Modern.az

Lerikdə icra başçısı məscidi sökür - Yenilənib

Lerikdə icra başçısı məscidi sökür - Yenilənib

6 Dekabr 2013, 16:04


Lerik rayonunun Peştətük kənd sakinləri öz şəxsi hesablarına tikdikləri məscidin Lerik rayon icra başçısı Rövşən Bağırovun sərəncamı ilə sökülməsinə etirazlarını bildirirlər.

Kəns sakinləri adından “Qafqazinfo”ya göndərilən şikayət məktubunda qeyd olunur ki, Peştətük kəndində uzun illərdir məscidin olmamasını nəzərə alan sakinlər üç il əvvəl öz hesablarına kənd bələdiyyəsindən torpaq sahəsi alıblar:

“Kənd ağsaqqalları üç il bundan qabaq Peştətükdə həm kənd sakinlərinin, həm də turist qismində buraya axışıb, gələn müsəlmanların ibadət etmələri üçün kəndin mərkəzində, heç kimə mane olmayan bir yerdə məscid tikmək qərarına gəldilər.Bu məqsədlə əlaqədar sakinlər kənd bələdiyyəsindən müvafiq torpaq sahəsi almış və tikintinin başlanması üçün bir neçə dəfə Lerik rayon İcra Hakimiyyətinə müraciət ediblər. Lakin, bu müraciətlərdən xeyli müddət keçməsinə baxmayaraq, Lerik rayon İH məscidin tikintisinə icazə ilə bağlı Azərbaycan Respublikası Dini İşlər üzrə Dövlət Komitəsinə müraciət  etməyərək, kənd sakinlərinin qanuni istəklərinin reallaşmasına kömək etmək əvəzinə bilə-bilə maneələr törədib.

 Belə ki, Peştətük kənd əhalisi şəxsi vəsaitləri hesabına 3 il bundan əvvəl aldıqları xeyli miqdarda tikinti materallarının yağış və qar altında xarab olduğuna görə, onlar bələdiyyədən aldıqları yertdə məscidin tikintisinə başlamaq məcburiyyətində qalıblar”.

Sakinlər bildirirlər ki, Lerik rayon İH başçısı Rövşən Bağırov məscidin tikintisinin başa çatmasına az qalmış onun sökülməsinə əmr verib. Peştətük kənd sakinləri isə məscidin sökülməməsi xahişi ilə Lerik rayon İH başçısı R. Bağırovun qəbulunda olsalar da, o, fikrindən dönməyib  və qəti surətdə tikilinin sökülməsinə sərəncam verib. 

Hazırda Peştətük kənd sakinləri dini özünü ifadə ilə bağlı Konstitusiyasında təsbit olunmuş vətəndaş hüquqlarının pozulmasına görə çox narahatdırlar. 

Onlar Peştətük kəndinin məscidinin sökülməməsi ilə bağlı həm Prezidenti İlham Əliyevdən, həm də Qafqaz Müsəlmanlarının Şeyxülislamı hacı Allahşükür Paşazadədən kömək istəyirlər.

***

Lerik Rayon İcra Hakimiyyəti başçısı yanında Dini işlər üzrə komissiyanın katibi Əlipənah Bayramov "Qafqazinfo"ya bu məsələ ilə əlaqədar cavab verib:

“Məlumat üçün bildiririk ki, 03 dekabr 2013-cü il tarixdən Lerik Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olan Peştətük kənd sakinləri Ağaverdiyev Xanhüseyn və Əhədov Bahadır kənddə məscid tikintisi ilə bağlı müraciət etmişlər. Rayon icra hakimiyyətinin başçısı onlara bildirib ki, vətəndaşların məscid tikintisi üçün nəzərdə tutduqları yer Peştətük kənd məktəbinin sahəsidir. Kənd məktəbinin binası qəza vəziyyətinə düşdüyü üçün məktəb rayon istehlak cəmiyyətinə məxsus binada fəaliyyət göstərir. Həmin sahədə gələcəkdə kənd məktəbi üçün yeni binanın tikintisi nəzərdə tutulub.

Bundan əlavə onlara izah edilib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin 11-ci abzasında nəzərdə tutulmuş dini ibadət yerinin tikintisi və mövcud dini ibadət yerinin yenidən qurulması məqsədəuyğunluğu barədə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən rəyin verilməsi qaydaları müəyyən edilib. Öncə məscid tikmək istəyən fiziki və hüquqi şəxslər rəy almaqdan ötrü DQİDK-nə ərizə ilə müraciət etməlidirlər.

Mövcud təlimata əsasən dini ibadət yerinin tikintisi və ya bərpası ilə əlaqədar müraciət edən fiziki və ya hüquqi şəxslər aşağıdakı sənədləri hazırladıqdan sonra razılıq üçün müvafiq dövlət orqanına təqdim etməlidir.

* ərizəçi fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyət vəsiqəsinin surəti;

* ərizəçi vergi ödəyicisi olan fiziki şəxs olduqda vergi orqanlarında uçota alınmasını təsdiq edən sənədin surəti;

* tikilən dini ibadət yerinin tikintisi üçün ayrılmış torpaq sahəsinin müvafiq sənədi;

* obyektin planı, inşaat pasportu, görüləcək işlərə dair çertyojlar, layihə-smeta sənədləri, mühəndis-kommunikasiya xətlərinə qoşulmanın şərtləri;

* dini ibadət yerinin tikintisinin maliyyə mənbələri haqqında məlumat;

Bütün bu şərtlər “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasını (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğu barədə rəy verilməsi haqqında” Təlimata əsasən olmalıdır. Təlimatın tələblərinə uyğun olaraq qeyd olunan sənədlər toplandıqdan sonra dini obyektin tikintisi və ya bərpasına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yaradılmış Şurada baxılır və müvafiq qərar verilir. Göründüyü kimi, Peştətük kənd sakinləri Qanunun tələbinə məhəl qoymadan məktəb binasının yerində qanunsuz tikinti işlərinin aparılmasına cəhd göstərmişlər. Yalnız yerli icra nümayəndəsinin müdaxiləsindən sonra onlar rayon icra hakimiyyətinə müraciət etmiş və rayon icra hakimiyyəti tərəfindən Qanunun tələbləri onlara izah edilib.


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır