Azərbaycanın 105.0 FM radiosunda “ Sözün məsuliyyəti” adlı yeni bir veriliş hazırlanır. Verilişin ideya müəllifi Milli Məclisin deputatı Hadı Rəcəblidir.
Verilişin aparıcısı, Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Sitarə İsmayılqızı “Sözün məsuliyyəti” haqqında Modern.az-a məlumat verərkən bildirib ki, mövzular qələm, söz, fikirlərin ifadəsi, tolerantlıq, mətbuatımızın tarixindən müasir dövrə qədər olan proseslər haqqında mövzulara toxunulur.
“Artıq verilişin 14 buraxılışı gedib və burda 237 nəfər iştirak edib. Rəşad Məcid, Telli Pənahqızı, İntiqam Mehdizadə, deputat Rəbiyyət Aslanova, Mətbuat Şurasının sədr müavini Qafar Cəbiyev, jurnalist Elşad Eyvazlı kimi tanınmış insanlar proqramda olublar”.
Sitarə İsmayılqızı deyib meydana atılanlar çox olsa da, peşəkar mətbuatda peşəkar jurnalistlər olduqca azdır.
“Səviyyəmizdən asılı olmayaraq, etika anlayışını peşəmizdə təsdiq etməliyik. Cəmiyyətin siması, aparıcı yükü mətbuat işçilərinin boynuna düşdüyünə görə, bunu birinci növbədə jurnalistlər yaxşı bilməlidirlər”.
Sitarə İsmayılqızınıən sözlərinə görə, “Sözün məsuliyyəti” ayda 2 dəfə orijinal, 2 dəfə isə təkrar olaraq yayımlanır. “Növbəti mövzumuz kiber kütləvi informasiya vasitələri ilə bağlı idi. Bununla əlaqədar Elşad Eyvazlı, Rəbiyyət Aslanova bu sahədə olan bəzi çatışmazlıqları, bəzi uğurları, informasiyanın kütləviliyi, operativliyi baxımından internetin yeri və rolu haqqında əsaslı danışıblar. Eyni zamanda anonim, etikadan, məzmundankənar şərhlərin yazılması, informasiyanın oğurlanması və istinadsız verilməsi haqda da şikayətlərini bildiriblər. Elşad Eyvazlı qeyd etdi ki, bəzi saytlarda gedən səhvlərə düzəliş verilmir. Əslində o informasiya ən az 100 nəfər oxunur. Deputat Hadı Rəcəbli isə veriliş zamanı saytların çoxluğundan danışdı. Dedi ki, biz internet kütləvi informasiya vasitələrinə məhkumuq, buna öyrəşməliyik. Bir vaxtlar qəzetlərin sayı çox idi. Ancaq bir müddət sonra onların bəziləri ixtisara düşdü. Saytlarda da bu aqibət gözlənilir. Oxunmayan saytlar yavaş-yavaş ixtisara düşəcək”.
Aparıcının dediyinə görə, veriliş zamanı dinləyicilərin də sualları cavablandırılır. “Gələcəkdə bölgələrdə jurnalistlərin maariflənməsi məsələsi də nəzərdə tutulur”.
Ulduz İBRAHİMOVA