Modern.az xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində zorakılığa məruz qalmış uşaqların mediada işıqlandırılması ilə bağlı tədbir keçirilib. Tədbirdə “Ümidli Gələcək” Gənclər Təşkilatının (ÜGGT) sədri Kəmalə Aşumova, “Hüquq Dünyası” təşkilatının rəhbəri Nazir Quliyev, deputat Etibar Hüseynov, jurnalist Nərgiz Cəlilova, psixoloq Zülfiyyə Əsgərova, hüquqşünas Yusif Yəhyayev, Mətbuat Şurasının nümayəndəsi Müşfiq Əsgərli iştirak ediblər.
Tədbir zamanı zorakılığa məruz qalmış uşaqlara dair video çarx göstərilib. ÜGGT-nin sədri Kəmalə Aşumova mətbuat və televiziyadan şikayətlənib. “ Prezidentimiz uşaq problemlərinə diqqətlə yanaşır. Sosial təhlükə yaşayan uşaqların talelərinə vurulan zərbə onları cəmiyyətə adaptasiya etmir. Əksinə, onları cəmiyyətdən təcrid edir. Biz media ilə birgə əl-ələ verib bu problemləri həll etməliyik. Uşaqların üzərində şou yaratmaq lazım deyil”.Deputat Etibar Hüseynov bildirib ki, bəzi televiziya kanallarında verilişlərin reytinqini yüksəltmək üçün günahsız uşaqların gələcəyi məhv olur. “Bir çox verilişlərdə uşaqların yanında valideyn öz həyat yoldaşını təhqir edir. Bu cür hallara yol vermək lazım deyil. Reytinqimizin xətrinə o uşaqları şikəst edirik. Bu məqamlara diqqət etməliyik. Medianın da duyarlı olması vacibdir”.
Ulduz İBRAHİMOVA