Modern.az

İran Zəngəzur dəhlizi ilə bağlı cığallıq edir, Rusiya isə...

İran Zəngəzur dəhlizi ilə bağlı cığallıq edir, Rusiya isə...

Analitika

10 Sentyabr 2024, 13:40

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra Zəngəzur dəhlizi ilə bağlı məsələ daha intensiv şəkildə gündəmə gəlməyə başlayıb. Lakin bir-biri ilə demək olar ki, bütün məsələlərdə anlaşan İranla Rusiyanın bu mövzuda maraqları toqquşur.

 

İran rəsmiləri çıxışları zamanı yenə də Zəngəzur dəhlizinin açılmasını sərhədlərin dəyişilməsi kimi şərh edir və bunun "qırmızı xətt" olduğunu qeyd edir. Hətta Zəngəzur dəhlizini NATO dəhlizi kimi qiymətləndirənlər var.

 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi destruktiv və təxribatçıdır:

 

“Zəngəzur dəhlizi məsələsi Azərbaycanla Ermənistanın daxili məsələsidir və bunun  üçüncü ölkə olan İrana heç bir aidiyyəti yoxdur. Sərhədlərin bağlanmasından söhbət gedə bilməz. Bu dəhlizin "NATO dəhlizi" adlandırılmasının özü riyakarlıqdır. İran, doğrudan da, NATO və Qərbə belə ciddi şəkildə  müxalifdirsə, niyə Ermənistanda yerləşən, faktiki olaraq, NATO missiyasına çevrilən Avropa İttifaqının  mülki adlandırılan casuslardan ibarət missiyası ilə bağlı hər hansı fikir bu günə qədər bəyan etməyib? İran Qərbə qarşı,doğrudan da, bu qədər sərt dayanıbsa, ABŞ və Fransa hərbçilərinin erməni hərbçilərlə mütəmadi təlimlərinə niyə göz yumur, niyə NATO ölkələri olan ABŞ və  Fransadan Ermənistanın silah almasına susur? Belə olan halda, necə olur ki, Zəngəzur dəhlizi İranın qırmızı xətti olur? Buranın NATO dəhlizi adlandırılmasının heç bir əsası yoxdur. 2020-ci  il 10 noyabr bəyanatına görə Zəngəzur dəhlizi açılmalı və ora nəzarəti Rusiya həyata keçirməlidir. Rusiya NATO üzvü  deyil ki. Əksinə bu gün faktiki olaraq, Rusiya NATO ilə müharibə aparan ölkədir”.

Oqtay Qasımov vurğulayıb ki, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin bir neçə səbəbləri var:

 

“Birinci səbəb odur ki, İran Rusiya Prezidentinin Bakıya səfəri və burada Zəngəzur dəhlizi ilə bağlı səsləndirilən fikirlərə reaksiya verir. Bu məsələdə Rusiyaya qarşı çıxmaqla, biraz da Qərbdən dəstək almağa, onunla münasibətləri normallaşdırmağa çalışır. Digər yandan İran Zəngəzur dəhlizi açılacağı təqdirdə, layihədən kənarda qalmaq istəmir. İlk növbədə pay götürmək istəyir. Mümkün olarsa, Ermənistan ərazisindən o dəhlizin keçməməsinə, hazırda İran ərazisində inşa olunan Araz vadisi yolundan istifadəyə çalışır. Bu da İrana həm iqtisadi, həm də siyasi dvidentlər verə bilər. Bu dəhliz işə düşdükdən sonra oradana 10 milyonlarla ton yüklərin daşınacağını, 100 minlərlə avtomobil və insanların hərəkət edəcəyini nəzərə alsaq, ortada böyük maliyyə vəsaitləri  olacaq deyə bilərik. İkinci və əsas məsələ isə siyasidir. İran məhz bu dəhlizi nəzarətə götürməyə çalışır. Bununla da, lazım gələndə ondan siyasi təzyiq vasitəsi kimi istifadə etmək istəyir. İranın bütün dərdi, azarı Zəngəzur dəhlizi ilə bağlı deyil. Bu dəhlizin işə düşməsi Azərbaycanla Türkiyə arasında birbaşa quru əlaqəsinin yaranması deməkdir. İran bunu heç cür arzulamır və istəmir. Mümkün qədər buna mane olmaq istəyirlər. İranlı rəsmilər artıq bunu gizlətmədən dilə gətirirlər. Yəni İran Türkiyə ilə Azərbaycanın, eləcə də orta asiya ölkələrinin əlaqələrinin güclənməsindən qorxduğu üçün belə isterikaya düşüb”.

 

Politoloq Natiq Miri isə Rusiyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələni intensivləşdirməsinin səbəblərindən danışıb:

 

“Rusiya Zəngəzur dəhlizi ilə bağlı mövqeyini 2020-ci il 10 noyabr bəyanatına istinad edir. Bu məsələdə Rusiya haqlıdır. Çünki hər üç dövlət başçısının bu sənəddə konkret öhdəliklər götürdüklərinə dair imzaları var. Ona görə Rusiya hələ də bu öhdəlikdən, imzadan vaz keçmədiyini ortaya qoyur və bunu tərəflərdən tələb edir. Digər yandan Zəngəzur dəhlizi Rusiyanın maraqları, şimal qonşumuzun Cənubi Qafqazda Qərblə qarşıdurması kontekstində düşünülməlidir. Çünki getdikcə Qərb dünyası, xüsusilə ABŞ Ermənistanda  yerləşməyə və güclənməyə davam edir. Əgər güclərdən biri Ermənistanda möhkəmlənirsə,  bu ölkədə var olan digər güc tədricən mövqelərini itirməkdədir. Çünki Ermənistan bütün sahələr üzrə təhlükəsizliyini təmin etdiyini düşündüyü anda Rusiyanın Ermənistandan sıxışdırılıb çıxarılması prosesinə rəvac verəcək. Çünki Ermənistanın xarici siyasətinin prioriteti, əsas hədəfi Qərbə inteqrasiya və Avropa Birliyi Təşkilatına bərabərhüquqlu üzv olmaq istəyidir. Ermənistan rəhbərliyi bunu gizlətmir. Sadəcə bu gün məsələlərə daha ehtiyyatlı, etinalı yanaşmaqla Rusiyanın qəzəblənməyinə səbəb vermək istəmirlər. Rusiya da  Azərbaycanla Ermənistana arasında açılacaq kommunikasiyalara nəzarəti təmin etməklə özünün regionda varlığını uzatmaq və təsdiq etmək istəyir. Rusiya Zəngəzur dəhlizinə nəzarət etməklə regionda qalmaq istəyir. Rusiyanın aktivləşməsi təxminən bu kontekstdədir. Əlbəttə, Rusiya anlayır ki, Zəngəzur dəhlizinə Qərb nəzarət edərsə ,bu, şimal qonşumuzun Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması üçün ciddi addım olacaq”.

N.Miri söyləyib ki, dəhlizlə bağlı əsas cığallıq edən tərəf İrandır:

 

“Rusiya ilə İranın Zəngəzur dəhlizi məsələsinə görə aralarında anlaşılmazlıqlar var. Burada əsas cığallığı edən İrandır. İran böyük hay-küy çıxarmaqla özünün də regionda varlığını və maraqlarının olduğunu bəyan etmək istəyir. Bu baxımdan həm Qərbdən, həm də Rusiyadan müəyyən güzəştlər əldə etmək istəyir. Dolayısı ilə "mən də burada varam, imkan vermərəm deməklə", güc mərkəzlərinə nəsə vermədən, onlardan nəsə almağa çalışır. Çünki bu cür açıqlamalar İranın boyunu aşır. İstər Azərbaycan-Rusiya-Ermənistan, istərsə də, Azərbaycan-Qərb-Ermənistan kontekstində qərarlar verilərsə və Zəngəzur dəhlizi açılarsa, İranın nəsə etmək imkanı sıfıra enir. Buna görə də nəsə vermədən, nəsə almağa çalışır. Türk düşmənliyindən tutmuş, Turan dəhlizinin qarşısını almaq, Azərbaycan,Ermənistan və Türkiyəyə öz nəzarət və təzyiq imkanlarını saxlamaqdan tutmuş bir çox məsələlər var. İran dolayısı ilə bütün tranzit yollarının öz ərazisindən keçməsini istəyir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər