Sifəti olan şairlərin sifəti qədər. Yerdə qalan nə varsa maskadı...

- İnsanların simalısı və simasızı olduğu kimi şeirin də simasızı varmı?

- Var, şübhəsiz. İçdən gəlməyən, istedaddan, ruhdan qaynaqlanmayan, ruhu olmayan bütün şeirlər simasızdır!

- Bizim Söz evimiz, yəni Yazıçılar Birliyi ilə münasibətiniz necədi? Gedib gəlirsizmi ora?

- İmkan düşdükdə, tədbirlərə dəvət olunanda gedirəm. Amma bu, tez-tez olmur. Yazıçılar Birliyi isə söz evi deyil. Yazıçıların birliyidi. Mənim sözümün evi qəlbimdi.

-  Heç ora gedəndə qarşınıza Söz çıxıb?

- Adətən, söz axtarışına çıxmıram. Söz, əgər məndən kənardadırsa özü gəlib məni tapır. Yazıçılar Birliyinə gedəndə isə qarşıma sözü yaradanlar da, öldürənlər də çıxır. Bütün digər yerlərdə olduğu kimi... Sualınızla birbaşa əlaqəsi olmasa da, Yazıçılar Birliyi ilə bağlı bir məqama diqqət çəkmək istəyirəm: Azərbaycan ədəbiyyatının problemlərini Yazıçılar Birliyində axtarmaq “don kixotluq”dan özgə bir şey deyil. Bu, ən bəsit yanaşmadır. Yazıçılar Birliyi ən asan seçilən hədəfdir, sadəcə, adında “yazıçı” sözü olduğu üçün. Şəxsən mənim Yazıçılar Birliyindən heç bir umacağım, istəyim yoxdur. Amma bu qurumun dağılmasını, naşı, boşboğaz adamların əlinə keçməsini də istəmirəm. Ədəbiyyatın problemini cəmiyyətin özündə, bizi ağuşuna alan qondarma mental “dəyərlərdə”, ailədə, təhsildə axtarmaq lazımdır. Nə qədər ki, Azərbaycanda dəyərləndirmə meyarı intellektlə, mədəniyyətlə, mütaliə ilə, bacarıqla, zəhmətlə... ölçülməyəcək, ədəbiyyatın da, mədəniyyətin də problemləri öz həllini tapmayacaq. Mən SSRİ dövründə yaradıcılığa başlayan, sovet ideologiyası ilə tərbiyə olunan insanların Yazıçılar Birliyindən asılılığını və bu quruma problemlərinin həlli mərkəzi kimi baxmalarını haradasa başa düşməyə çalışıram. Amma bir çox hallarda daha çox gənclərin, xüsusilə də Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ədəbiyyata gələnlərin AYB-yə yanaşmalarından təəccüblənirəm. Azərbaycanda kitab az oxunur və bu səbəbdən də az satılılır, intellektual mülkiyyətə, xüsusilə də ədəbi intellektual mülkiyyətə bəzən heç kartof qədər də dəyər verilmir. Bu səbəbdən də bəzən pula ehtiyacı olan, maddi çətinliklər ucbatından özünü büruzə verə bilməyən istedadlı şəxslər arxa planda qalırlar. İmkanlı “kartofsatanlar” isə ədəbiyyatın sözün dəyərdən salındığı hissəsində, onların mərhəmətinə, dəstəyinə ehtiyacı olan adamların arasında “meydan sulaylrlar”. Amma onların suladığı meydan ədəbi meydan deyil. Əbədi meydan isə heç deyil. Belələri həmişə olub və olacaq... Azərbaycan dövləti sosial prinsiplərə önəm versə də, mahiyyət etibarilə sosial dövlət deyil. Kapitalizmin öz qanunları var. Sərtdir, bəzən amansızdır, amma ədalətli də ola bilər. Əgər daha öncə qeyd etdiyim kimi, hər kəsə öz potensialını gerçəkləşdirməyə bərabər imkanlar yaradılarsa. Yazıçılar Birliyinə qarşı savaş açmaqdansa, bu qurumun məhdud kisəsindən çıxacaq qəpik-quruşa göz dikməkdənsə, sadaladığım problemlərin aradan qaldırılmasına can atmaq lazımdır.

- Sözdən keçək sözçülüyə. Məgər indiki jurnalistikadan danışmaq sözçülükdən danışmaq deyil?

- Mən kütləvi dəyərləndirməni totalitar düşüncənin məhsulu sayıram. Şübhəsiz, jurnalistikanın problemləri var. Bu barədə uzun-uzadı danışmaq istəmirəm. Çünki bu barədə çox danışmışam və çox yazmışam. Sözçülük də var, əsl söz yaradıcılığı da. Seçim isə oxucunundu. Yetər ki, Azərbaycan oxucusu tənbəlliyin daşını bir kənara atıb zövqlü, intellektual, mütaliəli olmağa can atsın. “Qanuni oğru”larla bağlı informasiyalara deyil, qanunun alililiyi ilə bağlı xəbərlərə üstünlük versin. Öz hüquqlarını öyrənsin. Kəsəsi, bu ölkənin sakinliyindən çıxıb Vətəndaş olmaq istəsin!

- Fikrinizcə, mətbuat nə zaman sözçülükdən Sözə keçəcək.?

- Sözçülük də, söz də hər zaman olacaq. Təkcə Azərbaycanda yox, bütün dünyada. Kütlə sözçülüyü, zövqlü, intellektli insanlar Sözü seçəcəklər. Burada hər şey kimin özünü hansı yerdə görməsindən asılıdı. Seçim yenə oxucunundu...

 - Sonda eşitmək istədiyiniz sual...

- Bütün sualları eşitməyə hazıram. İçimdəki suallara özüm cavab tapmağa çalışıram. Amma bu suallar da, onlara verdiyim cavablar da mənim özümə aiddir. Eşitmək istəmədiyim sual var və təəssüf ki, bu şablon sualı söz və sənət adamlarına tez-tez verirlər. “Siz kimsiniz”, yaxud daha romantik səslənməsi üçün “Elçin Mirzəbəyli kimdir” sualını sevmirəm. Adama deyən gərək, ay bala, ay qardaş, ay bacı, əgər sən mənim kim olduğmu bilmirsənsə, o zaman niyə qızıl kimi vaxtını sərf edib məndən müsahibə götürürsən... Get oxu, araşdır, öyrən, gör kiməm, nəçiyəm və ondan sonra get düşündüyünü yaz da. Daha məndən nə istəyirsən?! Bax belə, əziz dostum... 

Elmin Nuri

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi