“İslam Partiyasının fəaliyyətini zəif kimi qiymətləndirməzdim. Hər kəsin fəaliyyəti şəraitinə uyğundur. Təbii ki, fəaliyyət üçün çoxlu amillər lazımdır. Yəni bunlar partiyanın fəallığı ilə ölçülmür. Cəmiyyət buna hazır olmalıdır, maddi dəstək də əsas amillərdən biridir. Bu amillərin hamısı gərək cəm halında ola”. Bunu Modern.az-a İslam Partiyasının sədr əvəzi Elçin Manafov deyib. O, İslam Partiyasının fəaliyyətindən danışarkən deyib ki, ərəb ölkələrində olan İslami cəmiyyət Azərbaycanda yoxdur: “Bizim cəmiyyətdə gərək çoxlu maarif işləri görülə. Dəfələrlə demişik, hər bir siyasi partiyanın məqsədi hakimiyyətə gəlməkdir. İslam Partiyası da siyasi partiyadır və fəaliyyətimiz üçün cəmiyyətin dəstəyi olmalıdır. Ərəb ölkələrində “İslam Partiyası” adı qəribə səslənmir. Bizdə isə ərəb ölkələrində olduğu kimi qarşılanmır. İnsanların İslama axını olmalıdır, nəinki siyasi proseslərə. Siyasi məsələlər sonrakı məsələdir. Azərbaycanda nə qədər İslama qayıdış var? Mühüm amil budur. Şükürlər olsun, ölkədə dinə maraq getdikcə artır”.
E. Manafov ölkədə dindarların sıxışdırıldığını qeyd edib: “Bəzən müəyyən məmurlar tərəfindən məhdudiyyətlər yaranır. Məsələn, məscidlərin sökülməsi, dindarların həbsi, hicaba qadağa kimi məsələlər islam aləminə narahatlıq gətirir. Amma yenə də insanların İslama marağı böyükdür, axı əhali müsəlmandır. Bunun qarşısını heç cür almaq mümkün deyil. Perspektivlər böyükdür. İstədiyimiz şərait olmasa da, hələ ki ümidliyik, insanlar İslami dəyərlərə sahib çıxacaqlar”.
İlkin PİRƏLİ