Modern.az

“Mən tələbə olarkən...” - Tanınmışların “Diplom işi”

“Mən tələbə olarkən...” - Tanınmışların “Diplom işi”

6 Dekabr 2013, 11:05


Tələbəlik həyatı hər birimiz üçün maraqlıdır. Universitetin sonunda hazırladığımız diplom işi də yəqin ki, yadımızdan heç vaxt çıxmayacaq. Modern.az bir qədər əziyyətli və zaman alan son mərhələ ilə bağlı tanınmış insanları “Diplom işi” rubrikasında danışdırıb.

Müğənni Azər Zeynalov üçün universitet illəri olduqca maraqlı keçib. “3 ali məktəb bitirmişəm. İlk olaraq Mədəniyyət və İncəsənət Universitetində rejissorluq üzrə təhsil almışam. Təhsil aldığım müddətdə müəllimlərim məndən razı qalıblar. Sonuncu kursda, yəni 1989-cu ildə diplom işi hazırladım. Mövzusu Mar Bayciyevin “ Duel” tamaşası idi. Elmi rəhbərim isə Məmmədşah Atayev olub. Bunun üçün Naxçıvana getdim və ayyarım ərzində tamaşanı hazırlaya bildim. Demək olar ki, hər gün Naxçıvan dövlət teatrında məşqlərim olurdu. Bu elə bir iş idi ki, orada hansısa köməklikdən söhbət gedə bilməzdi. Məmmədşah Atayev Naxçıvana gəldi və dövlət imtahanımı qəbul etdi. Naxçıvanlı aktyorlarla birgə tamaşa göstərildi. Sonda müəllimim işimə ən yüksək qiyməti verdi. Bu mənim rejissor kimi aldığım qiymət idi. 1996-cı ildə İtaliya Dövlət Konservatoriyasında, 1997-ci ildə isə Bakı Musiqi Akademiyasında təhsil almışam. Bu universitetlərdə dövlət imtahanlarım kiçik vokal ifalar olub. Müxtəlif klassik bəstəkarların əsərlərindən ibarət konsert hazırlayır, arialar ifa edirdik. Diplom işlərimin hər ikisindən də 5 qiyməti almışam”.

Tarix elmləri doktoru, professor, deputat Musa Qasımlı hazırladığı diplom işindən danışdı. “Mənim üçün təhsil həmişə vacib olub. Orta məktəbi yalnız 5 qiyməti ilə oxumuşam. Ən böyük arzularımdan biri tarixçi olmaq idi. Ona görə də Bakı Dövlət Universitetinin tarix fakültəsinə sənəd verdim. O zaman bəziləri deyirdi ki, tarix fakültəsinə qəbul olmaq çox çətindir. Qrupdan yalnız 2 nəfər “5” aldı. Komissiya sədri özü də əlavə sual verdikdən mənə “5” qiyməti verdilər. Bir daha haqqın, ədalətin olduğuna əmin oldum. Universitetdə oxuduğum vaxtlarda da qiymətlərim yaxşı olub. Ancaq Sovet İttifaqı Kommunist Partiyası tarixindən, etnoqrafiya, ibtidai ictimai quruluşu tarixindən “4” almışam. “Azərbaycan tarixi”ndən də “4 almışdım. Əslində o qiyməti mən almadım, mənə verdilər. Bunu heç vaxt yadımdan çıxarmaram. Diplom işimi isə 1979-cu ildə müdafiə etmişəm. O vaxt sentyabr ayında diplom işlərinin mövzuları kafedrada hazır olurdu. İstədiyimizi seçib aprel ayına qədər ən azı 50 səhifədən ibarət iş hazırlayıb kafedraya təhvil verməli idik. Tələbələr könüllü şəkildə mövzuları seçirdilər. Mövzumun adı ” SSRİ-AFR münasibətləri (1970-ci illər)” adlanırdı. Elmi rəhbərim professor Ruhulla Orucov olub. Diplom işim olduqca maraqlı idi. Xüsusilə SSRİ-AFR münasibətlərində Azərbaycanın iştirakının verilməsi komissiya üzvlərinin marağına səbəb oldu. Yekdilliklə mənim işimi “5” qiyməti ilə qiymətləndirdilər. Diplom işimdən bəlkə də sonralar da istifadə olundu. Ancaq bundan xəbərim olmadı. Universiteti fərqlənmə ilə bitirdiyim üçün 2 il staj olmadan aspiranturaya qəbul olmaq haqda elmi şuranın qərarı verildi. Lakin həmin il sənəd verə bilmədim. Kənddə müəllim işlədim. İlk olaraq valideynlərimdə, sonra isə müəllimlərimdə gördüyüm ədaləti unutmamağa çalışmışam”.


Az.News.az-ın baş redaktoru Elçin Zahiroğlu da universitet illərini belə yada saldı. “Hər kəs kimi mənim üçün də universitet təhsilinin son iki ili olduqca maraqsız keçib. Bakı Slavyan Universitetini  filologiya fakültəsində oxumuşam. Dərslərə marağım itmişdi. Təhsilimin sonunda, 2006-ci ildə diplom işi hazırlamalı idim. Bunun üçün elmi rəhbərimlə məsləhətləşdik. Onun təklifi oldu ki, Sabir Rüstəmxanlının yaradıcılığı ilə bağlı iş yazım. Mən də sevə-sevə diplom işini hazırladım. Sabir Rüstəmxanlı yaxın qohumum olduğu üçün diplom işini hazırlamaq mənim üçün asan oldu. Bunun üçün bir dəfə Sabir Rüstəmxanlının, iki dəfə isə elmi rəhbərimin evində oldum. Elmi rəhbərim professor Flora xanım olduqca maraqlı insan, eyni zamanda Sabir Rüstəmxanlının yaradıcılığını bütün detallarını bilən biri idi. Diplom işimin müdafiəsi həm elmi rəhbərim, həm də digər müəllimlər tərəfindən bəyənildi.


Ulduz İbrahimova

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır