Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da parlamentarilər cəmiyyətin əksər və fərqli spektrlərini əhatə edir. Fərqli insanların öz işlərinə yanaşma tərsi də fərqli olur. Örnəyi odur ki, bəzi deputatlar Milli Məclisdə iş otaqlarının qapısını bir dəfə açıb içəri girməyiblər.
Elə deputatlar var ki, əksinə, bütün günü iş otaqlarında olurlar. Maraq doğuran məsələ deputatların iş rejiminin necə olmasıdır. Bununla bağlı Modern.az-a açıqlama verən parlamentin İntizam Komissiyasının sədri Siyavuş Novruzov deyib ki, millət vəkillərinin iş rejimini normal qiymətləndirir.
YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deputatların iş rejiminin necə olması barədə məsələyə əd aydınlıq gətirib:
“Milli Məclisdə əsas iş qanunvericilikdir. Qanunvericiliklə bağlı yalnız Milli Məclisdə deyil, başqa institutlarda da təşəbbüslər irəli sürülə bilər. Deputatlar da orada iştirak edirlər. Burda söhbət ondan getmir ki, Milli Məclisin deputatı səhər saat 9-dan axşam saat 6-ya qədər parlamentin binasında oturmalıdır. Ayri-ayrı hüquqi institutlar var. Öz siyasi təşkilatı ilə bir yerdə müxtəlif qanunların hazırlanmasında iştirak edir. Seçicilərin hansısa təşəbbüsü varsa, onunla görüşür. Müxtəlif narahatçılıq doğuran problemlər var ki, tək qanunvericliklə bu iş bitmir. Onunla bağlı ayrı-ayrı strukturlara müraciətlər hazırlayır. Yəni bu proses hər bir dairənin özlüyündə gedir. İndi deputatların hər bir dairədə köməkçiləri fəaliyyət göstərir. Bu köməkçilər də deputata ünvanlanmış müraciətləri toplayır, onları qaydaya salır və deputata təqdim edir. Bundan başqa həmin köməkçilər də ildə iki dəfədən az olmayaraq öz işləri barədə hesabat verirlər”.
Deputat Milli Məclisdə vaxtaşırı keçirdikləri monitorinqlərə də toxunub: “Hər il yaz-payız sessiyasının sonunda ümumilikdə İntizam Komissiyası Milli Məclisin davamiyyəti ilə, orda olan müraciətlərlə və digər məsələlərlə bağlı monitorinqlər aparır. O monitorinqlər birinci növbədə davamiyyətlə bağlıdır. Milli Məclisin deputatlarının sessiyalarda iştirakı məsələsidir. İkincisi, iş dövründə onların fəaliyyəti məsələsi. Monitorinqin üçüncü istiqməti isə Milli Məclisin üzvləri ilə bağlı müraciətlərdir. Seçici ilə ünsiyyət, seçici ilə görüşləri ilə əlaqədar məsələlərdir. Qeyd edim ki, bu günə qədər bizdə bu saydığım istiqamətlərdə deputatların fəaliyyəti normal qaydada həyata keçirilir. Digər iki istiqamət qanunvericilik prosesində müzakirələrdə fəal iştirak və qanunvericilik təşəbbüsüdür. Hər bir deputat qanunvericilik təşəbbüsü ilə Milli Məclisin fəaliyyətində aktiv iştirak edir. Ola bilər ki, kimlərsə çıxış etməyib, amma qanuların hazırlanmasında yaxından iştirak edirlər. Yazırlar, təqdim edirlər, seçicilərlə çox aktiv şəkildə görüşürlər. Bu baxımdan hələlik bu günə qədər ciddi problemimiz olmayıb”.
Deputatların davranış məsələlərinə gəlincə, Siyavuş Novruzov deyib ki, İntizam Komissiyasının sədri olduğu vaxtdan bu günə qədər Milli Məclisin iclaslarında etik davranış qaydalarının pozulması, həddindən artıq etikadan kənar ifadələrin işlədilməsi hallarına rast gəlinməyib:
“Amma vaxtilə Milli Məclisdə belə hallar olub”. Siyavuş Novruzov bəzi deputatların qeyri-aktiv iş rejimində fəaliyyət göstərməsinə də münasibət bildirib:
“Demək olmaz ki, onlar öz iş otaqlarında olmayıblar. Axı bunu heç kəs müəyənləşdirə bilməz. Ola bilər kimsə görməyib. Deputatların gəlib-getmə vaxtını kimsə dəqiq deyə bilməz. Yenə deyirəm, dəqiq qoyulmuş vaxt yoxdu ki, deputat neçəyə qədər Milli Məclisdə olmalıdır”.
Namidə BİNGÖL