Lerik rayonunun Peştətük kəndinin sakinləri bu gün mətbuata Lerik rayon İH başçısı Rövşən Rzayevin tapşırığı ilə məscid binasının sökülməsi barədə xəbər yayıblar. Lerik rayonundan seçilən millət vəkili İqbal Məmmədov isə Modern.az-a açıqlamasında söylənilənlərin yalan olduğunu dedi.
“Peştətük kəndində məscid olmayıb. Sadəcə, sonuncu dəfə sentyabr ayında güclü yağışlar yağandan sonra, məktəbin bir hisəsi uçub. Həmin məktəb uçulanda mən də orda idim. Hətta biz orda iki sinfi boş mağaza vardı, ora yerləşdirdik. Məktəbdə dərslərin keçirilməsinin qeyri-mümkün olması haqqında Təhsil Nazirliyinə və Nazirlər Kabinetinə müraciət elədik ki, gələn ilin planına burda məktəb tikilişi də salınsın”.
Deputat kənddə məktəbin yerində məscid tikintisi məsələsinə belə aydınlıq gətirib:
“Sakinlər məktəbin uçulan hissəsinin yerini hamarlayıblar. Daha doğrusu, icra başçısı məzuniyyətdə olanda sakinlər bünövrə töküb məscid tikmək istəyiblər. İcra Hakimiyyəti də məsələdən xəbər tutandan sonra tikintini saxlayıb ki, burda məktəb tikiləcək. Belə olmaz axı! Məktəbin uçulan hissəsini götürüb məscid tikmək istəyiblər. Bu adamlar icra başçısının qəbulunda da olublar. İcra başçısı deyib ki, məscid tikmək istəyirsinizsə, Dini Komitədən icazə alınmalıdır, kəndin başqa tərəfində o da daxili imkanlar hesabına tikintiyə kömək edə bilər. Dağılan məktəbin yerində isə nəzərdə tutulub ki, yayda təhsil ocağı tikiləcək. Onunla əlaqədar bu özbaşına tikintiyə icazə verilməyib. Qanunsuz olduğu üçün tikinti dayandırılıb. Bununla əlaqədar bu günlərdə Prezident Administrasiyasına da, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də xəbər veriblər ki, bəs belə bir məsələ var. Qanunları bilirsiniz ki, özbaşına məscid tikilmir. Sakinlər istəyiblər məktəbin yerində məscid tiksinlər. İcra başçısı deyir “mən onlara söyləmişəm ki, kəndin başqa bir yerində məscid tikməyə yardım edəcəm, amma Dini Komitədən bununla bağlı kağız istəyirəm”. Kim istəməz ki, kənddə məscid tikilsin. Sadəcə, yeri düzgün seçməyiblər. Peştətük kəndi 20-30 evdən ibarətdi”-deyə millət vəkili deyib.
Namidə BİNGÖL